Dağlıq Qarabağ münaqişəsinin işğalçı Ermənistana vurduğu ən böyük zərbələrdən biri bu ölkə əhalisinin ağır sosial-iqtisadi problemlərlə üzləşməsi, miqrasiya prosesinin isə getdikcə daha geniş vüsət almasıdır. Hətta iş o yerə çatıb ki, ermənilər özləri ağır vəziyyət üzündən artan miqrasiyanın milli təhlükəsizliklərini təhdid edən bir səviyyəyə çatdığını da açıq bəyan edirlər. Düşməni qorxudan daha bir məqam isə Azərbaycanda tamam əks prosesin yaşanmasıdır.
Məsələ burasındadır ki, ötən dövr ərzində Azərbaycanda demoqrafiya sahəsində kifayət qədər müsbət meyllər müşahidə olunub və ölkə əhalisinin sayı artıq 10 milyona yaxınlaşmaqdadır. Təbii ki, bunu şərtləndirən başlıca səbəblərdən biri sosial-iqtisadi müstəvidə vəziyyətin yaxşı olması, elə bu səbəbdən bir vaxtlar iş üçün xaricə üz tutan azərbaycanlıların da geri qayıtmasıdır. Beləliklə, digər sahələrlə yanaşı, demoqrafiya müstəvisində də Azərbaycan Ermənistan üzərində əzici üstünlüyə malikdir. Bu isə Qarabağ münaqişəsinin gedişinə ciddi təsir göstərən faktorlardan biri sayılır. Ən azı o baxımdan ki, belə vəziyyətdə ordunun şəxsi heyətlə təminatı baxımından Azərbaycan, Ermənistandan fərqli olaraq, heç bir problem yaşamır. Digər tərəfdən, ehtyiatda olan qüvvələrin say nisbəti baxımından da vəziyyət böyük fərqlə ölkəmizin lehinədir. Bu fonda durumun artıq Ermənistan üçün fəlakət həddində olması isə düşmən ölkədə açıq etiraf olunur. Məsələn, Milli Statistika Xidmətinin dərc etdiyi son məlumatları şərh edən demoqraf Artak Markosyan bildirir ki, əhalinin sayının azalması bu şəkildə davam edərsə, Ermənistan 1990-cı illərdə qeydə alınan indekslərə malik olacaq. Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına əsasən, 1 yanvar 2018-ci il tarixinə olan göstəricilərə görə, Ermənistanın daimi sakinlərinin sayı 2 milyon 972,9 min nəfər təşkil edib. Ötən ilin eyni dövründə isə daimi əhalinin sayı 2 milyon 986 min olub. Bu, bir il ərzində 13,2 min nəfər azalma deməkdir. Milli Statistika Xidmətinin məlumatına görə, həmçinin təbii artım templəri də azalıb. 2016-cı il illə müqayisədə 2017-ci ildə təbii artım 16,4 faiz aşağı düşüb. Həmçinin, nikahların və doğumun sayı azalıb. 2017-ci ildə Ermənistanda 37 min 699, 2016-cı ildə 40 min 592, 2015-ci ildə isə 41 min 763 nəfər doğulub. Markosyan bununla bağlı qeyd edib: “Göstərilən azalma ciddi göstəricidir. Biz göstəricilərlə doğum sayının kəskin düşdüyü və emiqrasiya yüksək göstəricilərinin olduğu 1990-cı illərə qayıda bilərik”. Demoqrafın sözlərinə görə, vəziyyəti qarşısıalınmaz adlandırmaq olar: “Proqnozlara görə, 2025-ci ildə ölüm faizi doğum faizini ötəcək, amma bu, şübhəsiz, daha erkən olacaq”. Demoqrafın müşahidələrinə görə, 2017-ci il 1991-ci ildən sonra Ermənistanda təbii artım üzrə ikinci ən pis göstəricidir. O xatırladıb ki, digər pis göstərici 2001-ci ildə qeydə alınıb. Həmin il təbii artımın göstəricisi 8 min təşkil edirdi. O bildirib ki, 2040-cı ildə Ermənistanın əhalisinin 4 milyon olacağı barədə prezident Serj Sarkisyanın bəyanatı qeyri-ciddidir: “Çünki Ermənistanın daxili həyatında hərəkət yoxdur, xaricdə yaşayan həmyerlilərimizi vətənə qayıtmağa məcbur etmək üçün islahatlar aparılmır. Azalmanın olacağına dair bütün əlamətlər var. Təbii artımın illik 7 faiz azalması artıq siqnaldır. Bundan nəticə çıxarmaq lazımdır”.
