Zaur Əliyev: “Bu tədbirlər keçirilən zaman vizual dəstək göstərilməlidir”
Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 26 il ötür. Xocalı faciəsinin yad olunması ilə bağlı hər il silsilə tədbirlər keçirilir. Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.
Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər Xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımla bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Həmçinin, fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
Qeyd etdiyimiz kimi, 26 fevral tarixində Xocalı faciəsinin yad olunması ilə bağlı həm ölkə daxilində, həm də xaricdə silsilə tədbirlər keçirilir.
Bu illər ərzində Xocalı faciəsi ilə bağlı keçirilən silsilə tədbirləri necə xarakterizə etmək olar?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi Zaur Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Xocalı faciəsi ilə bağlı tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var: “Ancaq bu tədbirlər keçirilən zaman vizual dəstək göstərilməlidir. Bu gün Xocalıya aid dünya səviyyəsinə çıxacaq səviyyədə filmimiz yoxdur. Bu sahədə nə sənədli, nə də bədii filmimiz var. Ümumiyyətlə, xaricdə təbliğat aparılacaq səviyyədə vizual görünüş yoxdur”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Xocalı ilə bağlı bukletlər hazırlanır: “Demək olar ki, hazırlanan bukletlərin əksəriyyəti bir-birinin təkrarıdır. Avropadakı insanların düşüncəsinə təsir edəcək səviyyədə buklet tərtib olunmur. Danılmaz faktdır ki, ermənilər xocalılara olmazın əzab-əziyyət veriblər. Zorakılığın ən pik formasını tətbiq ediblər. Bu gün tərtib olunan bukletlərdə 625 nəfərin öldürüldüyü və ya onlara hansı işgəncələrin verildiyi göstərilir”.
Z.Əliyev təklif edir ki, Xocalı faciəsi ilə bağlı filmlər çəkilsin. 30 və ya 50 dəqiqəlik filmdə insanları düşündürəcək hadisələr göstərilməlidir: “Şahidlərin çıxışı və ya hadisəyə aid fotolar filmlərdə göstərilə bilər. O filmlərin dünyaya çıxması üçün ya xarici dillərdə səslənməli, ya da titrdə yazılar əcnəbi dildə göstərilmədir”.
Siyasi elmlər doktoru onu da vurğuladı ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası düzgün istiqamət üzrə aparılır: “Bu kampaniya dünya standartlarına tam şəkildə cavab verir. Bununla da kifayətlənməməliyik. Xocalı faciəsi elə bir yaradır ki, bu ümummilli məsələdir. Azərbaycan diasporu məlum hadisə ilə bağlı tədbirlər keçirilən zaman azərbaycanlılarla yanaşı, oradakı universitet, mətbuat orqanlarında, elmi mərkəzlərdə faciə barədə məlumatlar versin. Nəzərə almaq lazımdır ki, bizim parlamentlərarası münasibətlər çərçivəsində, dövlətin siyasətində Xocalı faciəsi barədə məlumat verilir. Bizim üçün əsas olan xarici ölkə vətəndaşlarının bu məsələyə diqqətini cəlb etməkdir. Tələbələrə, elm adamlarına, media nümayəndələrinə və digər sahələrdə çalışanlara Xocalı faciəsi barədə mütəmadi məlumat verilməlidir.
Günel CƏLİLOVA