Məhərrəm Zülfüqarlı: “Bayramın sevincini birgə yaşamağı hər iki ölkə haqq edir”
Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş bildirib ki, ölkəsi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlərə dəstək verəcək. Nazir qeyd edib ki, bununla yanaşı, Türkiyə və Azərbaycan bir sıra ortaq layihələr həyata keçirərək bölgəyə turist axınının artmasını təmin etməlidirlər: "Bu gün Azərbaycan və Türkiyə bir sıra birgə layihələr həyata keçirirlər ki, bunlardan biri də Bakı-Tiflis-Qars dəmir yolu xəttidir".
N.Kurtulmuş əlavə edib ki, digər önəmli layihə isə Bakı-Tiflis-Ceyhan neft kəməridir. Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan edib. Dövlət başçısı il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib. Bu il iyun ayının 8-də isə Milli Məclisin Azərbaycan Xalq Cumhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclası keçiriləcək. Xüsusi iclasda xarici ölkələrdən dəvət edilən qonaqlar da iştirak edəcəklər.
Türkiyənin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlərə dəstək verəcəyi ilə bağlı qəbul etdiyi qərarı necə dəyərləndirmək olar?
Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, hər bir xalq öz tarixinə sahib çıxmalıdır: “Cumhuriyyətimizin 1 əsirlik tarixi bizim üçün şərəf verir. Bir daha sübut olundu ki, müstəqilliyi dadmış xalq heç vaxt kölə olmağa razılıq verməyəcək. Məhz həmin tariximizdən ruhlanaraq, biz ötən əsrin 90-cı illərinin əvvəlində yenidən meydanlara axışdıq və müstəqilliyimizi bərpa etdik. Biz yeni dövlətimizi quranda da tarixi keçmişimizə sahib çıxdıq və müstəqil ölkəmizi 1918-ci ildə elan olunan cumhuriyyətin varisi elan etdik. Həmin dövrdə olan atributlar bu gün də bizim ölkənin rəmzləri sayılır. Ölkə başçısı İlham Əliyev etdiyi çıxışlarda daim o tarixi keçmişimizlə qürur duyduğumuzu deyir. 1918-ci ildə baş verənlər ciddi proses olub. Azərbaycan Şərqdə ilk demokratik respublika quran müsəlman ölkəsidir. Ancaq tarixə ekskurs etdikdə məlum olur ki, biz həmin neməti asan əldə etməmişik. Erməni daşnakları fürsətdən istifadə edib bizə qarşı etnik təmizləmə həyata keçirirdilər. Həmin vaxt Qafqaz İslam Ordusu olmasaydı, sizi əmin edirəm ki, cumhuriyyətimizin ömrü 1-2 ay olacaqdı. Batumi razılaşmasından sonra Azərbaycana daxil olan türk ordusu Göyçay döyüşlərində erməniləri yerinə oturdaraq, həm də cumhuriyyətimizi xilas etmiş oldu. Hesab edirəm ki, bu şanlı tarixi biz birgə yaratmışıq, birgə yaşamışıq. Buna görə də Türkiyə rəsmisinin bəyanatını alqışlayıram. Bizim ortaq tariximiz olan bayramın sevincini birgə yaşamağı hər iki ölkə haqq edir. Bu çərçivədə keçiriləcək tədbirlər ölkələrimiz arasındakı bağlılıqları daha da inkişaf etdirmiş olacaq. Çünki bizim indiki dönəmdə də daha mehriban olmağımıza ehtiyac duyulur. Birgə tədbirlərin görülməsi qarşılıqlı şəkildə tarixlərimizin mənimsənilməsi baxımından da önəmli və vacibdir”.
Məhəmmədəli QƏRİBLİ