Aqşin Əliyev: “Həmin qərarda antidemokratik, beynəlxalq və yerli qanunlarla ziddiyyət təşkil edən nəsə yoxdur”
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qəbul olunan qərara artıq beynəlxalq reaksiyalar verilməyə başlayıb. Demək olar ki, neqativ reaksiyaya rast gəlinmir.
Dünyanın hegemon ölkələrindən olan ABŞ-ın da məsələyə reaksiyası mənfi olmayıb. "Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin". Bunu Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin müşaviri Bricet Brink deyib. "ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir", - ABŞ rəsmisi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət bildirərkən deyib.
Növbədənkənar prezident seçkilərinin keçirilməsinə verilən əsasən pozitiv yönümlü beynəlxalq reaksiyalar nəyə əsaslanır?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, belə reaksiyanın veriləcəyi gözlənilən idi: “Bunun bir çox səbəbləri var. Əvvəla verilən qərar Azərbaycanın daxili işinə aid olan bir məsələdir. Buna hər hansı bir ölkə müdaxilə edə bilməz. İkincisi isə həmin qərarda antidemokratik, beynəlxalq və yerli qanunlarla ziddiyyət təşkil edən nəsə yoxdur. Konstitusiyaya edilən son dəyişikliklərdən sonra belə bir səlahiyyət prezidentə verilir. O da öz konstitusion səlahiyyətindən istifadə edərək bu qərarı verib. Qəbul edilən qərar Azərbaycan xalqının iradəsinin ifadəsi sayılır. Çünki Prezidenti də xalq seçir. Onun verdiyi qərarlar da xalqın adından sayılır. Xarici ölkələr bilirlər ki, xalqın iradəsinə əsaslanan hakimiyyətlərin dayağı möhkəm olur. Bu səbəbdən də həmin ölkələrə qarşı maksimum obyektiv olmağa çalışırlar. Növbədənkənar prezident seçkilərilə bağlı qərarın tənqid olunması üçün heç bir əsas yoxdur. Nəyə irad bildirəcəklər? Bəli, seçki prosesində saxtakarlıqlar olsa, həmin hallarla bağlı bəyanatlar səslənə bilər. İndiki halda isə Azərbaycan öz qanunvericiliyinə əsaslanaraq bu addımı atıb. Əminəm ki, seçki prosesi də şəffaf keçiriləcək və biz beynəlxalq reaksiyalarda bunun daha obyektiv dəyərləndirilməsinin şahidi olacağıq. ABŞ-ın səsləndirdiyi bəyanatda olan tövsiyələrdə seçkilərin ədalətli keçirilməsi ilə bağlı fikir yer alır. Azərbaycan bu amilə bütün seçkilər zamanı əməl edir”.
Məhəmmədəli QƏRİBLİ