Vüqar Bayramov: “O cümlədən, aqrar sektora böyük həcmdə subsidiyaların verilməsinə qarşıdır”
2018-ci ilin Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi ili olacağı gözlənir. Bu il ikitərəfli münasibətlər üçün də mühüm ildir. Məsələ ondadır ki, Avropa İttifaqı ilə Azərbaycan yeni hərtərəfli sazişin imzalanması üzərində danışıqları davam etdirirlər. Eyni zamanda, tezliklə ortaq aviasiya məkanı haqqında qarşılıqlı səmərəli sazişin imzalanacağı da gözlənir. Ümumən, Azərbaycan Aİ ilə ikitərəfli münasibətlərə üstünlük verir.
Yeni hərtərəfli saziş əlavə olaraq münasibətlərin miqyasını və tərəflərin istəklərini müəyyən edəcək. 2015-ci ilin may ayında “Şərq Tərəfdaşlığı” üzrə Riqa zirvə toplantısı zamanı Azərbaycan Aİ ilə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək strateji tərəfdaşlıq haqqında saziş layihəsini Aİ-yə təqdim edib. Azərbaycan və Aİ sözügedən saziş layihəsi üzrə ilkin məsləhətləşmələri uğurla başa vurublar. Ötən ilin noyabrında tərəflər yeni sazişin imzalanması ilə bağlı danışıqları davam etdirmək barədə razılıq əldə ediblər. Razılığa uyğun olaraq da danışıqlar davam etdirilir.
Bu arada xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq sazişi üzərində aparılan iş barədə mətbuata açıqlama verib. Nazirin sözlərinə görə, saziş layihəsinə dair danışıqlar konstruktiv məcrada və qarşılıqlı anlaşma əsasında davam edir. Sənədin hazırlanması prosesində ciddi maneə yoxdur, amma ticarət məsələlərinə dair baxışlarda müəyyən fikir ayrılıqları var: “Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü olmadığına görə tariflər və subsidiyalar məsələsində bəzi fikir ayrılıqları mövcuddur. Lakin müzakirələr prosesində biz qarşılıqlı anlaşma əsasında ortaq nöqtələri tapmağa çalışırıq”.
Maraqlıdır, ticarət, tariflər və subsidiyalar məsələsində bəzi fikir ayrılıqları nədən ibarət ola bilər? Sözügedən məsələlərdə konkret söhbət nədən gedir?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Vüqar Bayramov bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, hələlik Azərbaycanla Dünya Ticarət Təşkilatı arasında tariflərlə bağlı razılıq əldə olunmadığı üçün, Aİ ilə də bu məsələlərdə müəyyən fikir ayrılıqları var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması ilə bağlı danışıqlar davam edir. Tərəflər arasında bununla bağlı bir sıra məsələlər ətrafında danışıqlar gedir. DTT ilə Azərbaycan arasında tariflərin razılaşdırılması, nəticə etibarilə, Aİ ilə danışıqlara təsir edən birbaşa faktordur. Nəzərə alsaq ki, bununla bağlı hələ razılıq əldə olunmayıb, o zaman bu, Aİ ilə danışıqlarda da müəyyən fikir ayrılığına şərait yaradır. Burada tariflərin optimallaşdırılmasından söhbət gedir. İş ondadır ki, Aİ yüksək idxal tariflərinin müəyyənləşdirilməsində maraqlı deyil. O cümlədən, aqrar sektora böyük həcmdə subsidiyaların verilməsinə qarşıdır. Tərəflər arasında fikir ayrılığı da əsasən məhz bu iki məsələ ilə əlaqədardır. Buna baxmayaraq, güman olunur ki, danışıqlarda aqrar sektora verilən subsidiyaların optimallaşdırılması ilə bağlı hökumət üzərinə müəyyən öhdəliklər götürəcək. Eyni zamanda, idxal tariflərinə yenidən baxılması gözlənir. Yəni mərhələli şəkildə idxal faizləri aşağı salına bilər. Ehtimallar təxminən belədir. Bütün bu deyilənlərlə yanaşı, Azərbaycan DTT üzvü olarsa, nəticə etibarilə, bu, Aİ ilə danışıqların daha sürətlə getməsinə gətirib çıxaracaq. Görünən odur ki, Azərbaycan Aİ ilə tərəfdaşlıq sazişi imzalayacaq. Bununla bağlı müzakirələr gedir. Düşünürəm ki, Azərbaycanın hələlik DTT-yə üzv olmaması indiki məqamda danışıqlarda problem yaratmayacaq. Tərəflərin razılığa gəlməsi mümkündür”.
Cəmilə QARAYEVA