Məhəmməd Əsədullazadə: “Şimali Suriyada qələbə əldə olunsa, Rusiya dəstək versə, Ankara Dəməşqlə münasibətləri yumşaldacaq”
Türkiyə ilə Əsəd rejimi arasında münasibətlər 2011-ci ildə pozulub. Belə ki, həmin ilin martında ölkəni bürüyən kütləvi etirazlardan sonra Türkiyə Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən getməyə çağırdı. Bundan sonra iki ölkə arasında rəsmi əlaqələr kəsilib. Bir sıra gözləntilərə rəğmən, Əsəd rejimini devirmək mümkün olmadı.
Hətta İŞİD terror təşkilatının ölkə ərazisinin böyük hissəsini nəzarət altına alması belə bu istiqamətdə vəziyyəti dəyişə bilmədi. Rusiyanın 2015-ci ildə fəal şəkildə Suriyada hərbi əməliyyatlara qoşulması nəticə etibarilə Əsədin hakimiyyətdə möhkəmlənməsinə gətirib çıxardı. Faktiki olaraq situasiya dəyişib.
Ancaq Suriyada geosiyasi mübarizə poliqonu daraldıqca, rəsmi Ankaranın rəsmi Dəməşqlə danışıqlar stolu arxasında oturmasına dair çağırışlar artır. Bunu həm Rusiya istəyir, həm də Türkiyədə ana müxalifət olan Cumhuriyyət Xalq Partiyası.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rəsmi Moskva Türkiyə ilə Suriyadakı kürdlər arasındakı fikir ayrılıqlarının yalnız dialoq yolu ilə həll olunacağına ümid edir. Onun fikrincə, Türkiyənin təhlükəsizlik maraqları yalnız Suriya hakimiyyətilə danışıqlar vasitəsilə təmin oluna bilər: “Biz kürd probleminin Suriyanı tamamilə süquta uğratmasına imkan verməməliyik. Bildiyiniz kimi, yanvarda Türkiyə burada “Zeytun budağı” adlandırılan əməliyyatlara başlayıb. Ankara özünün bölgədəki hərbi aktivliyini ölkəsinə qarşı terror təhlükəsilə izah edir. Mütəmadi aparılan hərbi əməliyyatlarda hər iki tərəfdən itkilər var”.
Bununla yanaşı, Türkiyənin “Aydınlıq” qəzetinə açıqlamasında rusiyalı ideoloq Aleksandr Duqin də bu məsələni xüsusi qabardıb. Onun fikrincə, bu məsələ diqqətli şəkildə dəyərləndirilməlidir: “Bununla bağlı yaxın zamanlarda Putinlə Ərdoğan müzakirə aparmalıdırlar. Fikrimcə, Putin Əsədlə əlaqələrin qurulması istiqamətindəki təklifini yeniləyəcək. Əgər Ərdoğan Əsədlə görüşməsə, o zaman kürdlərin həm ABŞ-ın Suriyada qalmasını istəyib, həm də Əsədin yanında yer alacaqlarını görəcəyik. ABŞ Əsədi devirə bilməyəcəyini anlayanda, oyunun qaydalarını dəyişdirməyə çalışacaq. Ərdoğan Əsədlə görüşməməklə zaman itirir”.
Maraqlıdır ki, rəsmi Ankara konkret olaraq bu məsələdə öz mövqeyini ortaya qoymaqda tələsmir. Bu nə ilə bağlıdır? Ərdoğan Əsədlə aparılacaq danışıqların nəticə verməyəcəyinə görə buna getmir, yoxsa indiyə qədər sərgilənən siyasətdən geri çəkilə bilmir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı. Onun fikrincə, Türkiyənin Suriya münaqişəsi başlayandan bəri tutduğu siyasi kurs Bəşər Əsədin hakimiyyətdən getməsinə hesablanıb. 2011-ci ildən başlayaraq Türkiyənin siyasətində prinsipiallıq onun hazırda Əsədə qarşı loyal siyasətinin formalaşmasına mane olur. Türkiyə, Rusiya və İranın üçlük Astana danışıqlarında koordinasiya fəaliyyəti Suriyada müəyyən dərəcədə Əsədin mövqeyini gücləndirdi. Rusiya, İran Əsədin hakimiyyətdə qalmasına tərəfdardırlar, Türkiyə isə əleyhinədir. Tehran və Moskva çalışırlar ki, Ərdoğan Əsədə qarşı soyuq siyasəti yumşaltsın və danışıqlar aparılsın. Çünki üçlük formatının fəaliyyətində ciddi dönüş ola bilməz. Ərdoğanın kifayət qədər Əsəd rejiminə qarşı hərbi-siyasi fəaliyyəti bundan sonra onun mövqeyində müsbətə doğru irəliləməni bir qədər gecikdirər. Amma Rusiya və İran hazırkı siyasətini davam etdirsə, ABŞ-ın Əsədə qarşı hərbi müdaxiləsi olmasa, Ankara ilə Dəməşq arasında təmaslar yarana bilər. Hazırda isə bu mümkün görünmür. Rusiya Türkiyədən israrlı şəkildə Dəməşqlə siyasi təmasları qurmağı irəli sürür. Ərdoğan dilemma qarşısında qalıb. Şimali Suriyada qələbə əldə olunsa, Rusiya dəstək versə, Ankara Dəməşqlə münasibətləri yumşaldacaq. ABŞ rəsmisi Suriya ordusuna qarşı hərbi əməliyyatlar apara biləcəyi barədə açıqlama verib. Suriyada Rusiyanın mövqeyi gücləndikcə, ABŞ bu şərtlərlə barışmır və istənilən an Əsəd ordusuna bu hücumu reallaşdıracağını qeyd edir. Suriyada Rusiya və İranın bu hücum qarşılığında hər hansı cavab reaksiyası verəcəyi mümkün görünmür. ABŞ-ın ardınca Fransa da mümkün hücumları istisna etmir. ABŞ və Fransanın Əsəd ordusuna hücumuna İsrailin də dəstək verəcəyi təbiidir. Belə bir hücumlar reallaşsa, Suriya münaqişəsi ikinci fazaya keçəcək. Daha dağıdıcı proseslərin və siyasi konfliktin dərinləşəcəyinin, ABŞ-Rusiya kəskin qarşıdurmasının şahidi ola bilərik. Çünki Rusiya Suriyada milyardlarla vəsait xərcləməyib ki, Əsədi bundan sonra qurban versin. Rusiya Suriyada stabilliyi təmin etdiyi bir vaxtda ABŞ-ın hücum açıqlaması təsadüfi deyil. Proseslər bu sseneri ilə davam etsə, Astana formatı süqut edəcək. Türkiyə ABŞ-ın yanında yer alacaq”.
Vidadi ORDAHALLI