Elşən Həsənov: “Yolunu azmış bir-iki erməni təəssübkeşinə görə böyük bir ölkənin nüfuzunu zərbə altında qoymaq olmaz”
Məşhur amerikalı analitik, xarici siyasət üzrə Amerika Şurasının eksperti Stiven Blank nüfuzlu “The Hill” nəşrində məqalə ilə çıxış edib. S.Blank məqaləsində ABŞ-da erməni maraqlarına lobbiçilik edilməsi məsələsinə toxunub və qeyd edib ki, bu siyasət heç də həmişə Amerikanın mənafeyinə uyğun gəlmir.
Amerikalı ekspert yazıb ki, "Problem erməni lobbisinin Konqresə və ya Administrasiyaya onların tələblərini dəstəkləmək üçün etiraz etmək hüququnda deyil. Əksinə, ondadır ki, onların tələbləri həqiqətə uyğundurmu... doğrudanmı Amerika maraqlarını təbliğ edir...".
Ekspert xatırladıb ki, iki keçmiş sovet respublikası Azərbaycan ərazisi Dağlıq Qarabağ uğrunda "dondurulmuş" münaqişəyə cəlb olunub. Onun fikrincə, ABŞ-dakı erməni lobbisinin əsas hədəfi məhz Ermənistanın qonşusu Azərbaycanı ləkələmək və onu nüfuzdan, gözdən salmaqdır.
"Azərbaycana gəlincə, etnik təmizləmənin qurbanı olmuş bir milyondan çox Azərbaycan qaçqınları sadəcə evlərinə qayıtmaq istəyərdilər", - Stiven Blank qeyd edib.
Ekspert yazıb ki, münaqişəyə görə Ermənistan dünyadan təcrid olunub, energetika, ticarət, dəmir yolu və texnologiya təminatı sahəsində çoxsaylı layihələrdən məhrum olub.
"… və belə bir şəraitdə “Ermənistan – yaxşılığın etalonu, amma Azərbaycan – şərin nümunəsidir” kimi bitməz bəyanatlar Amerikanın maraqlarına uyğun deyil…", - deyə Stiven Blank vurğulayıb.
ABŞ-dan olan ekspertin gəldiyi bu mühüm qənaəti necə dəyərləndirmək olar?
Ekspert Elşən Həsənovun sözlərinə görə, analitikin gəldiyi qənaət tamamilə doğrudur: “Bəli, ABŞ-da ermənilərin xeyrinə aparılan lobbiçilik fəaliyətindən ən böyük zərər məhz həmin ölkənin özünə dəyir. Başa düşürəm ki, orada güclü erməni diasporu var. Onların apardıqları işin ana xəttini Türkiyə və Azərbaycana qarşı mübarizə təşkil edir. Əsas fəaliyyətləri də qondarma soyqırımın ABŞ ştatlarında tanınmasına, mümkün qədərilə Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirməyə yönəlib. Analitikin yanaşması ilə bağlı bir faktı qeyd etmək istərdim. O çox düz vurğulayır ki, bu məsələdən ABŞ hökuməti nəsə qazanmır. Mexanizm belədir. Erməni diasporu öz xeyirləri üçün pul verib bəzi senator və konqresmenləri əla alırlar. ABŞ-da bu cür rüşvətlə görülən işin adını qoyublar lobbi fəaliyyəti. Həmin erməni lobbistləri fəaliyyətə başlayanda ortaya qoyduqları işdən Türkiyə və Azərbaycan narazı qalır. Təbii ki, haqlı olaraq. Nəticə etibarilə ölkələrimiz arasında sərinlik yaranır. ABŞ-ın başqa dövlət qurumları münasibətlərin əvvəlki məcraya qayıtması üçün xeyli əmək və vəsait sərf etməli olurlar. Ancaq həmin lobbistlər prosesdən qazancla çıxmış olurlar. İkinci bir tərəfdən isə belə münasibət ABŞ-ın ölkə kimi demokratik imicinə zərbə vurmuş olur. Çünki onlar işğalçını müdafiə etməklə, obyektivlikdən uzaq olan dövlətlər sırasına aid edilirlər. Tramp administarsiyası erməni lobbisinin fəaliyyətinə elə də dəstək vermir. Bilirsiniz ki, prezident seçkiləri zamanı ABŞ-dakı erməni diasporu anti-Tramp mövqeyi tutdu. Ancaq təxminlərində yanıldılar. Hazırda onların sözləri əvvəlki kimi keçərli deyil. Buna baxmayaraq, bəzi konqresmenlər pulun müqabilində ürək bulandıra bilirlər. Hesab edirəm ki, analitikin açıqladığı faktlar ABŞ-ın müəyyən dairələri üçün də siqnal rolunu oynamalıdır. Çünki yolunu azmış bir-iki erməni təəssübkeşinə görə böyük bir ölkənin nüfuzunu zərbə altında qoymaq olmaz”.
Məhəmmədəli QƏRİBLİ