Günel Fərhadqızı: “AİB-lə sərhədi olmayan bir dövlət necə körpü rolunu oynaya bilər?”
İranın Ermənistandakı səfiri Seyid Kazım Səccadi İrəvan Dövlət Universitetində İranşünaslıq Mərkəzinin açılışında diqqətçəkən bir sıra bəyanatlar verib. Birincisi, səfir deyib ki, İran Ermənistana “əlverişli qiymətlərlə” qaz satmağa hazırdır.
O qeyd edib ki, İran kommunikasiya bölməsində, xüsusən də Şimal-Cənub avtoyolu və Ermənistan-İran dəmir yoluna dair də addımlar atmağa hazırdır: "Siz öz hissənizi inşa edəcəksiniz, biz isə özümüzünkünü".
Səfir bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyündən İran mənfəət görməyib: “Siz görübsünüzsə, deyin”.
Bu məlumatı Ermənistan saytları yayıb. İranın Ermənistandakı səfirinin çıxışındakı ən maraqlı detal Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə bağlı söylədikləridir. Maraqlıdır, İran Ermənistanın AİB-ə üzvlüyündən hansı mənfəəti gözləyirmiş?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, İran səfirinin bu açıqlamasında gizli mesajlar var: “Siz son 2-3 illik müddətdə İranla Ermənistan arasında aparılan danışıqların motivinə fikir verin. Təbii ki, bu xüsusda Ermənistan İrandan çox asılıdır. Yəni İran özünü ətraf aləmdən təcrid edən işğalçı bir ölkə üçün nəfəslik rolunu oynayır. Ermənistan isə heç nəyi ilə İranı təəccübləndirə bilmirdi. Buna görə də bir qədər hiyləyə əl ataraq daim belə tezisi qabartmağa başladı: “Ermənistan İran və Avrasiya İqtisadi Birliyi arasında körpü ola bilər”. Bu xüsusilə də İran üzərindən sanksiyaların götürülməsilə bağlı söhbətlərin aktiv olan dönəminə təsadüf edir. Həmin vaxt Ermənistan İrana öz ərazisində ortaq müəssisələr inşa edilməsini təklif edirdi. Həmin müəssisələrdə İran məhsulları istehsal ediləcəyinə və onların Rusiya və AİB ölkələrinə ixracının asanlaşacağına dair sözlər verilirdi.
Sonra İran-Ermənistan dəmir yolunun və İran-Ermənistan-Gürcüstan qaz kəmərinin çəkilməsi gündəmə gəldi. Amma Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində hər iki layihə təxirə salındı. Ardınca Azərbaycan və Gürcüstan arasında qaz böhranı öz həllini tapdı. Bu səbəbdən İranın Gürcüstana Ermənistan ərazisindən qaz ötürməsinə ehtiyac qalmadı. Digər bir tərəfdən isə Prezident İlham Əliyev Tehranda səfərdə olarkən Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi ilə bağlı sənəd imzaladı. Bu baxından da Ermənistanın AİB ilə İran arasında körpü rolunu oynamaq istəməsi kimi ideyası reallaşmadı. Maraqlıdır ki, AİB-lə sərhədi olmayan bir dövlət necə körpü rolunu oynaya bilər?
Ermənistanın İranla sərhədi var. Amma Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərin heç biri ilə birbaşa sərhədi yoxdur. Ermənistan İrandan başqa Gürcüstan, Azərbaycan, Türkiyə ilə həmsərhəddir. Amma Azərbaycan, Türkiyə ilə iqtisadi və siyasi əlaqələri yoxdur. Bundan başqa, Gürcüstanın Rusiya ilə münasibətlərinin soyuq olması Ermənistanın AİB-dəki təsirini daha da azaldır. Köklü dövlət olan İran bunları daha yaxşı dərk edir. Səfirin son fikirləri də buna işarədir ki, Ermənistan bir daha AİB adı ilə manipulyasiya etməsin”.
Məhəmmədəli QƏRİBLİ