Yeganə Hacıyeva: “Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilməsinin ölkə Konstitusiyasından başqa hər hansı bir amillə uzlaşdırılması...”
Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qüvvəyə minib. Yəni seçkinin vaxtı oktyabr ayından aprelin 11-nə keçirilib. Seçkinin vaxtının irəli çəkilməsilə bağlı müxtəlif versiyalar səslənir.
Onlardan biri də budur ki, belə qərarın verilməsi guya Ermənistan və Rusiyada keçiriləcək seçkilərin vaxtı ilə uzlaşmaq məqsədinə bağlıdır. İddia edilir ki, Azərbaycandakı seçkinin apreldə baş tutması həmin iki ölkədə keçiriləcək seçkilər arasındakı zaman fərqini minimuma endirəcək. Bu versiyanı nə dərəcədə doğru saya bilərik?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, istər Azərbaycan, istərsə də Rusiya və ya Ermənistanda seçkilərin çox yaxın zaman aralığında keçirilməsi ilk hal deyil: “Sovet Birliyi dağılandan sonra hər üç ölkə digərləri kimi müstəqilliyini eyni vaxta bərpa ediblər, son 27 ildə də bu ölkələrdə keçirilən seçkilər həmişə kiçik zaman aralığı ilə baş tutub.
Ardınca qeyd edim ki, Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsini vacib edən hər hansı bir regional və ya qlobal siyasi amil deyil, 2016-cı il 26 sentyabrda keçirilmiş Konstitusiyaya dəyişikliklər və əlavələr üzrə referendumla yenilənmiş Azərbaycan Konstitusiyasıdır. Referendum vasitəsilə Konstitusiyaya tətbiq edilmiş dəyişikliklərin hüquqi məntiqi olaraq yeni qəbul olunmuş 7 illik prezidentlik müddəti, Prezidentin yeni səlahiyyətləri və məsuliyyətlərinin təsdiqlənməsi üçün ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi labüd idi.
Daha öncələr də biz sizinlə danışdığımız kimi, referendum özlüyündə Azərbaycan hökumətinin sosial, siyasi-iqtisadi, struktur sahələrdə pillə-pillə həyata keçirdiyi geniş islahatlar paketinin tərkib hissəsi idi. Konstitusiyaya tətbiq edilmiş dəyişikliklər yeni idarəetmə orqanı olan vitse-prezidentlik institutunun və bu qurumun icra mexanizminin formalaşdırılması ilə ölkədə bir sıra struktur reformalarını labüd etmişdi ki, biz bunun şahidi olmuşuq.
Referendumla Konstitusiyaya edilmiş yeni dəyişikliklərə əsasən, digər dövlət qurumlarına olduğu kimi, vitse-prezidentlik institutunun icra mexanizmləri və yaradılmış yeni şura və qurumların fəaliyyətinə nəzarət funksiyası mexanizmləri formalaşdırıldı.
Sırf növbədənkənar seçkinin keçirilməsi və ona beynəlxalq reaksiya haqqında danışsaq, məhz bu seçkini vacib etmiş son seçki prosesini - referendumu və ona gələn reaksiyalara diqqət etmək kifayətdir. Referendum uğurla həyata keçirildi, Qərbin və beynəlxalq təşkilatların ölkəmizdə keçirilən referenduma reaksiyası müsbət oldu, referendumda iştirak edən xarici muşahidə missiyalarının müsbət rəylərini göstərə bilərik.
Xatırladım ki, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası ölkəmizdə keçirilən son referenduma yüksək qiymət verərək, inkişaf etmiş ölkələri Azərbaycanın şəffaf seçki nümunəsini öyrənməyə çağırıb.
Odur ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilməsinin ölkə Konstitusiyasından başqa hər hansı bir amillə uzlaşdırılması ucuz siyasi spekulyasiyadan başqa bir şey deyil”.
Məhəmmədəli QƏRİBLİ