Dağlıq Qarabağ münaqişəsinin Ermənistana vurduğu ziyanın artıq katastrofik həddə çatması bu ölkə cəmiyyətində ciddi narahatlıq və hakimiyyətə qarşı yeni narazılıqla müşayiət edilməkdədir. Burada indi daha açıq şəkildə vurğulanır ki, yaxın tezlikdə konfliktin həlli tapılmasa, Ermənistanın bir dövlət olaraq varlığını davam etdirməsi böyük sual altına düşəcək.
Xüsusən də Azərbaycanın regionda həyata keçirdiyi transmilli layihələrdən Ermənistanın kənarda qalması işğalçı ölkənin durumunu daha da ağırlaşdırır. Bakı-Tiflis-Qars dəmir yolundan sonra “Şimal-Cənub” nəqliyyat dəhlizinin işə salınmasına gedən hazırlıq isə erməni pessimizmini qeyd olunan xüsusda daha da möhkəmləndirir. Bunu “Vestnik Kavkaza” saytına müsahibəsində erməni müxalifətçi Aram Manukyan növbəti dəfə təsdiq edir. O qeyd edir ki, Ermənistan bölgə dövlətləri ilə iqtisadi əlaqələr baxımından çox acınacaqlı bir durumdadır: “Ermənistan bölgə dövlətləri ilə iqtisadi əlaqələr baxımından, demək olar, sıfırıncı yeri tutur. Nəqliyyat, dəmir yolu, neft, qaz, istənilən başqa bütün bölgəsəl və beynəlxalq xətlər bizdən yan keçir. Ermənistan təkcə siyasi deyil, həm də iqtisadi mühasirədədir, O hər tərəfdən qapalıdır və heç bir bölgəsəl layihəyə qatılmayıb. Hətta hökumətimiz bölgə proqramlarında iştirak etmək istəmir, yəni biz Qafqazda sadəcə yoxuq, həm də artıq 20 ildən çox bu durumdayıq. Bu illər ərzində Ermənistan üzərindən deyil, Gürcüstan üzərindən inşa olunan Bakı-Tiflis-Ceyhan boru kəməri və Bakı-Tiflis-Qars yolu daxil olmaqla xeyli layihə bizdən yan keçib. Bu, indi “Şimal-Cənub” dəhlizi və Çinin “İpək yolu”dur”.
Hazırkı vəziyyətdə bir sıra erməni ekspertləri bəyan edirlər ki, Ermənistanın inkişafına və bölgə iqtisadiyyatına qoşulmasına Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi mane olur. Bu cür mövqe ilə tam razı olduğunu bildirən Aram Manukyan qeyd edir: “Müharibə dövlətin inkişafına heç cür yardım edə bilməz, axı iqtisadiyyatın inkişaf və artımı üçün sakit, sabit daxili-siyasi və xarici siyasi durum tələb olunur. Bizdə isə münaqişə üzündən belə bir şey yoxdur – bura pul qoyulası mühit deyil. Ən birinci problem və Ermənistan üçün ən böyük çağırış Qarabağ münaqişəsinin tənzimlənməsidir. Bu problemi həll etmək lazımdır və biz keçən il parlament seçkilərinə gedərkən onu öz siyasi proqramımızın başına qoymuşduq. Yalnız biz münaqişəni tənzimləmək təklifi verən proqramla çıxış etmişik. Biz anlayırıq ki, müharibənin bitməsi Ermənistanın inkişafı və inteqrasiyasına yeganə yoldur”. Onun sözlərinə görə, Ermənistan bölgəsəl iqtisadi əməkdaşlıqda öz mövqeyini möhkəmləndirmək üçün mütləq Qarabağ məsələsini həll etməlidir: “Qarabağ problemini tənzimləmək, siyasi və diplomatik səyləri fəallaşdırmaq, status-kvo məsələsini həll etmək tələb olunur. Düşünürəm ki, bu, xalqımız üçün ediləcək ən önəmli məsələdir, artıq 24 il yaşadığımız dalanlı durumdan çıxmalıyıq. Bundan belə bu cür davam edə bilməz. Qarabağ uğrunda müharibə cəmi iki il çəkib və hərbsonrası münaqişəli durum yerindən tərpənmir. Bu, xalqları və dövlətləri haldan salır, ölkələrə inkişafda mane olur. Bu durumdan, bu çuxurdan çıxmaq lazımdır. Qarabağ münaqişəsini həll etmək mümkün olsa, Azərbaycan və Türkiyə ilə sərhədlərimizin açılması da həll olunacaq. Türkiyə və Azərbaycan Qarabağ münaqişəsinin həlli və sərhədlərin açılması məsələsində vahid rəydədir, bu yöndə uyumlu şəkildə işləyirlər. Biz bütün qonşularla yaxşı münasibətlər uğrunda çıxış etməliyik, -xüsusən də iqtisadi münasibətlər uğrunda. Çünki bu, ölkəmizin inkişafını təmin edir”.
