İşğalçı Ermənistanın bir sıra terrorçu qruplara, o cümlədən PKK yaraqlılarına hərtərəfli dəstək verməsi heç kimə sirr deyil və bu məsələ barədə rəsmi Bakı tərəfindən dəfələrlə məsələ qaldırılsa da, hələlik beynəlxalq miqyasda buna qarşı zəruri addımlar atılmayıb. Elə bunun nəticəsidir ki, ötən dövr ərzində Ermənistanla PKK arasında işbirlyinin daha da genişlənməsi müşahidə olunur.
Hətta iş o yerə çatıb ki, artıq erməni mediası belə tərəflər arasında işbirlyinin mövcudluğunu açıq etirafdan çəkimnir. Xüsusən də qardaş Türkiyənin PKK terrorçularına qarşı apardığı mübarizənin miqyasının genişlənməsi, separatçı yaraqlıların zərərsizləşdirilməsi istiqamətində atılan digər addımlar fonunda bu məsələ ilə bağlı yeni maraqlı faktlar üzə çıxır. Aydın olur ki, PKK-nın Ermənistan və Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşması istiqamətində İrəvan daha fəal mövqe nümayiş etdirir. Ermənistanın “Jamanak” qəzeti də yazır ki, PKK qruplaşmasının üzvləri Türkiyədən qaçaraq Ermənistana toplaşırlar.
Yazıda qeyd olunur ki, onlar Türkiyənin ərazi bütövlüyü və suverenliyinə qarşı çıxdıqları, təhlükəsizliyinə təhdid yaratdıqları, bu istiqamətdə terror fəaliyyəti ilə məşğul olduqları və qanunsuz silahlı dəstələr yaratdıqları üçün ölkənin təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatları nəticəsində müxtəlif formada zərərsizləşdirilir: "PKK hesab edir ki, Moskva və İrəvan bu terrorçu qruplaşmaya yumşaq mövqedən yanaşır. Ona görə də terrorçular Ermənistana toplaşır. Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri terrorçuların Türkiyə-Ermənistan sərhədini keçməsinə şəriat yaradır. Sərhədi keçən PKK-çılar Ermənistanın hakimiyyət orqanlarına təslim olur".
Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey tərəfindən də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı. O da məlumdur ki, Ermənistan PKK terrorçularına Dağlıq Qarabağda da təlim keçir. Yəni Ermənistan işğal etdiyi Qarabağı PKK ilə birgə istifadə edir. Suriya və İraqdan gətirilən PKK terrorçuları bura yerləşdirilir. PKK üçün xüsusi düşərgələr qurulmasa da, Ermənistan terrorçulara öz ordusunun düşərgələrini verir. Bununla yanaşı, Ermənistan PKK terrorçularına sığınacaq, tibbi yardım və kəşfiyyat dəstəyi verir. Qarabağdakı PKK düşərgələrində təlim keçən terrorçular sonradan Türkiyəyə qarşı fəal şəkildə istifadə olunur. Elə bu günlərdə Göksel Gülbey Qarabağda təlim keçən PKK-çıların, ermənilərin, eləcə də Ermənistandan gedən yezidi kürdlərin də PYD və YPG terror təşkilatının tərkibində Afrində türk ordusuna qarşı döyüşdüyünü açıqlayıb. Gülbey həmçinin qeyd edib ki, Dağlıq Qarabağdakı PKK terrorçularının türk ordusuna qarşı döyüşmək üçün Afrinə yollanması da intensivələşib: “Qarabağda 12 təlim düşərgəsindəki 1750 PKK və PEJAK terrorçusu İran və İraq üzərindən Suriyanın Qamışlı bölgəsinə gedir. Qamışlıda toplanan terrorçular mülki şəxs geyimində silahsız şəkildə Menbiçə, oradan da Afrinə gedir və ABŞ-ın verdiyi silahlarla türk ordusuna qarşı döyüşür”. Onu da qeyd edək ki, ABŞ-ın kürd yaraqlılarına yeni silahlar göndərməsi fonunda Suriyada cəmləşən PKK-çıların sayı artır. Belə ki,
Pentaqon PYD terrorçularının nəzarətində olan Menbiçə yenidən hərbi texnika və canlı qüvvələr göndərib. Fevralın 11-də Haseke-Semelka sərhəd-keçid məntəqəsində 50 TIR silah-sursat və zirehli texnikanı PKK-ya verən ABŞ Menbiçə də yeni hərbi yardım göndərib. Qeyd edək ki, Türkiyənin etirazlarına rəğmən, ABŞ PYD terrorçularına hərbi yardımı davam etdirir. Türkiyə ordusunun Afrin əməliyyatından sonra Menbiçin təmizlənməsi istiqamətdə hərəkətə keçmək planının ortaya çıxmasından sonra ABŞ bu bölgədə terrorçulara əlavə dəstək göndərib. Həmçinin, Menbiçdə amerikalı əsgərlər də terrorçulara təlimlər keçir. Ekspertlər Türkiyə və ABŞ ordusunun Menbiçdə üz-üzə gələcəyini istisna etmir. Amerikanın hazırkı addımlarının da Türkiyə ilə gözlənilən döyüşə hazırlıq olduğu deyilir. Məhz belə vəziyyətdən PKK və ermənilər maksimal dərəcədə öz xeyirlərinə istfiadə etməyə çalışırlar. İndi görünən odur ki, PKK-ya bağlı qüvvələr Türkiyədən birbaşa Suriyaya keçməkdə çətinlik çəkdiyindən, Ermənistandan istifadə edirlər. Yəni onlar Türkiyədən Ermənistana, buradan da Qarabağa keçir. Burada müəyyən qədər təlim və reabilitasiya keçdikdən sonra onların müxtəlif yolla Suriyaya keçməsi təmin edilir. Bütün bunlar PKK ilə Ermənistan arasında işbirliyinin getdikcə dərinləşməkdə olduğunu üzə çıxarır. Bunun qarşısı alınmasa, tərəflərin əməkdaşlığının daha da genişlənməsi qaçılmaz sayılır.
NAHİD