Arzuxan Əlizadə: “Karapetyanın səsləndirdiyi fikirlər reallığa söykənmir”
Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə çıxışı zamanı bəyan edib ki, hökumət son dövrdə qeydə alınan qiymət artımı və onun nəticələri barədə hesabat təqdim edəcək.
Bununla yanaşı, Karapetyan iddia edib ki, guya regionda və MDB-də ən yüksək iqtisadi artım (7,7% ), ən aşağı inflyasiya Ermənistanda qeydə alınıb: “Qiymətlərin 2,6 faiz artması qeyd edildi ki, bu da eyni regionda ən aşağı göstəricidir”.
Onun sözlərinə görə, aksiz vergisinin artması nəticəsində benzinin qiyməti bahalaşıb, lakin bu fakt qiymət artımına heç bir təsir göstərməyib. Guya bu növ yanacaqdan istifadə edərək malların daşınması həyata keçirilmir. Karapetyanın fikrincə, fermerlərin ƏDV-dən azad olunması onların xeyrinə olacaq.
Məlumat üçün qeyd edək ki, yanvarın 17-də Ermənistan parlamentində bir sıra məhsulların, xüsusilə neft və kartofun qiymətlərinin artırılması, yanacaq qiymətinin artması məsələsi müzakirə olunub. Bu zaman Karapetyan tənqidlərdən canını qurtarmaq üçün müxtəlif arqumentlər gətirməyə çalışıb.
Bütün hallarda, Karapetyanın ən yaxşı iqtisadi göstəricinin Ermənistanda qeydə alındığını iddia etməsi nə dərəcədə reallığa uyğundur?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, sözügedən arqumentlər reallıqdan uzaqdır: “Ona görə ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin ağır olmasını sübut edən çoxsaylı fakt var. Ən başlıca arqument ondan ibarətdir ki, kasıb ermənilər iş tapmaq, normal həyat tərzi yaşamaq üçün xaricə qaçırlar. Onların ən çox üz tutduqları ölkə isə Rusiya Federasiyasıdır. İqtisadi artım yuxarıdırsa, inflyasiya aşağıdırsa, o zaman əhali niyə Ermənistanı tərk edir? Ermənistanın Statistika Komitəsinin rəsmi məlumatına əsasən, 2017-ci ildə bu ölkəni 40 mindən çox erməni vətəndaşı tərk edib. 2016-cı ildə isə Ermənistandan köçənlərin sayı 38 min nəfər olub. Əslində, Ermənistandan qaçan vətəndaşların sayı rəsmi statistikada göstəriləndən qat-qat çoxdur. Bunu bir sıra xarici ekspertlər də təsdiq edirlər. Belə olan halda, yüksək iqtisadi göstəricilərin olduğunu demək reallığa uyğun deyil. Serj Sarkisyan və onun korrupsioner rejimi həqiqi rəqəmləri xalqdan gizlətməyə çalışır. Reallıq ondan ibarətdir ki, erməni gəncləri artıq Sarkisyanın uçuruma yuvarlatdığı Ermənistanda yaşamaqdan beziblər. Fürsət düşdükcə onlar ölkəni tərk etməyə çalışırlar. Serj Sarkisyan isə bu köçün yerini doldurmaq üçün Suriyada yaşayan ermənilərdən isfadə edir. Suriyada davam edən 7 illik müharibədən qaçan erməni kökənli suriyalılar indi Ermənistana köçməyə başlayıblar. Erməni mətbuatında açıqlanan rəqəmlərə görə, Ermənistan hakimiyyəti 2012-2017-ci illər ərzində 19500 Suriya ermənisinə vətəndaşlıq, 2 min nəfərə isə yaşamaq icazəsi verib. Ona görə də Karapetyanın səsləndirdiyi fikirlər reallığa söykənmir. Sadəcə, siyasi xal qazanmaq üçün bu cür qeyri-ciddi açıqlamalar səsləndirir”.
Vidadi ORDAHALLI