Yeganə Hacıyeva: “Müzakirələrdən çıxan nəticələrdən irəli gələn addımlar atılması vacibdir”
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər əsnasında Prezident İlham Əliyev tərəfindən qəbul edilib: “Səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb.
Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin. İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi, işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir.
Status-kvonun dəyişdirilməsi üçün, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır”.
Növbədənkənar seçkilərdən sonra danışıqların intensivləşdirilməsi ilə bağlı əldə olunan razılaşmanı necə dəyərləndirmək olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə konfliktin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqların davam etdirilməsi haqqında keçən ay Krakov görüşündə irəli sürülən fikirlər əsasında müzakirələr aparılıb: “Ölkə başçısı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həlli ilə əlaqədar konkret mövzular ətrafında fikir mübadiləsi edib. Bir daha vurğulanıb ki, 20 faiz torpağı işğal edilmiş, bir milyon vətəndaşı qaçqın düşmüş, ərazisində etnik təmizləmələrə və s. təcavüzə məruz qalan ölkə kimi, Azərbaycan konfliktin beynəlxalq hüquqa söykənən yenilənmiş Madrid razılaşdırılması əsasında, substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan bütün səyləri dəstəkləməkdə maraqlıdır. Konfliktin həllində sözügedən pilləli substantiv və məntiqi danışıqların anonsu kimi qeyd edim ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə elan edilmiş, işğalın aradan qaldırılması üçün mövcud status-kvonun beynəlxalq hüquqa söykənən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələb etdiyi kimi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının təmin olunması yolu ilə dəyişməsini tələb edir. Lakin eyni yanaşmanı Ermənistan haqqında söyləmək mümkün deyil. Beynəlxalq ictimaiyyət də uzun illərdir bu ölkənin müxtəlif yollarla, bir neçə il isə təmas xəttində insident araşdırma missiyasının formalaşdırılması adı altında faktiki konfliktin tənzimlənməsində yeni quruluşların formalaşdırılması kimi absurd yanaşmaları ilə substantiv danışıqlardan yayınmasını görür. Bununla da onlar status-kvonu davam etdirməkdə maraqlı olduqlarını və konfliktin həllində konstruktiv yanaşma sərgiləmədiklərini ortaya qoyurlar. Azərbaycanın isə Ermənistanın bu yanaşmasını qəbul etmək, torpaqlarının işğalı faktının daha bir neçə il uzanması ilə razılaşmaq fikri yoxdur.
Ermənistanın işğalçı siyasəti onu bütün regional iqtisadi layihələrdən kənarda qoyub və Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə sərgilədiyi prinsipial mövqe sayəsində bu ölkə regionda iqtisadi maraqlar üçün arzuedilməz tərəfdaşa çevrilib.Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupu ilə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həlli ilə əlaqədar konkret mövzular ətrafında müzakirələr olub, bu müzakirələrdən çıxan nəticələrdən irəli gələn addımlar atılması vacib sayılıb. Bu isə artıq Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən sonra baş tutacaq. Bu həm də Azərbaycanın seçkidən sonra konfliktin həllində daha intensiv addımlar atacağına bir işarə sayıla bilər”.
Məhəmmədəli QƏRİBLİ