Türkiyə və ABŞ arasında Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyat üzündən yaranan gərginlik getdikcə artmaqda, tərəflər arasında ziddiyyətləri daha da dərinləşdirməkdədir. Belə görünür ki, tərəflərdən heç biri hazırdda tutduğu mövqedən geri çəkilməyi düşünmür. Elə bu fonda Ankara ABŞ-a qarşı daha sərt ittihamlar irəli sürür, onu mütəffiqlik münasibətlərini pozmaqda günahlandırır.
Belə bir vaxtda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bəfan edib ki, Ankara Vaşinqtonla Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatı müzakirə etməyəcək: “Afrində Amerika hərbçiləri yoxdur. Orada vaxtaşırı yalnız ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olur. Buna görə də ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyac yoxdur”. Çavuşoğlu Vaşinqtonu yenidən PKK terror təşkilatının Suriya qanadı olan YPG-yə silah çatdırılması siyasətindən imtina etməyə çağırıb: “Türkiyə-Amerika münasibətlərinə zərər vermək lazım deyil. Biz müttəfiqləriksə, ABŞ bu addımı atmağa məcburdur. ABŞ bunu etməsə və bu təhlükəni aradan qaldırmasa, biz özümüz onu məhv etməliyik”. O vurğulayıb ki, Türkiyə ABŞ-a etibar etmir. Nazir Vaşinqtonun Suriya üzrə daha əvvəllər verdiyi vədləri yerinə yetirmədiyini xatırladıb.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson və prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmester Ankaraya səfər edəcək. Makmaster həftə sonu, Tillerson isə gələn həftə Türkiyədə olacaq. Amma bu səfərlər fonunda da münasibətlərin düzəlmə ehtimalı çox aşağı qiymətləndirilir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt açıqlamaları da təsdiq edir. Ərdoğan vurğulayıb ki, Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyənlərə, ölkənin torpaqlarına göz tikənlərə cavab vermək hər bir vətəndaşın borcudur: "Ölkəmizdən xaricdə heç bir qüvvə bizi hədələyə bilməz. Qurduğumuz dövlətlərlə biz dünyanın sayılıb-seçilən bir milləti olduğumuzu sübut etmişik. İndi kimin tayfa, kimin millət olduğunu hamı görür. Biz səbrli bir millət və dövlətik. Son iki əsri fədakarlıqla keçirdik. 5 milyon kvadrat kilometr sahəlik vətənimizdən diplomatik danışıqlarla cəmi 780 min kvadratkilometr qalıb. İndi bəziləri onu da bizə çox görür. Türk milləti ruhunu yeniləyir. Bizə o qədər çox təzyiq göstərdilər ki, sonunda yatan divi oyatdılar. Hər kəs bilsin ki, yatmış div oyaqdır".
Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatına toxunan dövlət başçısı bildirib ki, əməliyyatlar Afrin, İdlib, Menbiçdə davam edəcək: "Bizdən soruşurlar ki, əməliyyatları nə zaman başa çatdıracaqsınız? Onlara cavabımız belədir: Siz İraqda, Əfqanıstanda əməliyyatları nə vaxt bitirəcəksiniz? Siz həmin ölkələrin heç biri ilə qonşu deyilsiniz. Belə olan halda oralarda nə işiniz var? Bizim yüzə yaxın şəhidimiz var. Hörmətli Barak Obama bizimlə doğru danışmadı, hörmətli Donald Tramp da onun yolu ilə gedir". Dövlət başçısı ABŞ və Türkiyənin Menbiçlə bağlı müzakirələrində ABŞ prezidentlərinin onu aldatdıqlarını deyib: "Menbiç yeni məsələ deyil. Bu, Obama dövründə başlamış prosesdir. Biz ABŞ-a öz niyyətimizi lap başdan söyləmişdik. Təəssüf ki, Obama bizə yalan danışdı. Tramp administrasiyası da eyni addımı atmaqdadır. Tramp bizə dedi ki, "YPG-çilər orada qalmayacaq, Fəratın şərqinə gedəcəklər. Amma olmadı".
Ərdoğanın sözlərinə görə, Tramp Menbiçin həqiqi sahiblərinin ərəblər olduğunu qəbul edib, amma verdiyi sözü yerinə yetirməyib: "Menbiç tez və ya gec əsl sahiblərinə qovuşacaq. Biz də üzərimizə düşəni edəcəyik. Bizdəki miqrantlar arasında da menbiçlilər var. Onlar artıq evlərinə qayıtmaq istəyir. Afrinlilər Afrinə, idliblilər də İdlibə qayıtmaq istəyir. ABŞ və koalisiya qüvvələri səmimi mövqe ortaya qoymalıdır". Ərdoğan vurğulayıb ki, ABŞ Suriyada PKK-ya bağlı qüvvələrə 5 min TIR-la dolu silah-sursat göndərib: "Axı İŞİD-ə qarşı mübarizə bitdi deyirsiniz. O zaman bölgədə nə işiniz var? Deməli, siz Türkiyə, İran və Rusiya ilə haqq-hesab çəkmək istəyirsiniz. Biz öz yerimizdə dimdik durmuşuq. Bu silahlardan İran və Rusiyaya qarşı istifadə ediləcək".
Bütün bunlar əslində ABŞ və Türkiyə arasında münasibətlərin getdikcə daha gərgin xarakter almaqda olduğunu göstərir. Türkiyənin “Habertürk” portalı bu xüsusda yazır: “Vaşinqtondakı PYD/YPG dairələri Afrin əməliyyatı başladıqdan sonra keçirdikləri görüşlərdə Amerika qurumlarına “Sizin üçün İŞİD-ə qarşı verdiyimiz bu qədər mücadilədən sonra bizi ortadamı buraxırsınız” sualını veriblər. ABŞ-ın idarəetmə qurumları arasında aparılan dəyərləndirmədə ABŞ Suriyada YPG güclərini bu mərhələdə ortada buraxarsa, bundan sonra dünyanın heç bir yerində lazım olduğu zaman Amerika üçün döyüşəcək yerli güc tapa bilməmə təhlükəsinin doğacağı nəticəsinə gəliblər”. Amma qeyd olunur ki, kürd yaraqlılarına dəstək ABŞ-ın Türkiyə ilə üz-üzə gəlməsini qaçılmaz edir.
NAHİD