Seyid Camal Əzimbəyli: “Buna tam qiymət vermək üçün bir qədər gözləmək lazımdır”
Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikana etdiyi rəsmi səfər çərçivəsində Roma Papası ilə görüşüb. Türkiyə prezidenti Vatikana səfərinin yekununda bildirib ki, qondarma “erməni soyqırımı” ilə bağlı ermənilərin iddiaları ilə əlaqədar Vatikana öz narazılığını bildirib.
Ən maraqlısı isə budur ki, Ərdoğan Papa Fransiskin “erməni soyqırımı” ilə bağlı Türkiyənin mövqeyi ilə həmrəy olduğunu bəyan edib. Təbii ki, Ərdoğan bu fikirləri Roma Papasının mövqeyinə əsaslanaraq bildirib. Ancaq bu məsələdə ziddiyyətli məqam ortaya çıxır. Çünki bir müddət əvvəl Roma Papası Ermənistana etdiyi səfər zamanı tamamilə fərqli mövqe ortaya qoyub. I Fransisk 1915-ci il hadisələri barədə fikir bildirərkən “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu iddia edib. Hətta Papanın məlum mövqeyinə etiraz olaraq Türkiyə Vatikandakı səfirini geri çağırdı.
Roma Papasının bu iki ziddiyyətli mövqeyini necə izah etmək olar? O, “erməni soyqırımı” məsələsində Ermənistanın yanındadır, yoxsa Türkiyənin?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, Roma Papasının məlum mövqeyi doğrudan da ziddiyyətlidir: “Çox təəssüflər olsun ki, bəzən gercək din adamları məsələlərə daha çox siyasi prizmadan, reallıqlar çərçivəsindən yanaşırlar. Açığını deyim ki, bu, din adamlarına hörmət gətirmir. Dünyanın nüfuzlu din xadimləri müharibələri, ziddiyyətləri, tarixi ədavətləri barışdırma mövqeyindən çıxış etməlidirlər. Belə olmayanda onların da reputasiyasına ciddi zərər dəymiş olur. Biz siyasətçiləri başa düşürük, onlar bəzən müəyyən məsələlərlə bağlı manevrlər etməyə borcludurlar. Ancaq nüfuzlu din xadimləri bunu etməyə məcbur olanda tamamilə başqa mənzərə yaranır. Roma Papası bu vəzifəyə gəldikdən sonra bir çox ziddiyyətli açıqlamaları ilə yadda qalıb. Bura yalnız Türkiyə-Ermənistan münasibətləri fonundakı məsələləri aid edə bilmərik. Başqa məsələlərlə də bağlı analoji vəziyyətin yarandığının şahidi olmuşuq. Roma Papasının qondarma “erməni soyqırımı” ilə bağlı söylədiyi ziddiyyətli, bir-birilə uzlaşmayan fikirlərini siyasi manevr cəhdi kimi dəyərləndirə bilərik. Bu, həmin manevrin görünən tərəfidir. Görünməyən tərəflərini isə Roma Papasının Ermənistana olan münasibətinə baxıb dəyərləndirmək olar. 25 ildir Ermənistan bizim torpaqları işğal edib. Bu müddət ərzində heç Roma Papası Ermənistanı işğaldan əl çəkməyə çağırmayıb. Bunun özü Papanın Ermənistana münasibətinin göstəricisidir. Mən istərdim ki, Papa Ərdoğanla görüşdə işlətdiyi fikirlərində səmimi olsun. Buna tam qiymət vermək üçün bir qədər gözləmək lazımdır”.
Məhəmmədəli QƏRİBLİ