Müşfiq Ələsgərli: “Mən tərəfdarıyam ki, xəbər istehsalına aidiyyəti olan qanunlar vahid məcəllə halına salınsın”
“Azərbaycanda İnformasiya Məcəlləsi hazırlanacaq”. Bunu Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli “Jurnalistika və Dayanıqlı İnkişafın Məqsədləri” adlı təlimdə bildirib. O qeyd edib ki, Azərbaycanda 5 mindən artıq çap mediası, 3 mindən artıq onlayn media fəaliyyət göstərir.
M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanda 1 milyon 200 min nəfərdən çox sosial şəbəkə istifadəçisi var: “Bununla yanaşı, Azərbaycan əhalisinin 80 faizinin internetə çıxışı var. Azərbaycanda yaxın zamanlarda İnformasiya Məcəlləsi də hazırlanacaq”.
Azərbaycanda İnformasiya Məcəlləsi hazırlanarsa, bu, medianın bütün sferalarını əhatə edəcəkmi?
Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İnformasiya Məcəlləsinin hazırlanması ilə bağlı hələlik heç bir proses yoxdur: “Sadəcə, bir neçə dəfə ictimai təklif kimi səsləndirilib və elə təklif olaraq da qalıb. Amma şəxsi fikrim budur ki, təklifə müsbət yanaşılmalıdır. Bu yöndə müzakirələr açılmalı və yekun olaraq addımlar atılmalıdır. Çünki informasiya alınması və yayılmasını hüquqi baxımdan ehtiva edən maddələr kəmiyyət baxımından çoxlu sayda qanunda əks edilib. Bu qanunları oxumaq və nəticə çıxarmaq, uyğunlaşdırmaq üçün yalnız peşəkar olmaq lazımdır. Amma bu gün xəbər istehsalçılarının hamısı peşəkar deyil. Mobil telefonu, noutbuku, internetə çıxışı olan hər bir şəxs xəbər alıcısı və yayıcısıdır. Belələri ölkə əhalisinin 80 faizini təşkil edir. 80 faiz vətəndaş internet istifadəçisidirsə, deməli, xəbər alıcısı və yayıcısıdır”.
M.Ələsgərlinin sözlərinə görə, bu gün xəbər istehsal edən hər bir sıravi vətəndaşın həmin qanunların hamısını bilməsi imkansızdır: “Bu baxımdan mən də tərəfdarıyam ki, xəbər istehsalına aidiyyəti olan qanunlar vahid məcəllə halına salınsın. Həmçinin, orta məktəblərdən başlayaraq, xəbər istehsalına aid təhsilin verilməsi də yaxşı olar”.
Günel CƏLİLOVA