Məhəmməd Əsədullazadə: “Azərbaycanın verdiyi təkliflər və prinsipial mövqeyi rəsmi İrəvanı qane etmir”
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda zaman-zaman Ermənistan həlledici məqamlarda prosesi pozmaq üçün təxribatlara əl atb. Bu hal istər birinci Qarabağ müharibəsi, istərsə də atəşkəs dövründə aparılan danışıqlarda dəfələrlə özünü göstərib. Xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər edəndə bu hal özünü daha çox göstərib.
O da məlumdur ki, bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edərək bir sıra görüşlər keçiriblər. Məlumata görə, görüşlərdə bəzi konkret məsələlər müzakirə olunub. Maraqlıdır ki, həmsədrlərin regiona səfəri başa çatandan sonra Ermənistan ənənəvi xislətinə sadiq qalaraq fevralın 11-də təxribat törədib. Belə ki, səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus “UAZ” markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb. Azərbaycan Ordusu tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, təcrübə göstərir ki, ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona səfəri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində konkret məsələlər müzakirə olunduğu təqdirdə, Ermənistan tərəfi müxtəlif xarakterli təxribat əməllərinə cəhd göstərir. XİN rəsmisinin fikrincə, burada Ermənistan tərəfinin məqsədi hər vəchlə danışıqlar prosesinə mane olmaqdan ibarətdir.
Maraqlıdır, bəs ekspertlər Ermənistanın bu çirkin siyasətini necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin region səfərindən sonra Ermənistanın cəbhədə və sərhəd xəttində təxribatları təsadüfi deyil: “Qeyd edim ki, xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərin kreativ təkliflərə malik olduğunu və bu təklifləri regiona səfəri çərçivəsində müzakirə edəcəklərini qeyd etmişdi. Həmçinin, bu səfərdə Azərbaycanın verdiyi təkliflər və prinsipial mövqeyi, görünür, rəsmi İrəvanı qane etmir. Bundan irəli gələrək Ermənistan aparılan danışıqlar prosesini pozmaq və seçki öncəsi erməni əhalisinin diqqətini cəbhəyə yönəltməklə bu kimi təxribatlara əl atır. Artıq Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq Avropa İttifaqı tərəfindən dəstəklənir və rəsmi bəyanatda ikili standartlara yol verilmir. Bununla yanaşı, Avropa İttifaqının bəyanatı, Azərbaycanın hərbi gücünün artması İrəvanda təşvişlə qarşılanır. Çünki çox yaxşı başa düşürlər ki, Rusiyanın sanksiyaların təsiri ilə zəifləməsi Ermənistana mümkün yardımları arxa plana keçirir. Lakin Azərbaycanın Rusiya ətrafında gedən proseslərdən qazanclı çıxacağı hamıya aydındır.
Minsk Qrupu həmsədrlərinin regiona məntiqsiz səfərlərinin nəticəsidir ki, Ermənistan öz işğal siyasətini davam etdirir. Bu, regionda destabilizasiyaya xidmət edir. Həmsədr institutu kifayət qədər köhnəlib və irəli sürülə biləcək yeni təklifləri yoxdur. Olanda da Ermənistan bunu pozur. İllərdir masada olan təklifləri işğalçı ölkəyə qəbul etdirə bilməyən qurum öz legitimliyini itirib. Fikir versək görərik ki, Rusiya, Fransa və ABŞ hazırda münaqişə ətrafında status-kvonu qoruyub saxlayır və real irəliləyişlər üçün müsbət addımlar atmırlar. Azərbaycanın öz hərbi gücünü artırmaqla bu münaqişənin ədalətli həllinə nail olacağı realdır”.
Cəmilə QARAYEVA