Mübariz Əhmədoğlu: “Bu məsələdə İran Ermənistana münasibətdə hədsiz dözümlülük göstərir”
1990-cı illərdən Azərbaycanın zorla cəlb edildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Xəzər hövzəsində nəinki Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə, eyni zamanda Xəzər hövzəsi regionunda yerləşən bütün dövlətlərin ekoloji durumuna mənfi təsir göstərir.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin çirkləndirilməsi, atmosferə və su hövzələrinə zərərli maddələrin atılması müxtəlif formalarda özünü göstərir. Belə ki, zərərli maddələr Ermənistan ərazisindən gələn Oxçuçay, Bazarçay, Bəsitçay, Həkəriçay, Köndələnçay, Tərtərçay və Xaçınçay qolları vasitəsilə birbaşa Araz çayına axıdılır. Ermənistanın Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti bütünlüklə Xəzər hövzəsindəki ölkələrin təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurur və bu tendensiya indi də davam edir.
Azərbaycanla yanaşı, Ermənistanın ekoloji terrorundan əziyyət çəkən dövlətlərdən biri də İrandır. İranın Araz çayı boyunca əraziləri münbit torpaqlardır. Burada əkinçilik geniş inkişaf edib. Yerli fermerlər suvarma suyunu məhz Araz çayından götürürlər. Çayın suyunun isə Ermənistan tərəfindən zəhərli maddələrlə çirkləndirilməsi nəinki məhsuldarlığı dəfələrlə aşağı salır, eyni zamanda, əhali arasında onkoloji xəstəliklərin artmasına səbəb olur. Dəfələrlə bu məsələ İranda qaldırılıb.
Bu arada məlum olub ki, İran və Ermənistan Araz çayı ilə bağlı mübahisənin həllini Avstriyaya həvalə edəcək. İranın Ətraf mühitin qorunması və ekologiya təşkilatının sədr müavini Məsud Təcrişi bildirib ki, tərəflər çaydakı çirkliliyin miqdarını, eləcə də iki ölkənin bu çirklənmədə rolunu müəyyən etmək üçün su nümunələrini üçüncü ölkəyə - Avstriyaya göndərməyə razılaşıblar: “Biz Araz çayı ətrafında hər an çirkliliyin miqdarını hesablamaq və yoxlamaq üçün yeni texnologiyalar quraşdırırıq. Yoxlamalar çox dəqiqliklə aparılır. Çayın çirklənməsində Ermənistanın payı və İranın daxili tullantılarının payı müəyyən olunur. Hazırda bu istiqamətdə həm Energetika Nazirliyi, həm də Ətraf mühitin qorunması təşkilatı birgə iş aparır”.
Onu da qeyd edək ki, Azərbaycansız bu məsələnin müzakirə olunması doğru yanaşma deyil. Ona görə ki, Ermənistanın bu istiqamətdə apardığı ekoloji çirkləndirmədən əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Nəzərə almaq lazımdır ki, Cəbrayıl və Zəngilan rayonları işğal altında olduğu üçün, bu rayonlardan keçən Araz çayı nəzarətsizdir. Ermənistan tərəfi bundan istifadə edib ekologiyaya daha çox zərər vurur. O baxımdan İranın bu məsələdə yalnız Ermənistanla müzakirələr aparmasına ekspertlər necə yanaşırlar? Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, İran bilir ki, Arazın böyük hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindən keçir: “Məhz həmin ərazilər vasitəsilə İranın ekologiyasına daha çox zərər vurulur. Bunu İran tərəfi çox yaxşı bilir. Faktiki olaraq, Azərbaycanın Araz çayı üzərində elə bir fabrik-zavodu yoxdur ki, bu, İranı narahat eləsin. Arazın çirklənməsinin əsas günahkarı Ermənistandır. Hazırda da Arazın çirklənməsindən ən çox ziyan çəkən İran tərəfidir. Ondan sonra Azərbaycan bundan ziyan çəkir. Ona görə də belə müzakirələrdə Azərbaycanın da mövqeyi nəzərə alınmalıdır. Bu məsələdə İran Ermənistana münasibətdə hədsiz dözümlülük göstərir. Halbuki, Ermənistan yox, başqa bir dövlət olsaydı, bəlkə də İran bu qədər dözümlü yanaşmazdı. Daha sərt addımlar atardı. Vəziyyət o həddə gəlib çatıb ki, Ermənistan əndazəni aşıb və bu məsələdə ümumiyyətlə İranı saymır. Ermənistan hətta ABŞ-ın sözü ilə müəyyən anti-İran layihələrə də başlayıb. Təsadüfi deyil ki, bu il Ermənistanda İranda 1979-cu ildə baş verən inqilabın 29-cu ildönümü qeyd olunmadı. Reallıq ondan ibarətdir ki, Ermənistanda İranın layihələrinə hazırda maneələr var. Sarkisyan bu il İran rəhbərliyini heç təbrik də etmədi. Artıq İranda başa düşüblər ki, Ermənistan Araz vasitəsilə ölkə daxilində fəsad yarada bilər. Ona görə də hazırda o məsələni daha ciddi qabardırlar. İranla Azərbaycan arasında isə Araz çayı ilə bağlı heç bir problem yoxdur. İranın əsas iradı Ermənistanla bağlıdır”.
Vidadi ORDAHALLI