“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının dördüncü nazirlər iclasında bir sıra vacib qərarlar qəbul edilib. “Trend”in məlumatına görə, bunu “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər iclasının yekununda mətbuat konfransı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Nazir qeyd edib ki, iclasda ötən il ərzində layihənin reallaşdırılması ilə bağlı məsələlər, bu il həyata keçirilməli olan işlər müzakirə olunub: “Cənub Qaz Dəhlizi”nin bütün komponentlərinin reallaşdırılması qənaətbəxş səviyyədədir və qrafikə uyğun həyata keçirilir. Qrafikə əsasən Azərbaycan qazı 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ildə Avropaya çatacaq. Azərbaycan Prezidenti İlham Əliyev də iclasda iştirak edib və gələcək işlərlə bağlı tapşırıqlar verib”.
Şevçoviç “Cənub Qaz Dəhlizi” Avropanı enerji ilə təmin edəndə özümüzü daha etibarlı hiss edəcəyik” dedi
“Bizim əsas məqsədimiz enerji təchizatı sahəsində iştirak edən tərəflər arasında münasibətlərdə şəffaflığın təmin olunmasıdır”. “APA-Economics” xəbər verir ki, bunu da M.Şevçoviç deyib. Onun sözlərinə görə, Avropa Komissiyası bununla bağlı yeni qərarlar qəbul edib.
“Avropa İttifaqı ölkələri istənilən enerji təchizatı məsələlərinin Avropa Komissiyasının qərarlarına uyğun olub-olmadığını yoxlayır. Hər hansı bir təchizatçı yeni öhdəliklər əsasında bu və digər ölkənin ərazisində 40%-dən çox enerji təchizatını həyata keçirirsə, bu sahədə həmin təchizatçının bağladığı saziş Avropa Komissiyasına yoxlanılmaq üçün təqdim edilməlidir. Bu o deməkdir ki, Avropa Komissiyasının qərarı vacibdir. Ən vacib məqam isə odur ki, biz enerji təchizatımızın şaxələndirilməsi istiqamətində işləyirik. Buna görə də bu gün biz buradayıq. Bu layihə üzərində fəal işləyirik. Eyni zamanda, qlobal bazarlara çıxışın təmin edilməsi üçün sıxılmış maye qaz terminalı şəbəkəsi üzərində də işləyirik. 2020-ci ildə “Cənub Qaz Dəhlizi” Avropanı enerji ilə təmin etməyə başlayanda biz enerji təhlükəsizliyi baxımından özümüzü daha etibarlı hiss edəcəyik”.
“Avropada infrastrukturla məşğul olan qurumlar “Cənub Qaz Dəhlizi”nə dəstəklərini ifadə ediblər”
“Bugünkü iclas çərçivəsində əvvəlki illərlə müqayisədə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində icra olunan işlərin qiymətləndirilməsini apardıqda görürük ki, nəzərdə tutulan tədbirlər qrafikə uyğun aparılır” - deyən M.Şevçoviçin sözlərinə görə, görülən işlərin nəticəsində bu ilin ortalarında Azərbaycandan Türkiyəyə ilk qaz çatdırılacaq.
“2020-ci ildə isə Azərbaycandan Avropaya qaz nəqli baş tutacaq. 2018-ci il mühüm il olacaq. 2020-ci ildə Azərbaycandan Avropaya qaz nəql olunması Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu layihə strateji əhəmiyyətə malikdir. Avropada infrastrukturla məşğul olan qurumlar bu layihəyə dəstəklərini ifadə ediblər. Əslində, bu layihənin həyata keçirilməsinə başlanan andan Cənubi Avropada yerləşən ölkələrlə işləyərkən çalışmışıq ki, onlar da “Cənub Qaz Dəhlizi”nə qoşulsunlar. Buna görə də biz məmnunluqla qeyd etdik ki, ümumi maraqdan danışanda söhbət ancaq Balkanlardan yox, digər ölkələrdən də gedir. Məsələn, Bolqarıstan və Rumıniya da bu layihəyə qoşulmaq arzusunu bildiriblər. Layihənin maliyyələşdirilməsi üçün maliyyə strukturları da fəal iş aparırlar. Nəticədə ötən ilin oktyabrında Avropa Yenidənqurma və İnkişaf Bankı TANAP-a 500 milyard avro həcmində maliyyə ayırıb. Bir neçə gün öncə isə Avropa İnvestisiya Bankı layihəyə 1,5 milyard avro kredit ayırıb. Enerjiyə olan tələbat Avropanın sərhədləri ilə məhdudlaşmır. Digər ərazilər də bura daxildir. Biz yalnız bu halda enerji mənbələrinin diversifikasiyasından danışa bilərik”.
