Akif Nağı: “Avropa Parlamenti üzvlərinin Qarabağa səfərlərinin təşkili erməni lobbisi tərəfindən həyata keçirilir”
"Holokostun anımı ərəfəsində Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırım aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunuş ərazilərinə səfər etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənası daşıyır". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Trend”ə açıqlamasında bildirib.
XİN rəsmisi deyib ki, bu kimi qanunsuz səfəri ilə L.Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə xələl gətirir: "Avropa Parlamentinin üzvü L.Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən və çirkli brilyant ticarəti və pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi xüsusilə utancvericidir. Avropa İttifaqı üzv dövlətlərinin də aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, L.Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal olunmuş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başadüşülən deyil".
O qeyd edib ki, sözügedən şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.
Avropa Parlamentinin üzvü L.Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən və çirkli brilyant ticarəti və pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsinə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Avropa Parlamenti üzvlərinin Qarabağa səfərlərinin təşkili erməni lobbisi tərəfindən həyata keçirilir: “Təbii ki, Dağlıq Qarabağa gedənlərin heç biri ora təmənnasız getmirlər. Çünki onların heç biri marağı olmadan Qarabağa səfər etməz”.
A.Nağının sözlərinə görə, bu səfərlərin təşkil olunmasında məqsəd Dağlıq Qarabağda qondarma rejimi təbliğ etməkdir: “Bəllidir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sı var. Dağlıq Qarabağa səfər edənlər həmin siyahıya salınır. XİN müxtəlif formalarda səfərlərin qarşısını almağa çalışır”.
QAT sədrinin fikrincə, Dağlıq Qarabağa səfərlərin qarşısını almaq üçün daha intensiv addımlar atmaq lazımdır. Onlara daha ciddi cəzalar vermək lazımdır: “Avropa Şurası Parlament Assambleyasının üzvüdürsə, orada Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə bağlı məsələ qaldırılmalıdır. Nümayəndələrimiz AŞPA-nın qərarlarına hörmətsizliklə bağlı məsələ qaldırmalıdırlar”.
Günel CƏLİLOVA