Daşdəmir Əliyev: “Biz müxtəlif sahələri əhatə edən imkanlardan hələ də tam istifadə etməmişik”
Fevralın 6-da Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizlə Səudiyyə Ərəbistanı arasında münasibətlərin və əməkdaşlığın bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki sahədə genişləndirilməsi barədə verdiyi tapşırıqları diqqətə çatdırıb.
Səudiyyə Ərəbistanına səfəri zamanı İki Müqəddəs Ocağın xadimi, Kral Əlahəzrət Salman bin Əbdüləziz Al Saud və Krallığın vəliəhdinin varisi, müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşlərini xatırladan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində dövlət rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını vurğulayıb və bu əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.
Regiondakı təhlükəsizlik vəziyyətinə toxunan müdafiə naziri Dağlıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərəbistanının daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr yaratmadığına görə minnətdarlığını bildirib.
Qəbul üçün təşəkkürünü bildirən və səfərdən məmnunluq hissini ifadə edən nümayəndə heyətinin rəhbəri general-mayor Əli bin İbrahim Fəvvaz Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə və müdafiə nazirinə Krallığın rəhbərliyinin salamlarını çatdırıb. Qonaq bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.
General-mayor Əli bin İbrahim Fəvvaz əlavə edib ki, müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və Azərbaycanın haqq işində ölkəsinin daim onun yanında olduğunu bəyan edib.
Görüşdə hər iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, səfərlərin təşkili və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox gözəl münasibətlər mövcuddur. İki ölkənin müdafiə nazirləri arasında keçən görüşdə səslənən fikirlərdən də görünür ki, tərəflər hərbi əməkdaşlığın genişlənməsində də maraqlıdırlar. Bu əməkdaşlığın nə kimi perspektivi ola bilər?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələr çox normal məcrada davam edir: “Azərbaycan tərəfinin Səudiyyə Ərəbistanı ilə həlledici hesab olunan bir çox məsələlərdə fikirləri uzlaşır. Səudiyyə Ərəbistanı İslam və ərəb dünyasında böyük söz sahibi olan ölkədir. Azərbaycanın müstəqilliyini tanıyan və bizimlə ilk diplomatik əlaqələr quran ölkələrdəndir. Bu ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə görə alqışa layiqdir. İşğalçı siyasətinə görə Ermənistanla heç bir diplomatik münasibət qurmur. Azərbaycan və Səudiyyə Ərəbistanı başda BMT və İƏT olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Hərbi sahədə də dərindən əməkdaşlıq etməyimiz üçün heç bir maneə yoxdur. Tərəflərin bununla bağlı yüksək istəyi var. Biz hərbi sahənin bir çox aspektləri üzrə əməkdaşlıq edə bilərik. Hərbi sahədəki münasibətlərimizin perspektivlərinə gəldikdə, düşünürəm ki, burada böyük potensial var. Biz müxtəlif sahələri əhatə edən imkanlardan hələ də tam istifadə etməmişik. Əminəm ki, qarşıdan gələn dövrdə əlaqələrimizin daha da genişləndirilməsi və ikitərəfli münasibətlərin hərbi-strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün lazımi işlər görüləcək”.
Məhəmmədəli QƏRİBLİ