Yaxın Şərqdə hadisələrin inkişafı getdikcə daha dramatik xarakter almağa başlayır. Söhbət ilk növbədə Suriyada hərbi gücü olan ölkələrin özlərinin üz-üzə gəlmə ehtimalının artmasından gedir ki, onların sırasında qardaş Türkiyə də yer alır. Xüsusən də Türkiyənin Afrindən sonra Menbiçin terrorçulardan təmizlənmə əməliyyatına başlayacağı ilə bağlı açıqlaması hadisələrin inkiaşfını daha maraqlı məcraya yönəldib.
Bildirilir ki, Menbiçdəki ABŞ hərbçiləri Türkiyə ordusunun Afrindən sonra bura doğru hərəkət edəcəyi təhlükəsindən dolayı həyəcan siqnalı alıb. Nəticədə amerikalı əsgərlər hazır vəziyyətə gətirilib. Türkiyə mediasında isə Menbiçdəki ABŞ hərbçilərinin PYD və YPG terrorçuları ilə birgə keşik çəkdiyi yerdə fotoları ortaya çıxıb. Məlumata görə, amerikalı əsgərlər “Fərat qalxanı” bölgəsinin 1,5 kilometr məsafəsində yerləşib. Hazırda bölgədəki türk əsgərləri ilə amerikalı əsgərlər üz-üzədir. Qeyd edək ki, ABŞ Menbiçdə “Əbu Leyla” kod adlı terrorçunun adına təlim düşərgəsi yaradıb. Son illərdə düşərgədə 2 mindən çox PKK və PYD terrorçusunun təlim keçdiyi deyilir. Bununla yanaşı, ABŞ-ın Menbiçdə 3 hərbi qərargahı mövcuddur. Tışrin Barajı bölgəsində isə 300 amerikalı əsgərin olduğu hərbi bazası var. İndi ABŞ əsgərlərinin burada döyüşə hazır vəziyyətə gətirilməsi ortaya olduqca maraqlı bir mənzərə çıxarır. Belə bəlli olur ki, ABŞ, əvvəldən də bəyan etdiyi kimi, Türkiyənin Menbiçə müdaxiləsinə imkan vermək niyyətində deyil. Eyni zamanda ABŞ kürd yaraqılılarını müdafiə etməkdə də israrlıdır. Bunu son bir vacib olay daha aydın şəkildə nümayiş etdirib. Belə ki, fevralın 7-də Suriyada PKK terror təşkilatının qanadı PYD Bəşər Əsəd ordusunun hücumuna uğrayıb. Hücum zamanı PYD-nin qərargahında olan amerikalı əsgərlər də Suriya ordusuna qarşı vuruşub. PYD-nin ciddi itki verdiyi toqquşmada Əsəd ordusunun 100-dən artıq əsgərinin öldüyü haqda məlumat yayılıb. ABŞ isə hücumla bağlı rəsmi açıqlamada “əsgərlərinin İŞİD-ə qarşı döyüşdüyünü” iddia edib. Bu hadisə bir daha ABŞ-ın kürd yaraqlılarını müdafiə etməkdə maraqlı tərəf olduğunu meydana qoyur. Hadisələrin bu səpkidə inkişafı Rusiyanın da mənafelərinə cavab vermir. Moskva Suriya ordusuna hücum edən ABŞ və digər koalisiya qüvvələrinə qarşı daha sərt davranmaq qərarına gəlib. Bunun əsas səbəblərindən biri də Suryiada Rusiya qüvvələrinə qarşı vuruşan terrorçuların əlində ABŞ silahlarının olmasıdır. Elə bu fonda Rusiya İdlibdə Su-25 qırıcısının vurulmasından sonra Afrin və İdlib səmasını əhatə edəcək yeni elektronik hava hücumundan müdafiə sistemləri qurmaq qərarına gəlib. Bu, artıq bölgədə koalisiya qüvvələrinin Suryia ordusuna hücumunu xeyli çətinləşdirəcək. Digər tərəfdən, yaranmış vəziyyətdə Suriya ordusunun Rusiya texnikası ilə koalisiya qüvvələrinin təyyarələrini zərərsizləşdirməsi daha asan hala gəlir. Elə bu vəziyyət də faktiki olaraq bölgədə Rusiya-ABŞ qarşıdurması deməkdir. Amma yuxarıda qeyd olunduğu kimi, ABŞ həm də Türkiyə ilə bölgədə üz-üzə gəlməyə çox yaxındır. Bu vəziyyətdə Ankara və Moskvanın ABŞ-a qarşı ortaq hərəkət etməsi də qaçılmaz sayılır. Qeyd olunan xüsusda Rusiyanın "Vzqlyad" qəzeti yazır: "İran və Rusiya ilə münasibətlər Türkiyə üçün geopolitik seçimə çevrilir – təkcə Suriyada deyil, həm də Yaxın Şərqdə və beynəlxalq aləmdə. Hətta üç ölkənin prezidentlərinin görüşləri artıq müntəzəmləşib. Əslində, Rusiya-Türkiyə-İran üçbucağındakı münasibətlər bu ölkələrin liderlərinin istək və əhval-ruhiyyəsi ilə deyil, dövlətlərimizin obyektiv maraqları ilə müəyyən olunur. Həm də Rusiya və Türkiyənin o qədər sayda qarşılıqlı sərfəli layihələri var – energetikadan başlamış geopolitik layihələrə qədər. İki ölkənin etibarlı strateji münasibətlər qurmaqdan imtinası sadəcə axmaqlıq olardı.Türkiyənin NATO-ya mənsubluğu, Avropa Birliyinə daxil olmağa hədəflənməsi artıq əvvəlki rolu oynamır – həm Avrointeqrasiyaya ümidlərin xəyaliliyinin dərki, həm də NATO və ABŞ-dan asılılıqdan narazılıq yetişib. Hətta Suriyada müharibə və Rusiya S-400-lərinin tədarükü (yəni ABŞ-ın basqısına baxmayaraq, onu almaq qərarı) bölgə dövləti kimi Türkiyənin tam ehtiyacsızlığı haqda məsələ qoyur. Ərdoğanın böyük və ehtiyacsız Türkiyə qurmaq qərarı isə özlüyündə Ankaranı Rusiya ilə daha sıx əməkdaşlığa təhrik edir. Rusiyanın çevrələnməsi üzrə Atlantika oyunlarına qatılmayan müstəqil və güclü Türkiyə Rusiyaya əl verir.
Kadir Has universitetinin keçən ay keçirdiyi sorğu üzrə ABŞ Türkiyə üçün təhdidlər arasında hətta İsraili də geridə qoyaraq birinci yerdə olub – 64%-dən çox adam Amerikanı “ən böyük təhlükə” adlandırıb. Üçüncü yerdə 50%-lə ABŞ kimi Türkiyənin NATO üzrə müttəfiqi ola-ola Böyük Britaniya qərarlaşıb. Lakin burası da var ki, NATO üzrə qalan müttəfiqlər də yalnız Ermənistan və Suriya ilə İraqı qabağa buraxıb. Yəni onlar da təhdid sayılır. Türklər Azərbaycanı birmənalı şəkildə dost sayırlar. Eyni zamanda həm Çin, həm də Rusiya türklər tərəfindən getdikcə daha çox dost dövlətlər kimi qəbul edilir. Və buna görə də Türkiyənin zaman keçdikcə Şanxay Əməkdaşlıq Təşkilatına daxil ola biləcəyi haqda söz-söhbət artıq boş fantaziya görünmür".
Tahir TAĞIYEV