Məhəmməd Əsədullazadə: “Hər iki şəxs sadəcə manipulyasiya etməklə, Moskvadan təhlükəsizliklə bağlı qarantiya almaq istəyir”
"Erməni marağı" mərkəzi tərəfindən "Ermənistan və Rusiya: reallıqlar, problemlər və imkanlar" mövzusunda elmi konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd ikitərəfli əlaqələrin əsas problemlərini aradan qaldırmaq üçün tövsiyələr hazırlamaq, həmçinin, Ermənistan və Rusiya arasında siyasi, iqtisadi və sosial-mədəni dialoqun gücləndirilməsi üçün tərəflərin imkanlarını müəyyən etməkdir.
Bu arada Ermənistan prezidenti Armen Sarkisyan konfrans iştirakçılarını qəbul edib. Onlar Primakov adına RAS Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun Mərkəzi Asiya və Əfqanıstan Mərkəzinin baş elmi işçisi Stanislav İvanov, Beynəlxalq Təhlükəsizlik İnstitutunun aparıcı tədqiqatçısı Leonid Qusev və “Gorchakov Fondu”nun eksperti Sergey Markedonov olub.
Onlarla görüşündə Ermənistan prezidenti A.Sarkisyan bildirib ki, hər iki ölkə üçün ikitərəfli əməkdaşlıq vacibdir: "Belə forumların keçirilməsi iki tərəfin hərbi-siyasi əməkdaşlığını dərinləşdirmək niyyətini təsdiqləyir. Bizim ikitərəfli əməkdaşlığımız həm Yerevan, həm də Moskva üçün vacibdir və tərəflərin ikitərəfli formatlarla məhdudlaşmaması vacibdir".
Eyni zamanda, prezident mövcud əməkdaşlıq səviyyəsindən razı qalmadığını və onu dərinləşdirmək yollarını axtardığını qeyd edib.
Ermənistanda belə bir tədbirin keçirilməsi iki məqam baxımından diqqəti cəlb edir. Birincisi, bu günlərdə Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə işğaldan azad olunan Cocuq Mərcanlı kəndində tədbir keçirildi. Rusiyanın tanınmış adamları hətta Lələtəpə yüksəkliyinə gedib əsgərlərlə görüşdülər. İndi belə bir tədbiri Ermənistanda keçirməklə, bir növ, Azərbaycanda keçirilən tədbirə cavab vermək istəyirlər. İkincisi, A.Sarkisyanın konfrans iştirakçılarını qəbul etməsi Ermənistan hakimiyyətində yaranan ikitirəliyin göstəricisi sayıla bilər. O mənada ki, baş nazir Nikol Paşinyan qərbpərəstdir, prezident isə Rusiyapərəst. Bu baxımdan sözügedən məsələni ekspertlər necə şərh edirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: “Rusiyanın ictimai-siyasi xadimlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri və Lələtəpə ətrafında keçirdikləri forum Ermənistanda şok effekti yaradıb. Ermənilər həqiqətən belə bir forumda səslənən fikirlərdən çox narahatdırlar. Aleksandr Dugin, Maksim Şevçenko kimi rus ictimai fikrinə təsir edən şəxslərin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti mövqeləri Rusiya-Azərbaycan ictimai əlaqələrinin inkişafına təkan verməklə yanaşı, Kremlin siyasi mövqeyi kimi də burada çıxışlarda vurğulandı. Təbii ki, Rusiyanın bu mövqeyi vassalı olan Ermənistanı narahat etdi. Həmçinin, ermənilərdə ruslara qarşı bir küskünlük yaradıb. Rusiya görür ki, hazırda baş nazir N.Paşinyanın yürütdüyü siyasət Rusiyanın maraqlarına qarşı yönəlib. Ona görə də artıq Moskva anlayır ki, rəsmi İrəvanın siyasi kursu Kreml üçün bu gün təhlükəli prosesdir. Ermənistan prezidenti A.Sarkisyanın keçirdiyi forum sönük və heç bir ictimai-siyasi perspektivi olmayan bir tədbir idi. Sadəcə, göstərmək istəyirlər ki, ruslar heç də mövqelərində dəyişiklik etməyiblər və onlar Ermənistanın yanındadır. Bundan əlavə, A.Sarkisyanın bu siyasəti riyakarlıqdır. Serj onu prezident etdi ki, özü Moskvapərəst olacaq, Armen də Qərbpərəst. Nəticədə balans yaranacaq. İndi isə Paşinyan da qatı Qərbpərəstdir. İki liderin Qərbpərəst olması, görünür, prezidentin dönüş etməsinə səbəb olub. A.Sarkisyan bununla guya Rusiyapərəst olmasını formal da olsa göstərmək istəyir. Hesab edirəm ki, həm prezident, həm də baş nazirin siyasəti birbaşa anti-Rusiya mövqeyi üzərində qurulub və onların bu reveransları uğursuz bir siyasi gedişdən ibarətdir. A.Sarkisyana və N.Paşinyana Moskvada etimad göstərmirlər. Hər iki şəxs sadəcə manipulyasiya etməklə, Moskvadan təhlükəsizliklə bağlı qarantiya almaq istəyirlər. Ancaq Kremlin bundan sonra Ermənistanla bağlı siyasi limiti bitmək üzrə olacaq. Əgər Ermənistanda parlament seçkilərində Paşinyanın partiyası qələbə çalarsa, Rusiya-Ermənistan əlaqələrində çat yaranacaq”.
Vidadi ORDAHALLI