Mübariz Əhmədoğlu: “Növbədənkənar seçkidə də xalq İlham Əliyevə yüksək faizlə səs verib onu Prezident seçəcək”
Son günlər Azərbaycanda ciddi müzakirə edilən mövzu növbədənkənar prezident seçkilərinin təyin edilməsidir. Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
Məhz bu ərəfədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayı keçirildi. Qurultayda bu il keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin yenidən namizədliyi irəli sürülüb və qurultay nümayəndələri adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Bundan əvvəl isə hakim Yeni Azərbaycan Partiyası öz namizədi kimi İlham Əliyevin adını çəkib. Bütün bunlar onu deməyə əsas verir ki, hakimiyyətin bu seçkilərə İlham Əliyevin namizədliyi ilə gedəcəyinə heç bir şübhə yeri qalmır.
Növbədənkənar prezident seçkilərinin təyin olunması Azərbaycan xalqının İlham Əliyevin ətrafında daha sıx birləşməsinə necə təsir edəcək?
Politoloq Mübariz Əhmədoğlu qəzetimizə bildirdi ki, ünvanlanan suala iki aspektdən yanaşmaq lazımdır: “Əvvəl biz seçkilərin niyə növbədənkanar keçirildiyinin səbəblərini aydınlaşdırmalıyıq. Hesab edirəm ki, bir neçə gün ərzində buna ətraflı izahlar verilib. Səslənən versiyaların içində ağlabatanları ilə yanaşı, ictimai rəyi çaşdırmağa hesablananları da vardı. Mən bu qərarı Azərbaycan Prezidentinin siyasi bacarığının təcəssümü kimi dəyərləndirə bilərəm. Bura həm daxili, həm də bəzi regional faktorları əlavə edə bilərik. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti istənilən situasiyada çevik manevrlər etmək bacarığına malikdir. Sualın ikinci aspektinə gəldikdə isə, deyə bilərəm ki, hətta bu hadisə olmasaydı belə, seçkinin şəriksiz favoriti İlham Əliyev olacaqdı. Növbədənkənar prezident seçkilərinin təyini, sadəcə, İlham Əliyevin qələbəsinin rəsmiləşdirilməsini bir neçə ay qabağa çəkmiş olacaq. Qarşıdakı seçkilərdə Azərbaycan xalqı İlham Əliyevə səs verəcək. Bu birmənalıdır. Bunu onun reytinqi, xalq arasında qazandığı nüfuzu bir daha sübut edir. İlham Əliyev xalqa verdiyi bütün vədlərə əməl edən lider olduğu üçün, xalq başqa seçim üzərində düşünmək belə istəməyəcək. Çünki bundan əvvəlki seçkilərin nəticələri göstərdi ki, bu estafetdə İlham Əliyevlə yarışmaq gücündə olan lider yoxdur. Ən yaxşı halda, onun güclü opponenti 3 faiz səs yığa bilər. İlham Əliyevin Prezident olmağını xalqla yanaşı, həm də qonşu ölkələr istəyir. İlham Əliyev ABŞ kimi ölkənin prezidenti ilə görüşdə dedi ki, bizim ərazimizdən İrana qarşı istifadə oluna bilməz. Belə olan halda, İran niyə onun Prezident olmasını istəməsin? Türkiyə ilə münasibətlərimiz və həmin ölkə rəhbərliyinin İlham Əliyevə olan münasibəti bəllidir. İlham Əliyevin yenidən prezident seçilməsi Rusiyanın da maraqlarına zidd deyil. Bunlarla bağlı ətraflı izahlar vermək olar. Bu, tam başqa mövzunun söhbətidir. Bir daha qeyd edirəm ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də xalq İlham Əliyevə yüksək faizlə səs verib onu Prezident seçəcək”.
Məhəmmədəli QƏRİBLİ