Qabil Hüseynli: “İlham Əliyevin cəmiyyətin başqa kateqoriyalarından da ciddi dəstəyi var”
Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb. Bu barədə YAP-ın dünən keçirilən VI qurultayında qərar qəbul edilib.
Qərar yekdilliklə qəbul olunub. YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib.
YAP sədri, dövlət başçısı İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib.Yeni Azərbaycan Partiyasının VI qurultayı dövlət himninin səslənməsi ilə başa çatıb.
Qeyd edək ki, bundan əvvəl isə İlham Əliyevin prezidentliyə namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən irəli sürülmüşdü.
Maraqlı məqam bundan ibarətdir ki, İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürən hələlik bu iki təsisat Azərbaycan əhalisinin əhəmiyyətli hissəsini təşkil edir. Hakim Yeni Azərbaycan Partiyası öz ətrafında 700 min üzvü birləşdirir. AHİK-in isə 1 milyon 600 min üzvü var. İki təsisat ətrafında birləşən üzvlərin sayı 2 milyon 300 min edir. İlham Əliyevə səs verəcəyinə şübhə olmayan bu say seçkinin taleyinə necə təsir edəcək?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, ortaya çıxan say böyük rəqəmi ifadə edir: “Demək olar ki, Azərbaycan əhalisinin ümumi sayının beşdən biri deməkdir. Başqa vacib nüans ondan ibarətdir ki, bu saydakı adamların hamısının seçki hüququ var. Yəni aktiv elektoratı təmsil edirlər. Ancaq mən güman etmirəm ki, İlham Əliyevin tərəfdarlarının sayını bununla yuvarlaqlaşdırmaq olar. İlham Əliyevin cəmiyyətin başqa kateqoriyalarından da ciddi dəstəyi var. Çünki onun prezidentliyi dönəmində Azərbaycan güclü inkişaf edib. İqtisadiyyatın həcmi 3,4 dəfə atrıb. Azərbaycanda iri layihələr həyata keçirilib. Ölkəmiz dünyanın müxtəlif qitələrini birləşdirən vacib nəqliyyat və enerji dəhlizinə çevrilib. Bütün bu faktorlar İlham Əliyevin seçicilərinin sayının daha artıq olacağını şərtləndirir. Qurultayda etdiyi çıxışında da Prezident Dağlıq Qarabağ probleminə toxundu və bildirdi ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu onu göstərir ki, İlham Əliyevin yeni prezidentliyi dönəmində Dağlıq Qarabağ probleminin həllinə yaxın olacayıq. Mən İlham Əliyevin Prezident seçilmək şansını yüksək dəyərləndirdiyim üçün, bəzi qənaətlərimi gələcək zamana saxlamıram. Birmənalı şəkildə deyə bilərik ki, seçkinin favoriti İlham Əliyevdir”.
Məhəmmədəli QƏRİBLİ