Azər Həsrət: “Bundan kənarda qalanlar isə bir özlərinə baxsınlar”
Prezidentin mediayaya göstərdiyi maliyyə dəstəyindən narahat olan bəzi uğursuz media təmsilçiləri müxtəlif vasitələrlə bu işi qaralamağa, gözdən salmağa çalışırlar. Xarici dairələrin maliyyələşdirdiyi media vasitələrinə açıqlama verən həmin şəxslər bu siyasətə yönəlik əsassız kampaniya aparırlar.
İddia edirlər ki, guya bununla bağlı vəsait ayrılsa da, hansısa iş görülmür, ortada nəticə yoxdur. Dövlətin maliyyə yardımının guya müsbət nəticələr vermədiyi, hətta ziyanlı rol oynadığı barədə yanlış rəy yaratmağa çalışırlar. Halbuki, onların bu “arqumentlərinin” heç bir tutarlı əsası yoxdur. Bunu həmin dairələr özləri də yaxşı bilirlər. Çünki ötən illər ərzində dövlətin mətbuata göstərdiyi qayğı nəticəsində bir sıra işlər görülüb, uğurlu media layihələri həyata keçirilib. Ən başlıcası da odur ki, dövlətin göstərdiyi qayğı sayəsində media təmsilçilərinin maddi vəziyyəti, sosial şəraiti yaxşılaşıb. Bunun sahəsində onların bir sıra maddi problemləri öz həllini tapıb. Ona görə də dövlətin mediaya göstərdiyi yardımlara qarşı çıxanları mətbuat çevrəsi və cəmiyyət çox yaxşı tanıyır. Belə təbliğatla məşğul olanların kimliyini yaxşı bilir. Bunlar o şəxslərdir ki, bir zamanlar demokratiya, söz və mətbuat azadlığının qorunması adı altında xaricdən böyük həcmdə qrantlar alıb onu mənimsəyirdilər. İndi onların dövlətin mətbuata göstərdiyi qayğıya qarşı çıxmaları gülünc görünür.
Ekspertlər birmənalı hesab edirlər ki, bu dairələr özlərini Azərbaycan media ailəsinin üzvü saysalar da, əslində, heç bir halda milli mətbuatımızın təəssübünü çəkmirlər, əksinə, ona düşməncəsinə mövqe tuturlar.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Azər Həsrətin sözlərinə görə, belələrinin mənəvi haqqı yoxdur ki, bu cür təbliğatla məşğul olsunlar: “Əvvəla, başda Prezident İlham Əliyev olmaqla, dövlət istəyir ki, normal media formalaşsın, ayaqda dursun. Eyni zamanda, bu media azad olmaqla bərabər, Azərbaycan dövlətinin milli maraqlarını daim dəstəkləsin və onların arxasında dursun. O üzdən, dövlət bunun üçün medianın güclü olmasının qayğısına qalır. Təbii ki, o yardımlar ayrılarkən bu faktorlar nəzərə alınır. Yəni milli maraqlara xidmət edən media qurumlarına ayrı-ayrılıqda bu cür yardımlar təqdim olunur. Bundan kənarda qalanlar isə bir özlərinə baxsınlar. Bir fikirləşsinlər ki, onlar niyə kənarda qalır? Onların əksəriyyəti, xüsusən də haray-qışqırıq salmağı sevənlər, guya ədalət prinsipinin pozulduğunu iddia edənlər bir özlərinə diqqətlə baxsalar biləcəklər ki, niyə kənarda qalıblar. Ona görə ki, o adamlar, onların media qurumları, bir qayda olaraq, Azərbaycan dövlətinin, xalqının maraqlarına zidd fəaliyyətlə məşğuldurlar. Yəni onlar milli maraqlara xidmət etmirlər. Yaxud da tez-tez milli maraqlara zidd paylaşımlar edirlər, materiallar dərc edirlər və media fəaliyyəti ilə məşğul olurlar. Təbii ki, Azərbaycan dövləti də xalqın maraqlarına zidd fəaliyyət göstərən mediaya maliyyə yardımı ayıra bilməz. Ayırsa belə, şəxsən mən buna etiraz edərəm. Ona görə də problemi özlərində axtarsalar yaxşıdır. Onu da qeyd edim ki, həmin media qurumları uzun illər ərzində xarici ölkələrdən maliyyə yardımları alırlar. Təbii ki, xaricdən maliyyə aldıqlarına görə də Azərbaycanın milli dövlət maraqlarına xidmət etmək problemi olub onların. Onlar maliyyəni hardan alıblarsa, ora da xidmət ediblər. Çünki pulu kim veribsə, sifarişi də o verir. Ona görə də bu prosesə kölgə salmaq istəyənləri çox da yaxına buraxmaq olmaz. Azərbaycan dövləti mediaya yardım ayırır və mətbuatın işinə heç bir müdaxilə etmir”.
Vidadi ORDAHALLI