Fikrət Sadıqov: “Görünür, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bu məsələyə ikili standartlarla yanaşmaq istəməyib”
ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən danışıqlar və görüşlərə baxmayaraq, Dağlıq Qarabağ problemini həll etmək hələ də qeyri-mümkün olaraq qalır. İşğalçı Ermənistanın bir qayda olaraq nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe isə hər ötən gün sülhə olan inamı daha da azaldır, müharibə risqini artırır.
Faktiki olaraq ATƏT-in Minsk Qrupunun bu istiqamətdə praktiki fəaliyyəti münaqişənin tənzimlənməsi yönündə konkret addımlar atmağa yox, yeni müharibənin qarşısını almağa yönəlib. Bununla bağlı müxtəlif vasitələri gündəmə gətirirlər. Təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması və digər bu kimi axırıncı dərəcəli məsələlərin gündəmə gətirilməsi deyilənlərə əyani sübutdur. Reallıq ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti səmərəsizdir. Ən yaxşı halda, hansısa şablon ritorikadan o yana keçmir. Belə olduqda isə aydın məsələdir ki, münaqişənin həlli uzanır. Bu da, öz növbəsində, problemin həllinə olan ümidləri heçə endirir.
Təsadüfi deyil ki, ATƏT Parlament Assambleyasının istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT-in Minsk Qrupu həmsədrlərinin işini tənqid edib. K.Vigenin ATƏT PA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürdüyünü deyib: “Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT PA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim. Biz fəaliyyətimiz barədə gələcəkdə də məlumat mübadiləsi barədə razılığa gəldik, lakin bu məsələyə ciddi şəkildə cəlb edilən olmadı. Onların işi hələ də qapalı olaraq qalır. Həmsədrlər yalnız nadir hallarda özündə az məlumat əks etdirən press-relizlər yayırlar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlər çox məhdud çevrədə qapalı olaraq qalır. Bu anlaşılandır. Doğrudur, nisbi sülh əldə olunub. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənim təəssüratım budur ki, beynəlxalq ictimaiyyət özünün hərtərəfli nizamlanmanın və uzunmüddətli sülhün əldə olunması ilə bağlı ambisiyalarını sadəcə müharibədən qaçmağa dəyişib”.
Ümumilikdə, onun bu tənqidlərinə, konkret iradlarına ekspertlər necə yanaşırlar? Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Vigeninin ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı tənqidi fikirləri əsaslıdır və reallığı əks etdirir: “Həqiqətən də ATƏT-in Minsk Qrupu tənqid edilməlidir. Çünki uzun illər ərzində Minsk Qrupunun fəaliyyəti sıfıra bərabər olub. Faktiki olaraq münaqişənin həll edilməsi ilə bağlı konkret addımların atılması təmin edilməyib. Baxmayaraq ki, 1992-ci ildən üzü bəri bu missiyanı ATƏT öz üzərinə götürüb, amma ortada nəticə yoxdur. Acı reallıq ondan ibarətdir ki, qurum işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoymur. Ən azından, bu faktor nəzərə alınmalı idi. Bunların heç biri edilmədiyi üçün də işğalçı Ermənistan danışıqlarda kompromislərə getmir. Hesab edirəm ki, bunu danmaq olmaz. Görünür, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bu məsələyə ikili standartlarla yanaşmaq istəməyib. Bunu qəbul etmədiyinə görə də etiraz əlaməti olaraq istefa verib. Ancaq burada bir məqam da var. O da ondan ibarətdir ki, Vigenin narazılığını bildirirdisə, o bu istiqamətdə əlavə digər səylər də göstərməli idi. Bəlkə o zaman hansısa irəliləyiş olacaqdı. Düşünürəm ki, təkcə istefa verməklə məsələ düzəlmir. Baxmayaraq ki, Vigeninin ATƏT-in Minsk Qrupu ilə bağlı tənqidi fikirləri reallığa əsaslanır və mövcud mənzərəni özündə ehtiva edir. Düşünürəm ki, o bu məsələdə bir qədər də fəal olmalı idi. Tənqid etməklə bərabər konkret addımlar atmağa səy göstərməli idi. Nəzərə almaq lazımdır ki, münaqişənin tənzimlənməsi ATƏT çərçivəsində müzakirə olunur. Minsk Qrupu da ATƏT çərçivəsində yaradılıb. O üzdən hesab edirəm ki, bu kimi məsələlər diqqətdən yayınmamalıdır”.
Vidadi ORDAHALLI