Məsələyə yenidən eyni rakursdan baxış sərgiləyən Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan da bildirir ki, Ermənistanda demoqrafiya və iqtisadiyyatla bağlı cari vəziyyətin birinci səbəbi Dağlıq Qarabağ münaqişəsidir. Onun sözlərinə görə, Ermənistanın depopulyasiyası, yəni əhalinin ölkəni tərk etməsi aşkar faktdır: “Bizim “Çiçəklənən Ermənistan” partiyası dəfələrlə ölkədə iqtisadi problemləri, işsizliyin artmasını və yoxsulluğu gündəmə gətirib. İndi iş qabiliyyəti olan gənc insanlar Ermənistanı tərk edir, çünki onlar burada iş tapa bilmirlər. Rəsmi statistikaya görə, 30 faiz insan yoxsuldur, hərçənd, bura işləyən, lakin aldığı maaşla yaşaya bilməyən təbəqə daxil edilmir. Bunu nəzərə alsaq, faiz dərəcəsi daha da böyüyəcək. Digər tərəfdən, maaşların azlığına, yüksək işsizliyə və alıcılıq qabiliyyətinin son dərəcədə aşağı olmasına baxmayaraq, qiymətlər durmadan artır və vətəndaşlar sadəcə olaraq heç nə ala bilmir. Benzinin bahalaşmasından sonra qiymətlər yenidən artdı. Hökumət səbəb kimi Rusiyanı göstərir, halbuki, orada benzinin qiyməti 10 faiz, Ermənistanda isə 40-50 faiz artıb. Bu qəbuledilməzdir. Beynəlxalq səviyyədə ərzağın qiyməti aşağı düşür, Ermənistanda isə artır. Bütün bunlar təbii olaraq miqrasiyaya təsir edir və insanlar öz ölkəsini tərk edir”. N.Zöhrabyan qeyd edib ki, hazırda Ermənistanı tərk etmək istəyənlərin Avropa İttifaqı ölkələrinin səfrliklərinə etdikləri müraciətlərin tempi insanı dəhşətə salır: “Ermənistanda iqtisadiyyat inhisara alınıb. Hökumətin dediyi 6 faiz iqtisadi artım sadəcə kağız üzərindədir. Faktiki olaraq, artım sıfıra bərabərdir”. Erməni deputat əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi də insanların Ermənistanı tərk etməsində başlıca səbəbdir: “Münaqişənin davam etməsi miqrasiyaya böyük təsir göstərir. Bu bizim üçün çox ağrılı məsələdir, xüsusilə cəbhəyə kimlərin getməsində bərabərsizliyin olması böyük problemdir. Ermənistanın adi vətəndaşı əmin olsaydı ki, onun oğlu ilə birlikdə deputatın, yaxud nazirin oğlu da ön cəbhədədir, bunu qəbul edərdi. Lakin bunun tam əksinədir. Buna görə də insanlar oğulları böyüyən kimi ölkədən göndərirlər. Qarabağ konflikti də Ermənistandan miqrasiyasını artırır. Konfliktin davam etməsi miqrasiyaya böyük təsir göstərir”. Məsələ ilə bağlı “Vestnik Kavkaza” yazır ki, hadisələrin indiki tempdə inkişafı Ermənistanın əleyhinə işləyir. Bu fonda diqqət ona yönəlir ki, Azərbaycanın Qarabağ məsələsində Ermənistanın təcrid olunma siyasətini davam etdirməsi öz nəticəsini verir. Hətta bu gedişlə sayt azərbaycanılaların tarixi torpaqlaarı olan İrəvana, Zəngəzura və digər bölgələrə qayıtmasının da tezləşəcəyini vurğulayır: “Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən bildirib ki, İrəvan Azərbaycanın tarixi ərazisidir və azərbaycanlılar ora qayıtmalıdır. Ermənistan tərəfi Azərbaycan dövlət başçısının bu bəyanatının məğzini ya anlamayıb, ya da öz ənənələrinə sadiq qalmaqla mənanı təhrif edərək həm öz, həm də Rusiya KİV-lərində tirajlamağa başlayıblar. İlham Əliyev vurğulayıb ki, İrəvan Azərbaycanın tarixi ərazisidir, bunu təkzib etmək mümkünsüzdür, çünki həqiqətdir. Bu, məsələnin tarixi bölümüdür. Siyasi yönünə toxunarkən, qeyd etmək lazımdır, məntiqlə dostluq edən hər kəs asanlıqla anlamağı bacarar ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının uyğun qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli çözümündən sonra azərbaycanlıların öz Vətəninə – İrəvana, Zəngəzura və Ermənistanın başqa ərazilərinə qayıtmaq haqqı olacaq, eyni zamanda ermənilər də Bakıya, Gəncəyə, Dağlıq Qarabağa və Azərbaycanın başqa bölgələrinə qayıda biləcək. