Mədəniyyət və Turizm Nazirliyi: “Kolumbiyada fəaliyyət göstərən Müharibə Muzeyinə nazirlik tərəfindən heç bir eksponat verilməyib” Təranə Qurbanova: “Müharibənin od-alovundan xilas edə bildiyimiz nümunələr eksponat kimi xarici muzeylərdə sərgilənməlidir”
Müharibə bütün dünya üçün ağrı-acı, dərd-kədər gətirir. Müharibənin məhv edib dağıtdıqlarını, yerlə-yeksan etdiklərini sonradan bərpa etmək, əvvəlki halına qaytarmaq olduqca çətindir, bəlkə də mümkünsüzdür. Dünyada elə bir xalq tapılmaz ki, müharibənin sərt üzü ilə rastlaşmasın. Müharibə zamanı dağıdılan evlər, tarix-mədəniyyət abidələri, əsrlərlə qurulub yaradılanların bir andaca məhv edilməsi olduqca dəhşətlidir.
Dünyada müharibədən əziyyət çəkən ölkələr müharibənin caynağından qopardığı, eləcə də müharibə zamanı zədələnən nümunələri müxtəlif muzeylərin eksponatına çevirirlər. Bu eksponatlarla tanış olanlar həmin ölkənin müharibə ağrısını içdən hiss edirlər.
Məlumatlara görə, Kolumbiyada Müharibə Muzeyi fəaliyyət göstərir. Bu muzeydə müharibədən əziyyət çəkən ölkələrin müharibə gedən ərazilərdən çıxardıqları eksponatlar sərgilənir. Dünyanın bir sıra ölkələrinə aid eksponatların, zədələnmiş predmetlərin sərgiləndiyi muzeydə qanlı savaşların insanlara yaşatdığı bəlaların nümunələri təqdim edilir.
Belarus yazıçısı Vasili Bıkovun belə bir maraqlı sözü var: “Müharibə və mədəniyyət bir araya gəlmir, onlar ayrı-ayrı dillərdə danışırlar”. Bəli, müharibə çox mədəniyyətləri məhv edib, zədələyib. Azərbaycan mədəniyyətinə də müharibələr az zərər vurmayıb. Erməni təcavüzü nəticəsində Qarabağda saysız maddi mədəniyyət abidəsinə zərər dəyib, onların, demək olar ki, əksəriyyəti məhv edilib, ya da “erməniləşdirilib”.
1988-ci ildən başlayaraq ermənilər tərəfindən 100 mindən artıq əşyaya malik olan 22 muzeyimiz işğal olunub. Ağdamda Çörək muzeyinin bombalanması, digər muzeylərin yerlə-yeksan edilməsi dediklərimizə əyani subutdur.
Müharibədən əziyyət çəkən bir ölkə kimi Azərbaycanın işğal edilən torpaqlarına, Dağlıq Qarabağa aid eksponatların Kolumbiyanın Müharibə Muzeyində olub-olmamasını araşdırdıq. Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorundan “Bakı-Xəbər”ə bildirdilər ki, nazirliyin xətti ilə sözügedən muzeyə Azərbaycanla bağlı eksponat verilməyib: “Qarabağ müharibəsinə aid materiallar, şəhidlərimizə aid sənədlər, əşyalar İstiqlal Muzeyində saxlanır. Ancaq Kolumbiyada fəaliyyət göstərən Müharibə Muzeyinə nazirlik tərəfindən heç bir eksponat verilməyib. O muzeydə Qarabağ müharibəsinə aid hər hansı bir eksponatın olmasından xəbərimiz yoxdur. Ola bilsin, başqa bir xətlə ora müharibə ilə əlaqədar hansısa bir eksponat daxil olsun. Biz bundan xəbərsizik”.
Muzeyşünas Təranə Qurbanova bizimlə söhbətində qeyd etdi ki, vaxtilə Azərbaycanın saysız-hesabsız maddi mədəniyyət nümunəsi xarici ölkə muzeylərinə daşınıb və o muzeylərin vacib eksponatlarına çevrilib. Muzeyşünas hesab edir ki, erməni təcavüzünə məruz qalan Azərbaycan torpaqlarına aid eksponatlar da xarici ölkə muzeylərində yer tutmalıdır: “Dağlıq Qarabağ müharibəsinin ağrı-acılarını yaşayan bir xalq kimi işğalın, təcavüzün nə olduğunu dərindən hiss etmişik, onu taleyimizdə yaşamışıq. Bu gün Dağlıq Qarabağ müharibəsinə aid sənədlər, materiallar, müharibənin od-alovundan xilas edə bildiyimiz nümunələr eksponat kimi xarici muzeylərdə sərgilənməlidir. Sözügedən Müharibə Muzeyinə də o eksponatlardan verməliyik ki, orada bizim də səsimiz duyulsun. O muzeyə gələn insanlar bu eksponatlara baxıb görsünlər ki, Azərbaycan işğaldan əziyyət çəkən ölkədir. Xarici muzeylərə işğal edilmiş rayonlarımıza aid eksponatlar təqdim edilməlidir. Kolumbiya Azərbaycanla bir sıra sahələrdə, o cümlədən də humanitar sahədə əməkdaşlıq edir. Onu da deyim ki, bu ölkə Xocalı qətliamını, soyqırımını tanıyan ölkələr sırasındadır. Yəni Qarabağ problemi haqqında bu ölkənin geniş məlumatı var. Bu baxımdan o muzeyə xocalılara aid eksponatlar, sənədlər, məhv edilmiş ailələrin fotoları, nəşrlər göndərilməlidir”.
İradə SARIYEVA