Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ölkə başçısının səlahiyyətləri çərçivəsindədir. Bunu “Trend”ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, bu qərarın verilməsi ölkə qanunları çərçivəsindədir: "Buna Azərbaycanın Konstitusiyası da imkan verir. Buna görə də dövlət başçısı seçkilərin növbədənkənar keçirilməsini elan edib".
A.Hüseynov qeyd edib ki, prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin İlham Əliyev olacağı birmənalıdır: "Seçkilərin apreldə, yaxud oktyabrda keçirilməsinin fərqi yoxdur. Prezident İlham Əliyevin təkrar seçiləcəyinə heç bir şübhə yoxdur. Çünki Prezident İlham Əliyevin həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq aləmdə nüfuzu kifayət qədər yüksəkdir. Azərbaycan vətəndaşlarının İlham Əliyevə yüksək etimadının olması danılmazdır. Azərbaycan vətəndaşları bilir və şahiddir ki, Prezident İlham Əliyevin bütün fəaliyyəti əsasən ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə, ölkədə yoxsulluğun azaldılmasına, ictimai-siyasi sabitliyə nail olunmasına yönəlib. Xalq bunun nəticəsini də görüb və görür. Bu gün ölkə iqtisadiyyatındakı sürətli və dinamik inkişaf, siyasi sabitlik, ordu quruculuğunda görülən uğurlu işlər, Azərbaycan ordusunun gücləndirilməsi hamının gözü qarşısında baş verir, danılmaz faktdır".
Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkiləri elan etməsi çox düzgün bir qərardır və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur. Bunu isə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, 2016-cı il sentyabrın 26-da referendum keçirilərək Konstitusiyaya dəyişiklik edildi və prezidentlik müddəti, növbədənkənar prezident seçkilərinin keçirilməsi qaydaları müəyyən edildi: “Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu referendum göstərdi ki, xalq dövlət başçısına böyük etimad göstərir. Bu etimada cavab olaraq da Prezident növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul etdi və demokratik inkişafa yeni impuls verdi, siyasi iradə nümayiş etdirdi”.
Deputat hesab edir ki, ölkədə gedən proseslər, ölkəmizdə keçirilməsi nəzərdə tutulan böyük yerli və beynəlxalq səviyyəli tədbirlər, eyni zamanda 2025-ci ildə keçiriləcək parlament seçkilərinin prezident seçkiləri ilə eyni vaxta düşməsi, həmçinin xalqın Prezidentə olan böyük etimadı nəzərə alınmaqla növbədənkənar prezident seçkiləri elan edilib: "Növbədənkənar seçkilərin elan edilməsi Azərbaycanda demokratiyanın növbəti bir uğurudur. Prezident İlham Əliyev bununla bir daha göstərir ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və siyasi iradəyə malikdir".