Məhəmməd Əsədullazadə: “Vaşinqtonun Rusiyanın hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar işğalçı ölkənin silahlandırılmasına əhəmiyyətli şəkildə təsir edə bilər”
Ermənistan təkcə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edmir. Bu ölkə həm də dünyada qadağan olunmuş qeyri-leqal fəaliyyətlə də məşğul olur. Zaman-zaman dünya mətbuatında ermənilərin nüvə qaçaqmalçılığı, insan alveri ilə məşğul olmaları ilə bağlı yazılar dərc olunub. Təəssüflər olsun ki, bütün bunlara görə Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsi gündəmə gəlməyib.
Ermənistan həm də müstəqil dövlət olmadığına görə digər dövlətlərin yedəyində gedir. Belə olan halda, əsasən Rusiyanın forpostuna çevrilən Ermənistan deyəsən bu dəfə sanksiyalardan yayına bilməyəcək. Məsələ ondadır ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar tək rus şirkətlərinə deyil, eyni zamanda bu ölkə ilə hərbi sahədə əməkdaşlıq edən ölkələrə də aid edilir. Bu səbəbdən Ermənistanın sanksiyalar altına düşməsi qaçılmazdır.
“Aykakan Jamanak” qəzetinə ABŞ-ın Ermənistandakı Səfirliyindən daxil olan məlumata görə, rəsmi Vaşinqton Rusiyanın hərbi-sənaye şirkətləri ilə əhəmiyyətli müqavilələr imzalayacağı təqdirdə İrəvana qarşı sanksiya tətbiq edə bilər. Nəşrin məlumatına görə, xəbərdarlıq məktubu səfirlik tərəfindən Ermənistan hökumətinə təqdim edilib. Bildirilir ki, 2017-ci ilin dekabrında Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən Rusiyadan 100 milyon dollarlıq silah alqısını təsdiq edən müqavilə ABŞ tərəfindən ciddi narahatlıqla qarşılanıb. Bu məlumatı Ermənistanın maliyyə naziri Vardan Aramyan da təsdiqləyib. Onun sözlərinə görə, belə bir risq mövcuddur. Aramyan bu cür vəziyyətin yaranacağı təqdirdə amerikalı həmkarları ilə danışıqlara başlayacağını deyib. Bu vəsait 2018-2022-ci illər ərzində sərf edilməlidir. Gözlənir ki, Ermənistan güzəştli kredit hesabına “Msta-S” özüyeriyən qaubitsaları, “Solntsepyok” TOS-1A ağır odsaçan sistemlərini, radioelektron mübarizə vasitələrini əldə edə bilər. Gözlənilən proqnozlar getdikcə özünü doğruldur, hələ bundan əvvəl Ermənistan mətbuatı yazırdı ki, ABŞ İrəvana qarşı da addımlar atacaq.
Ermənistan mətbuatı onu da yazıb ki, sanksiya məsələsi Ermənistana ziyan vuracaq, Azərbaycan isə bu təhlükədən sığortalanıb. Yəni Azərbaycanın bu sanksiya altına düşmək risqi yoxdur.
Ermənistan indiyə qədər Rusiya və ABŞ arasında oyun oynamaq istəyirdi. Ancaq, görünür, ABŞ bu dəfə Ermənistana güzəştə getməyəcək.
Maraqlıdır, ekspertlər ABŞ-ın Ermənistana sanksiyalar tətbiq etməsini nə dərəcədə mümkün hesab edirlər?
Sözügedən məsələni “Baki-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu real görünür: “Çünki rəsmi Vaşinqtonun Rusiyanın hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar işğalçı ölkənin silahlandırılmasına əhəmiyyətli şəkildə təsir edə bilər. Nəticədə bu ölkəyə Rusiyadan müasir silah komplekslərinin ötürülməsi dayandırılar. Azərbaycana qarşı işğalçı siyasət aparan bir ölkənin ölkəmizlə hərbi balans yaratmaq siyasəti və pariteti kifayət qədər zəifləyəcək. ABŞ-ın sanksiya prosesinə martın 18-də Rusiyada prezident seçkilərindən sonra başlayacağı gözlənir. Ermənistanda maliyyə-iqtisadi vəziyyətin ağırlığını nəzərə alsaq, bu ölkənin üçüncü ölkələrdən silah idxalına başlayacağı real görünmür. Ermənistana silah tədarükünə məhdudiyyətlər qoyularsa, bu, apreldən sonra Serj Sarkisyan hakimiyyətinin daha da zəifləməsinə gətirəcək. Bu da Qarabağ danışıqları masası arxasında rəsmi İrəvanın mövqelərinin zəifləməsinə səbəb olar. Sirr deyil ki, rəsmi Bakı Rusiya və Ermənistan ətrafında gedən siyasi prosesləri diqqətlə izləyir. Yaranmış şəraitə uyğun olaraq danışıqlarda dinamikaya nail olmaq üçün hərbi vasitəyə əl atmalıdır. Ermənistanın Rusiya ilə 100 milyon dollar məbləğındə bağladığı hərbi kredit müqaviləsində nəzərdə tutulan hərbi texnikanın bu ölkəyə çatdırılmasında çətinlik yarana bilər. Bu müqavilədə nəzərdə tutulan texnikalar müasir hərbi texnika və radiokəşfiyyat sistemlərindən, artilleriya vasitələrindən ibarətdir. Ona görə də belə sanksiyalardan Ermənistanın da öz “payını” alacağı gözlənir. Yəni sözügedən məsələ ilə bağlı Ermənistana qarşı konkret addımların atılacağı ehtimalı bu dəfə daha böyükdür”.
Cəmilə QARAYEVA