Vüqar Qədirov: “Bu məsələdə Hikmət Hacıyevin də rolu böyükdür”
Tiflisdə ATƏT-in 15-ci "Cənubi Qafqaz regionunda media azadlığı" adlı beynəlxalq konfrans işini davam etdirib. Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri öz çıxışlarında Ermənistanın media və söz azadlığından sui-istifadə edərək həyata keçirməyə cəhd etdiyi pozuculuq fəaliyyətindən danışıblar.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə həyata keçirib. Bu azmış kimi, Ermənistan hakimiyyəti və lobbi dairələri əllərindəki resurslardan və bütün mümkün vasitələrdən istifadə edərək hərbi təcavüz faktını gizlətməyə çalışırlar. Bunun üçün söz azadlığı, mətbuat azadlığı kimi prinsiplərdən sui-istifadə edirlər. XİN sözçüsü daha sonra deyib: “Ermənistan hökuməti beynəlxalq hüquqa və qanunlara zidd olaraq beynəlxalq media nümayəndələrini aldadıb və yaxud da digər formalarla sövq edib Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərə gətirir. Ermənistan hökuməti bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edir və bu rejimin legitimləşdirilməsi istiqamətində əsassız səylər göstərir.
Konfransda iştirak edən Ermənistan nümayəndəsi çaşqın halda H.Hacıyevin çıxışına irad bildirmək istəsə də, onun bu cəhdi baş tutmayıb. H.Hacıyev daha tutarlı faktlarla Ermənistanın məkrli, təcavüzkar siyasətini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ancaq Ermənistan mediası Tiflisdə baş verən hadisənin fonunda Hikmət Hacıyevə verilən cavabı az qala öz qələbələri kimi qələmə verməyə çalışırlar. Nədənsə son vaxtlar erməni diplomatiyası və mediasında Hikmət Hacıyevə qarşı güclü antipiarın aparıldığı nəzərə çarpır. Bunu Hikmət Hacıyevin Azərbaycan həqiqətlərini tutarlı arqumentlərlə və çevik şəkildə dünya ictimaiyyətinə təqdim etməsi yönündə dəqiq fəaliyyəti ilə izah etmək olar. Daha doğrusu, diplomat ermənilərin “mazolunu” arqumentli şəkildə bərk sıxıb.
Ekspert Vüqar Qədirovun sözlərinə görə, Gürcüstanda keçirilən tədbirdə H.Hacıyev erməniləri daha bir vacib platformada darmadağın etdi: “Onların nümayəndə heyəti adından H.Hacıyevin səsləndirdiyi arqumentlərə cavab vermək kimi cəhdlər olsa da, həmin cəhdləri səmərəli saymaq olmaz. Həmin tədbirdə erməni nümayəndə heyəti demaqoqiyaya əl ataraq, hətta tədbiri aparan moderatorları sərt tənqid etməyə başladılar. Fikirlərini də belə əsaslandırırdılar ki, guya həmin platformada Ermənistanın tənqidi üçün şərait yaradılır. Bu arqumentin özü onların zəifliyinin göstəricisidir. Çünki orada hamıya bərabər vaxt verilir. Deməli, belə çıxır ki, H.Hacıyevin müəyyən vaxt intervalında söylədiyi həqiqətlərə ermənilər məhz həmin vaxt çərçivəsində cavab verə bilmədikləri üçün, tədbir təşkilatçılarına hücuma keçiblər. H.Hacıyevə qarşı aparılan qara piarın kökündə isə bizim XİN təmsilçisinin işini peşəkarcasına görə bilməsi durur. Fikir versəniz görərsiniz ki, ermənilərin dünyanın hər hansı bir ölkəsində törətməyə cəhd etdikləri təxribatların hamısına bizim XİN səviyyəsində operativ cavab verilir. Təbiidir ki, bu məsələdə H.Hacıyevin də rolu böyükdür. Son tədbirdə bu bir daha özünü büruzə verdi. XİN təmsilçimizin arqumentləri qarşısında ermənilər acız qaldı və gücləri yalnız qaragüruhçuluq etməyə çatdı”.
Məhəmmədəli QƏRİBLİ