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan hökumətinin tərəfdar olduğu dinc və ədalətli tənzimləməsindən sonra baş verəcək. Bu fonda bu bəyanatda nəyin Ermənistan tərəfinin çılğın hiddətini doğurduğunu yalnız ehtimal etmək qalır. Və həm də Ermənistanın Azərbaycanın Xocalı şəhərində insanlığa qarşı cinayətdə iştirak etmiş fəaliyyətdəki prezidenti Serj Sarkisyanın özü bildirib ki, Ermənistan rəhbərliyinin məqsədi təkcə Azərbaycan ərazilərinin işğalı deyil, həm də ermənilərin böyüyən nəslini yeni təcavüz və işğallara hazırlamaqdır. Dəlilsiz görünməmək üçün Ermənistan prezidentinin 2011-ci ilin iyulunda V Panermənistan olimpiadasının iştirakçıları və “Lyus” fondunun təqaüdçüsü olan tələbələrilə görüşdə dediyi sözləri göstərək (bu görüşün stenoqramıyla Ermənistan prezidentinin rəsmi saytında tanış olmaq mümkündür). Tədbirə qatılanlardan biri Serj Sarkisyana sıradakı sualı verib: “Mən Qriqor Ambartsumyan, Ararat vilayəti Şaumyan orta məktəbinin şagirdiyəm. Hörmətli prezident, Ermənistan dünyada ən qədim dövlətlərdən biri sayılır və ölkəmiz bir zamanlar dünyanın ən güclü dövlətlərindən biri idi – Böyük Tiqranın vaxtında. Lakin biz bunu Ermənistanın indiki durumu haqda deyə bilmərik. Mənim üçün maraqlıdır, bir alman diplomatın xəbər verdiyi kimi, bizi hansı gələcək gözləyir - Sevanda üzməyə yer qoyduqları, amma qurumaq üçün yer saxlamadıqları Batumi müqaviləsini xatırladan, yaxud Araratla birlikdə Qərbi Ermənistanı bizə qaytaracaq gələcək?”. Ermənistan prezidentinin cavabı aşağıdakı kimiolub: “Bunların hamısı səndən və sənin nəslindən asılıdır. Düşünürəm ki, 1990-cı illərin əvvəlində vətənimizin bir hissəsini – Qarabağı düşmənlərdən qorumaq gərəkəndə mənim nəslim qarşısında duran vəzifəni icra edib. Biz bunu etməyi bacardıq. Və mən bunu kiməsə tənə vurmaq üçün demirəm. Demək istəyirəm ki, hər nəslin öz vəzifəsi var və o bu vəzifəni yerinə yetirməyi və yaxşı icra etməyi bacarmalıdır…”
İndi isə prezident İlham Əliyevin mesajını – “İrəvan – azərbaycanlıların qayıtmalı olduğu tarixi Azərbaycan torpağıdır” – prezident Serj Sarkisyanın mesajıyla tutuşduraq: “Mənim nəslim Qarabağı qaytarıb, Araratın (Ağrıdağın) qaytarılması sənin nəslinin vəzifəsidir”. Azərbaycan prezidenti azərbaycanlılaırn İrəvana qayıtmalı olduğunu ifadə edərkən Serj Sarkisyan erməni gəncliyindən Araratı qaytarmağı tələb edir. Bax, bütün bu uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsi prosesini imitasiya edən ölkə lideri tərəfindən Ermənistanın gələcək nəsillərinə çağırış bu cürdür. Bu, erməniçiliyin təzavüzkar mahiyyətinin çoxsaylı əyani nümayişindən biridir. Ermənistanın mövqeyi bu cürdür və ən başlıcası – bu ölkə ilə problemin dinc həllinə nail olmaq mümkün deyil. Faşizmi, işğal siyasətini, problemin həllində güc tətbiqini təbliğ edən dövlət yalnız gücün dilindən anlayır. Yekunda Ermənistan tərəfə məsləhət vermək istərdik ki, “Qaranlıq otaqda qara pişiyi axtarma – xüsusən də o orada yoxdursa”. Bütün bunlar bir daha Ermənistanın indiki rəhbərlyinin yanlış mövqedə olduğunu və elə bu səbəbdən Azərbaycanın tezliklə ərazi bütövlüyünün bərpa olunacağını, eləcə də azərbaycanılıların indiki Ermənistanın qurulduğu tarixi torpaqlarına da qayıdacığını tam qətiyyətlə deməyə əsas verir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.