Seyid Camal Əzimbəyli: “Azərbaycanda bu sahədə olan vəziyyət dünyaya mesaj olmaqla yanaşı, həm də gözəl örnəkdir”
Məlum olduğu kimi, Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. M.Əliyeva bu səfərin ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.
Mehriban xanım Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. Qeyd edib ki, son illər yüksək səviyyədə keçirilən görüşlər, səfərlər, 2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası I Fransiskin Azərbaycana səfərləri bu münasibətlərdə yeni tarixi səhifə açıb. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyən M.Əliyeva xalqımızın bu tolerantlığı, dözümlülük ab-havasını, əminamanlığı çox yüksək qiymətləndirdiyini vurğulayıb və bildirib ki, bu həm Azərbaycan dövlətinin siyasəti, həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir: “Bu, Azərbaycanın ən böyük sərvətlərindən biridir və eyni zamanda, heç də sabit olmayan dünyaya vacib bir mesajdır. Belə münasibəti həm Azərbaycanda qoruyuruq, həm də dünyada təbliğ edirik”.
Həqiqətən də Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə, onları təmsil edən millətlərə tolerant münasibət yüksək səviyyədədir. Bu nəcib xüsusiyyət Azərbaycan xalqının çoxəsrlik tarixə dayanan zəngin mədəniyyətindən irəli gəlir. Ona görə də bunun dünyaya bir mesaj olduğu real həqiqətdir.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Azərbaycanda mövcud olan multikulturalizm dünyaya bütün mənalarda örnək olacaq səviyyədədir: “Ona görə də Mehriban xanımın bununla bağlı səsləndirdiyi fikirlər tamamilə doğru və səmimidir. Bu gün dünyanın siyasi mənzərəsinin necə mürəkkəb olması hamıya bəlli olan haldır. Yaxın Şərqdə baş verən dəhşətli hadisələr, Avropada və dünyanın digər dövlətlərində özünü göstərən radikal millətçilik elementlərinin necə mürəkkəb problemlərə yol açdığı məlum həqiqətdir. Bəzi ölkələrdə bu kimi xoşagəlməz tendensiyalar daha da geniş vüsət almaqdadır. Bu da onsuz da narahat vəziyyətdə olan dünyanın siyasi mənzərəsini bir az da mürəkkəbləşdirir. Belə bir dünyada Azərbaycanın sərgilədiyi mövqe, multikultural dəyərlərə sadiqlik həqiqətən də yüksək qiymətləndirilməlidir. Eyni zamanda, bu, dünyaya verilən böyük mesajdır. Azərbaycanda bu sahədə olan vəziyyət dünyaya mesaj olmaqla yanaşı, həm də gözəl örnəkdir. Bu baxımdan hesab edirəm ki, dünya ictimaiyyəti bunun fərqində olmalıdır. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər təqdir olunmalıdır. Arzuolunan odur ki, dünyadakı aparıcı qurumlar, təşkilatlar bütün bunlardan ciddi nəticə çıxarsınlar. Ölkəmizin üzləşdiyi işğala son qoymaq üçün işğalçı Ermənistana təzyiq göstərsinlər. O zaman haqq-ədalət öz yerini tapacaq”.
Cəmilə QARAYEVA