Sevinc Nuruqızı: “Bizim günahsız terror qurbanı olan uşaqlara bir sədaqət borcumuz var və bu borc abidəyə çevrilməlidir” Azər Abdulla: “Erməni terroru nəticəsində öldürülən uşaqlar üçün abidənin ucaldılması vacib məsələdir” Fariz Çobanoğlu: “O abidə elə məkanda qoyulmalıdır ki…”
Azərbaycan xalqı 1 əsrdən artıqdır erməni terrorundan əziyyət çəkir. Erməni daşnaklarının terror hədəfi yalnız böyüklər deyil, həm də uşaqlarımızdır. Son 100 ildə ermənilərin törətdiyi terror aktları nəticəsində saysız-hesabsız Azərbaycan uşağının həyatına son qoyulub, onların işıqlı arzuları qaranlığa qərq olub.
Təkcə Qarabağ müharibəsində, Xocalı soyqırımında neçə-neçə uşaq erməni terrorunun hədəfinə çevrilib. Atəşkəs dövründən sonra da ermənilər dinc dayanmayıb, onlar uşaqlarımıza yenə güllə atıblar. Bir neçə il əvvəl Tovuz rayonunda ermənilərin Tovuz çayına atdığı oyuncaq bomba ilə öldürülən 13 yaşlı Aygün, erməni snayperlərinin qətlə yetirdikləri 9 yaşlı Fariz Bədəlov, keçən il nənəsi ilə birgə ermənilər tərəfindən öldürülən 2 yaşlı Zəhra və başqa uşaqların faciəli taleyi hər kəsi narahat edir.
Erməni terroru nəticəsində həlak olan uşaqlara xatirə abidəsinin ucaldılması günün aktual məsələlərindən birinə çevrilib. Erməni terroru qurbanı olan Azərbaycan uşaqlarının abidəsi bütün dünyaya erməni vəhşiliyinin, amansızlığının vizual nümunəsi olardı.
Tanınan uşaq yazıçısı Sevinc Nuruqızı bizimlə söhbətində qeyd etdi ki, ermənilər tərəfindən öldürülən uşaqlarımızın xatirəsi hər birimiz üçün əzizdir. Onun sözlərinə görə, erməni vandalizminin qurbanı olan uşaqlar üçün abidə çoxdan ucaldılmalı idi: “Bu abidə çoxdan qoyulmalı idi. Bu uşaqlar şəhiddirlər, onlar şəhid ediliblər. Düzdür, Xocalı harayı abidəsində uşaqlar xatırlanıb. Ancaq şəhid uşaqların özlərinin xatirə abidəsi olmalıdır. Bizim günahsız terror qurbanı olan uşaqlara bir sədaqət borcumuz var və bu borc abidəyə çevrilməlidir. Hər ucaldılan abidə terror törədənlərə etirazdır. Erməni terrorunun son qurbanı 2 yaşlı günahsız Zəhradır”.
O qeyd etdi ki, bir sıra ölkələrdə terror qurbanı olan uşaqlar üçün abidələr ucaldılıb və bu abidələr terrora qarşı mübarizənin simvoluna çevrilib: “Məsələn, Beslan terrorunun qurbanı olan məktəblilərə çoxsaylı abidələr qoyulub. Bu abidələr həm Beslanda, həm də başqa şəhərlərdə ucaldılıb. Biz də bu abidələri heç olmasa özümüz ucaltmalıyıq”.
Yazıçı Azər Abdulla da hesab edir ki, erməni terroru nəticəsində həyatına son qoyulan uşaqlar üçün abidə ucaldılmalıdır: “Düşünürəm ki, şəhid uşaqların xatirə abidəsi yaradılmalıdır. Bu uşaqlar erməni gülləsi ilə qətlə yetiriliblər. Həm Qarabağ müharibəsi zamanı, həm də sonrakı dövrdə erməni ordusu tərəfindən uşaqlarımız müxtəlif çaplı silahlarla öldürülüb. Bu olduqca ağrılı hadisədir. Erməni terroru nəticəsində öldürülən uşaqlar üçün abidənin ucaldılması vacib məsələdir”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Fariz Çobanoğlu da qeyd edir ki, erməni ordusunun uşaqlarımızı hədəfə almasını bütün dünya görüb bilməlidir. Onun sözlərinə görə, ermənilər Azərbaycan uşaqlarını hədəfə almaqla özlərinin əsl xislətlərini ortaya qoyurlar. İndiyə qədər günahsız körpələrin erməni snayperləri tərəfindən vurulmasına dünyanın göz yumduğunu deyən F.Çobanoğlu hesab edir ki, bəlkə erməni terroru nəticəsində həyatını itirən uşaqlara qoyulacaq abidə dünyanı silkələyə bildi: “Uzun illərdir erməni terroru uşaqlarımıza qarşı yönəlib. İndiyə qədər neçə uşağımız ermənilər tərəfindən öldürülüb. Ermənilərin Xocalıda vəhşiliklə qətlə yetirdiyi uşaqlarımızın, eləcə də atəşkəs dövründə erməni ordusunun əsgərlərinin öldürdüyü uşaqlarımızın faciəsini bütün dünya görməlidir. Ancaq görmək istəmirlər. Sizin erməni terroru nəticəsində həlak olan, şəhid edilən uşaqların xatirəsinə abidə qoyulması haqqında təklifinizi təqdir edirəm. Bu gərəkli bir təklifdir. Hesab edirəm ki, bu abidə qoyulacaq. Ancaq o abidə elə məkanda qoyulmalıdır ki, göz qarşısında olsun. Hesab edirəm ki, bu abidə Zəhranın qətlə yetirildiyi məkanda da qoyula bilər. Açığını desəm, Azərbaycanın cəbhəyanı rayonlarında belə abidələr ucaltmaq olar. Qoy beynəlxalq qurumların təmsilçiləri gəlib bu abidələri görsünlər. Bu abidə respublikanın bir çox yerlərində qoyulmalıdır”.
F.Çobanoğlu hesab edir ki, bu abidə həm erməni terrorunu tam çılpaqlığı ilə ifadə edəcək, həm də o körpələrin ailəsi, bir sözlə, xalqımız üçün ziyarət yerinə çevriləcək. Erməni terroru qurbanlarının abidəsinin erməni terroru ilə mübarizənin simvoluna çevriləcəyini qeyd edən F.Çobanoğlunun sözlərinə görə, bu abidədə erməni vəhşiliyi tam əks olunmalıdır.
İradə SARIYEVA