Digər tərəfdən diqqət ona yönəldilir ki, rəsmi rəqmələrdə ölkədə 3 milyona yaxın insanın yaşadıığ bildirilsə də, reallıqda bu göstərici heç 2 milyona belə çatmır. Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyasının başçısı, “Sarukyan” fraksiyasının deputatı Naira Zohrabyan isə qeyd edir ki, miqrasiya Ermənistanın milli təhlükəsizlik probleminə çevrilib. Onun sözlərinə görə, iqtisadi artımla bağlı Ermənistan hökumətinin dərc etdiyi rəqəmlər reallığa söykənmir. Erməni deputat yalnız 2017-ci ildə Ermənistanın 25 mindən çox sakininə Rusiya vətəndaşlığının verildiyini xatırladıb: “ Ermənistanda kağızda yazıldığı və hökumət tərəfindən dərc edilmiş real iqtisadi artım olsaydı, miqrasiya və vətəndaşlığın dəyişməsinin belə yüksək templəri müşahidə olunmazdı. Məsələ onda deyil ki, Rusiyaya gedənlərin sayı artıb, həm də onlar Avropanın müxtəlif ölkələrinə getməyə cəhd edirlər. Hesab edirəm ki, miqrasiya Ermənistanın milli təhlükəsizliyi üçün çox ciddi problemdir”. Qeyd edək ki, Rusiyanın Daxili İşlər Nazirliyinin bu ayın əvvəlində yaydığı məlumata görə, 2017-ci ildə 25 min 144 erməniyə Rusiya pasportu verilib.
Bütün bunlar Ermənistanın insan resursunun sürətlə tükəndiyini aydın surətdə meydana çıxarır. Məsələ ilə bağlı “Jamanak“ qəzeti yazır ki, hadisələrin məhz bu səpkidə inkişaf etməsinin başlıca səbəbi Dağlıq Qarabağ münaqişəsinin davam etməsidir. Qəzet diqqəti ona yönəldir ki, münaqişə nəticəsində Ermənistanı tərk edənlərin sayı artır, ordunun şəxsi heyətlə komplektləşdirilməsində ciddi problemlər yaşanır: “Ölkənin regionda həyata keçirilən layihələrdən kənarda qalması heç bir müsbət perspektiv vəd etmir. Nəticədə bundan sonra da Ermənistanı tərk edənlərin sayında artım gözləmək olar. Ölkəni tərk edənlərin say artımı isə artıq fəlakət həddinə çatıb. Həm Ermənistanı, həm Qarabağı tərk edənlərin qarşısını ala biləcək hansısa mexanizm isə yoxdur“. Məsələyə eyni rakursdan yanaşan “1in.am” saytı da yazır ki, Azərbaycanın davam edən təcrid siyasəti Ermənistana getdikcə daha böyük zərbələr vurulması ilə müşayiət edilir. “Şimal-Cənub“ layihəsinin işə salınmasına gedən hazırlıq fonunda sayt yazır: “Fevralın 8-də Rusiya taxta-şalban materialları yüklənmiş 6 vaqondan ibarət test qatarı Azərbaycan və İran dəmir yollarını birləşdirən Astara-Astara dəmir yolu ilə Rusiyadan İrana yola düşdü. Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu mart ayında hər iki ölkə rəsmilərinin iştirakı ilə rəsmi mərasimlə açılaraq tam istismara veriləcək. Beləliklə, bölgədə Azərbaycan, İran və Rusiyanın iştirakı ilə yeni perspektiv əməkdaşlıq platforması formalaşır. Azərbaycana mərkəzi rol ayrılmış bu layihə Ermənistanın siyasi-iqtisadi təcridini daha aydın şəkildə ortaya qoyur. Bakıda rəsmi dairələr “Şimal-Cənub“ layihəsinin onlar üçün təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan cəlbedici olduğunu gizlətmir, çünki bu layihə sayəsində Ermənistan regional əməkdaşlıqdan kənarda qalır. Bu cür qlobal proqramlar İran və Rusiya üçün Ermənistanın önəmini tədricən aradan qaldırır. Ermənistanın Rusiyanın əlaltısı olmaq kimi alçaldıcı statusu möhkəmlənir, nəticədə ölkəmiz müstəqil subyekt olmaqdan çıxaraq bütün regional inteqrasiya layihələrindən xaric olur. Digər tərəfdən, Ermənistanın bu pat və dalan vəziyyəti onun Qarabağ siyasətinin tutarsızlığını da aşkara çıxarır. Status-kvonun qorunmasına yönəlmiş bu siyasət rasional deyil, çünki status-kvo təkcə ön xətdəki, hərbi müstəvidəki balans deyil, həm də Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin, demoqrafik statistikanın müqayisəsidir. Qarabağ münaqişəsinin mövcudluğu və sərhədlərin bağlı olması Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğaraq onu inkişafdan məhrum edir. Bu kontekstdə Azərbaycan bütün regional layihələrin aktoruna çevrilir, bu isə qaçılmaz olaraq hər iki ölkənin qeyri-bərabər inkişafına gətirib çıxaracaq – təbii ki, Ermənistanın ziyanına. Milyardlarla dollar gəlirə malik Azərbaycan boşalan Ermənistan üçün təhlükə olacaq. Bu aksiomatik faktın qəbul olunmaması bizim dövlət və siyasi sistemimizin qeyri-adekvatlığını və irrasionallığını göstərir. Ermənistan hakimiyyətinin effektiv siyasətinin göstəricisi danışıqlar prosesinin uzadılması deyil, münaqişənin rasional kompromislər əsasında tezliklə həlli olmalıdır. Zaman gözləmir və Ermənistanın əleyhinə işləyir. Danışıqlar prosesindən maksimum fayda götürmək üçün situasiyanı ayıq qiymətləndirmək lazımdır”. Bundan başqa qeyd olunur ki, Qarabağ münaqişəsinin həllinin uzanması fonunda sosial-iqtisadi vəziyyətin pisləşməsi erməni əhalisinin əvvəlki qaydada ölkəni tərk etməsini sürətləndirəcək və belə vəziyyət nəticə etibarı ilə Ermənistanın bir dövlət olaraq tənəzzülünü daha dinamik hala gətirəcək. Sayt qeyd edir ki, elə Azərbaycanın da istədiyi məhz budur: “Ermənistanda dağıdıcı emiqrasiya Azərbaycanın əminliyini daha da gücləndirir. Ermənistanı tərk edən hər bir kəs bununla özü də dərk etmədən Azərbaycanı istəyinə daha bir qapı açır. Görünən budur ki, Azərbaycanın mövqeyi praqmatik siyasi əsasa malikdir. Bu praqmatizmin göstəricisi boşalan Ermənistandır”. Erməni Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan da bildirir ki, Azərbaycanın həyata keçirdiyi siyasət üzündən Ermənistan dalana dirənmiş vəziyyətdədir. O, “Vestnik Kavkaza” saytına müsahibəsində bu xüsusda bildirib: “Ermənistan hazırda regional dövlətlərarası iqtisadi əlaqələrdə heç bir yer tutmur. Bütün regional və beynəlxalq xətlər bizim yaxınlığımızdan keçir. Ermənistan təkcə siyasi blokadada yox, həm də iqtisadi mühasirədədir. O, hər tərəfdən qapalı vəziyyətdədir və heç bir regional layihədə iştirak etmir. Hətta bizim hökumət də regional proqramlarda iştirak etmək istəmir. Yəni biz Qafqazda sadəcə mövcud deyilik və bu situasiya artıq 20 ildən çoxdur davam edir. Bu illər ərzində bizim yaxınlığımızdan çoxlu layihələr – Bakı-Tiflis-Ceyhan kəməri, Bakı-Tiflis-Qars dəmir yolu, “İpək yolu”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi keçdi.
Biz elə bil ki, regionda mövcud deyilik. Ermənistan de-yure Qafqazda var, amma Qafqaz layihələrinin heç birində iştirak etmir. Biz iqtisadi baxımdan dalandayıq, ona görə də Ermənistana heç kim pul yatırmır. Əvvəllər biz ildə heç olmasa 3-4 milyard dollar investisiya alırdıqsa, keçən il cəmi 120 milyon dollar ala bildik”. Onun sözlərinə görə, Qarabağ konfliktinin həll edilməməsi Ermənistanın inkişafına əngəl yaradır: “Müharibə heç bir halda dövlətin inkişafına yardım edə bilməz. İnkişaf və artım üçün sakit, stabil daxili və xarici siyasi vəziyyət tələb edilir. Bizdə isə konflikt ucbatından beləsi yoxdur. Ermənistan üçün ən böyük problem Qarabağın həll edilməməsidir. Bu problemi həll etmək lazımdır və bizim partiya artıq bunu özünün siyasi proqramına daxil edib. Yalnız bizim partiya konfliktin həlli ilə bağlı proqramla çıxış edir”. İndilikdə isə erməniər yaxşı bilir ki, Qarabağ münaqişəsi həllini tapmasa, Ermənistanı daha böyük problemlər gözləyir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.