AB İranın “Cənub Qaz Dəhlizi”nə qoşulması məsələsini müzakirə etməyə hazır olduğunu bəyan etdi
AB rəsmisi bildirib ki, Avropa zəngin təbii sərvətlərə malik ölkələrin “Cənub Qaz Dəhlizi”nə qoşulmasını dəstəkləyir. Onun sözlərinə görə, bununla bağlı bütün mümkün variantlar nəzərdən keçirilib: “Avropa Birliyi “Cənub Qaz Dəhlizi”nin bütün tərəfdaşları ilə İran qazının layihəyə qoşulması məsələsini müzakirə etməyə hazırdır. Bizim üçün çox mühümdür ki, “Cənub Qaz Dəhlizi” Avropanı qaz resursları ilə zəngin regionları birləşdirsin. Biz yeni alıcıları, yeni təchizatçıları cəlb etməkdə maraqlı olacağıq. Bu iclaslar çərçivəsində istər Türkmənistan tərəfi ilə də, istərsə də İranın təmsilçiləri ilə danışıqlar aparılıb”.
Avropa Birliyinin nümayəndəsi bildirib ki, İran tərəfi neftinin nəqlində maraqlıdır: “Bu məqsəd üçün İranın daxilində boru kəmərləri çəkilməlidir və infrastruktur yaradılmalıdır. İran təbii qazının bu boru kəməri ilə daşınması bu ölkənin öz marağındadır. Bunun üçün də İranın lazımi infrastrukturu olmalıdır”.
Arzuxan Əlizadə: “Avropa qurumlarının “Cənub Qaz Dəhlizi” ilə bağlı intensiv fəaliyyət göstərmələrinin arxasında dayanan başlıca amil...”
“Qurum istəyir ki, mümkün olan qədər Rusiyadan enerji asılılığını minimuma endirsin”
Azərbaycanın etibarlı enerji tərəfdaşı olması dünyada onun nüfuzunu artırmaqla yanaşı, rəsmi Bakıya olan etimadı daha da gücləndirir. Bunun nəticəsidir ki, enerji layihələrinin vaxtında həyata keçirilməsi üçün işlər sürətlə aparılır. İstənilən potensial çətinlik qabaqcadan aradan qaldırılır.
Məlum olduğu kimi, bütün bunların bir tərkib hissəsi olaraq Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilir. Məşvərət Şurasının IV iclasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrdən - Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Scalfarotto, Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin nümayəndələri - Mixail Verroiopolos, Ludovikos Kotsonopoulos, Albaniyadan isə energetika və sənaye nazirinin müavini Enis Aliko qatılıb. Bu, layihəyə verilən önəmin göstəricisidir.
Tədbirdə çıxış edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib ki, “Cənub Qaz Dəhlizi” strateji əhəmiyyət daşıyır. Onun fikrincə, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın, xüsusilə də Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi həssas regionların enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.
İclasda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası iclasının əməkdaşlığı daha da gücləndirdiyini vurğulayaraq, layihənin Azərbaycan və Avropa üçün əhəmiyyətindən danışıb.
Məlumat üçün qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.
Bütövlükdə, sözügedən layihə ilə bağlı bu kimi tədbirlərin, görüşlərin daha intensiv təşkil olunması nəyin göstəricisidir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu bir sıra faktorlarla əlaqələndirdi: “Bunun bir səbəbi onunla əlaqədardır ki, Azərbaycan 1994-cü ildən sonra Qərb şirkətləri ilə çox uğurlu əməkdaşlıq edir. Ötən müddət ərzində bu bir reallıqdır ki, çoxsaylı kontraktlar, sazişlər imzalanıb. Azərbaycan öz öhdəliklərini yerinə yetirib və nə mümkündürsə onu edib. Bir sıra qaz və neft kəmərləri inşa olunub. TANAP və TAP layihəsi ilə də bağlı işlər sürətlə gedir. Bütün bunlar da, öz növbəsində, istər-istəməz, Azərbaycana olan etimadı artırır. Ancaq Avropa qurumlarının “Cənub Qaz Dəhlizi” ilə bağlı intensiv fəaliyyət göstərmələrinin arxasında dayanan başlıca amil enerji xətlərini mümkün qədər çox diversifikasiya etmək istəyidir. Bu da səbəbsiz deyil. Avropa İttifaqı istəyir ki, mümkün olan qədər Rusiyadan enerji asılılığını minimuma endirsin. Çünki Rusiya faktoru onlara müəyyən problemlər yaradır. Bu da onları bərk narahat edir. Düzdür, Azərbaycanın ilk dönəmlərdə Avropa bazarına çıxaracağı qazın həcmini Rusiya ilə müqayisə etmək doğru olmaz. Çünki Rusiya dəfələrlə böyük həcmdə qaz ixrac edir. Ancaq nəzərə alsaq ki, Avropa İttifaqının məqsədi növbəti illərdə Türkmənistan qazını almaqdır, o zaman bu layihənin nə qədər böyük əhəmiyyətə malik olması bir daha aydın olur. Ona görə də Avropa qurumları maksimum çalışırlar ki, bu məsələ daha tez öz həllini tapsın”.
Cəmilə QARAYEVA