Məhəmməd Əsədullazadə: “Yay aylarında danışıqlar mərhələli həll planı üzrə getməsə və irəliləyiş əldə olunmasa, mümkündür ki, Azərbaycan gücə əl atsın”
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər. Xəbər verildiyi kimi, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts ölkə Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatla çıxışı zamanı bildirib.
Hesabatda 2018-ci ildə ABŞ milli təhlükəsizliyi üçün yarana biləcək bütün təhdidlər barədə danışılır. Dağlıq Qarabağla bağlı hesabatın bir hissəsində “tərəflər güzəştə getməyə tələsmirlər” deyilir.
ABŞ kəşfiyyatının direktoru hesab edir ki, Azərbaycanda sabit hərbi modernləşmənin aparılması və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması 2018-ci ildə böyük hərbi münaqişələrə səbəb ola bilər.
Hesabata əsasən, Kreml postsovet məkanında öz təsirini daha da genişləndirəcək. Moskva bu məqsədlərlə “aqressiv və oportunist siyasət” aparacaq. Bununla belə, ABŞ Milli Kəşfiyyatı Gürcüstanın da vəziyyətinin mürəkkəb olaraq qaldığını, bunun mənbəyinin Rusiyanın Tiflisin Qərbə inteqrasiyasını əngəlləmək səyləri olduğunu bildirir.
Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair şərhlər Koutsun ABŞ Senatının xüsusi Kəşfiyyat komitəsində dinləmələr üçün hazırlanan giriş nitqindəki mətnində əks olunub. Bu müntəzəm dinləmələrdə ABŞ milli təhlükəsizliyi üçün gözlənilən təhdidlər nəzərdən keçirilir. Kouts rəsmi olaraq bütün 16 ABŞ kəşfiyyat təşkilatının işinin koordinatoru hesab edilir.
O da məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir. Ermənistan qeyri-konstruktiv mövqe tutmaqda davam edərək işğal etdiyi əraziləri boşaltmaq istəmir. Bu da, istər-istəməz, müharibə risqini artırır. Bütün bunların fonunda, ABŞ Milli Kəşfiyyat İdarəsinin Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında gərginliyin 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola biləcəyi ilə bağlı proqnozu nə dərəcədə realdır?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin Qarabağla bağlı illik hesabatı Rusiyaya mesajdır: “Çünki bu münaqişə Rusiyanın inhisarındadır və münaqişə alovlanacağı təqdirdə Moskvanın regionda geosiyasətini hədəfə ala bilər. Qeyd edim ki, ABŞ Minsk Qrupunun üzvü kimi belə bir açıqlama verirsə, bu, aparılan danışıqların səmərəsiz olduğunun göstəricisidir. Çünki Mərkəzi Kəşfiyyat İdarəsinin məlumat və hesabatları birbaşa ABŞ-ın siyasi mövqeyini özündə əks etdirir. Demək belə çıxır ki, Vaşinqtonun Minsk Qrupunda apardığı vasitəçilik missiyası nəticəsizdir və təklif olunan detalların mexanizmi sülhü, kompromisi özündə ehtiva etmir. Hesab edirəm ki, bu il konfliktin həlli ilə bağlı müəyyən gözləntilər var. Ötən ildən başlayan intensiv danışıqlar prosesinin növbəti raundunun apreldən sonra davam edəcəyi gözlənir. Minsk Qrupu həmsədrlərinin regiona səfəri, Bakı və İrəvanda keçirdiyi görüşlər, münaqişə tərəflərinə təklif etdiyi detallar konfliktin həllini çətinləşdirir. Milli Kəşfiyyat İdarəsinin bu hesabatı həmsədrlərin səfərindən sonra açıqlaması münaqişənin kritik olmasından irəli gəlir. Azərbaycan prinsipcə münaqişənin həllini tezləşdirməyə çalışır. Bunun ya hərb, ya da diplomatik yolla olması istisna deyil. Qeyd edim ki, yay aylarında danışıqlar mərhələli həll planı üzrə getməsə və irəliləyiş əldə olunmasa, mümkündür ki, Azərbaycan gücə əl atsın. Həmsədrlərin irəli sürdüyü təkliflər Azərbaycanın milli suverenliyinə ziddir. Qarabağ və ətraf rayonların məsələsi mütləq şəkildə Azərbaycanın suverenliyi çərçivəsində həll edilməlidir. Regionda geosiyasi vəziyyət, Yaxın Şərqdə təhlükəsizlik problemi, Rusiyaya qarşı artan təzyiqlər Azərbaycana şərait yaradır ki, öz hərbi gücünü Ermənistan üzərində hiss etdirsin”.
Cəmilə QARAYEVA