Ermənistanda mart ayında baş tutacaq prezident, apreldə keçriləcək baş nazir seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyətin xeyli gərginləşməsi müşahidə olunur. Proseslərin gedişi göstərir ki, xalq və müxalif qüvvələr Serj Sarkisyanın və komandasının yenidən hakimiyyət başında qalmaq niyyətindən narazıdır. Elə bu səbəbdən hakim komandanın niyyətinin reallaşmasına qarşı cəmiyyətdə yüksək aktivlik müşahidə olunur. Bu fonda ölkədə yeni etiraz aksiyalarının başlanması da nəzərdə tutulur.
Hakimiyyət isə indilikdə, bütün bunlara rəğmən, öz planlarını həyata keçirmək istiqamətində əməli addımlar atır. Məhz belə bir vaxtda “Jamanak” qəzeti məlumat yayıb ki, Ermənistanın hazırkı baş naziri Karen Karapetyanın aprelin 9-dan sonra hansı vəzifəni tutacağı bəlli olub. Karapetyanın baş nazirin hazırkı müavini Vaçe Qabrielyanı əvəz edəcəyi bildirilib. Qabrielyandan fərqli olaraq, Karapetyanın yalnız Avrasiya İttifaqı məsələləri üzrə çalışacağı vurğulanıb.
Qeyd edək ki, Ermənistan apreldə prezident idarəetmə formasından parlamentli idarəetməyə keçəcək. Aprelin 9-da Serj Sarkisyan istefaya gedəcək və onu yeni prezident əvəzləyəcək. Aprelin 17-də isə parlament yeni baş naziri seçəcək. Ekspertlər Serj Sarkisyanın baş nazir olacağını güman edir. Digər tərəfdən, Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasının təşəbbüsü ilə təklif edilmiş və 2015-ci ildə qəbul olunmuş yeni ölkə konstitusiyasına əsasən, prezident və baş nazir birbaşa ümumxalq səsverməsi nəticəsində deyil, parlament tərəfindən seçilir. Odur ki, parlamentdə çoxluq təşkil edən hakim partiyanın öz namizədini irəli sürüb onun qələbəsini təmin etmək imkanları böyükdür. Artıq məlumdur ki, Serj Sarkisyan prezident vəzifəsinə Armen Sarkisyanı gətirmək istəyir. Onun namizədlyinin məhz Serj Sarkisyanın təşəbbüsü ilə hakim partiya tərəfindən irəli sürüldüyü də məlumdur. Amma o da bəllidir ki, bəzi erməni oliqarxlar Armen Sarkisyanın namizədliyini irəli sürməsinə qarşı çıxmaq istəyir. Belə ki, bir sıra oliqarxlar Ermənistanın biznes həyatında Armen Sarkisyanın simasında yeni rəqibin peyda olacağından narahatdır. Onların fikrincə, Armen Sarkisyan biznesin bəzi sahələrini ələ keçirməyə çalışacaq. Bu səbəbdən artıq prezidentliyə namizədə qarşı kompromatlar toplandığı vurğulanır. Bu isə Armen Sarkisyanın prezident olmasını əngəlləyə biləcək əsas faktorlardan hesab olunur. Digər tərəfdən, hadisələrin bu səpkidə inkişafı Serj Sarkisyanın özünün də baş nazir olmaq planlarını əngələlyə bilər. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Ermənistanda sosial-iqtisadi vəziyyətin ağır olması fonunda cəmiyyətdə də Serj Sarkisyanın baş nazir olmasına qarşı böyük narazılıq mövcuddur. Cəmiyyətdə bu narazılığı qismən yatırmaq üçün isə Serj Sarkisyan Suriyada yaşayan ermənilərə yenidən "qucaq" açmağa başlayır. Erməni mediası yazır ki, bununla o, iki əsas məqsədə nail olmaq isətyir. Əvvəla, Suriyadan gələn ermənilərə sığıncaq verməklə Sarkisyan onların rəğbətini və dəstəyini qazanmağa çalışır. İkinci bir tərəfdən, bununla o, demoqrafik böhranını da qarşısıın almağa cəhd göstərir. Ermənistanın rəsmi qurumlarının məlumatına əsasən, ötən il 40 mindən çox erməni ölkəni tərk edib. 2016-cı ildə isə 37 500 nəfər Ermənistandan köçüb. Erməni ekspertlərin sözlərinə görə, ölkəni tərk edən vətəndaşların sayı rəsmi statistikada göstəriləndən qat-qat çoxdur. Sarkisyan hakimiyyəti rəqəmləri xalqdan gizlətməyə çalışır. Bu vəziyyətdə Ermənistan rəhbərliyi ölkədəki boşluğu doldurmaq üçün əsas ümidini Suriyada yaşayan ermənilərə bağlayıb. Son məlumatlara görə, indiyə qədər 19500 Suriya ermənisinə vətəndaşlıq, 2 min nəfərə isə yaşamaq icazəsi verilib. Xatırladaq ki, Suriya ermənilərinin bir qismi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilir. Amma erməni siyasətçi Naira Zohrabyan bildirir ki, istənilən addım Sarksiyan iqtidarının lehinə nəyisə dəyişməyəcək. O bildirib ki, mövcud vəziyyət hər an sosial partlayışlara səbəb ola bilər. O bildirib ki, Ermənistanda emiqrasiya faciəvi həddə çatıb və ölkədə ərzaq məhsullarının qiymətləri yüksək sürətlə artmaqda davam edir: “Ermənistanda hökumət yaranmış problemləri həll etmək əvəzinə hakimiyyət uğrunda mübarizə aparır. Hakimiyyəti vətəndaşların taleyi maraqlandırmır və bu səbəbdən Ermənistan ən ağır günlərini yaşayır. Ölkə borc içində boğulur, əhali ölkəni tərk edir. Sarkisyan rejimi isə, on ildə yaratdığı problemləri aradan qaldırmaq əvəzinə, hökumət postunda möhkəmlənmək uğrunda mübarizə aparır. Hakimiyyət 17 il xalqı talayıb. İnsanlar xaricdə baraklarda yaşamağa məhkum kütləyə çevrilib. Ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayıb. Ermənistan büdcəsi isə miqrant pullarından asılı vəziyyətə düşüb. Sarkisyan öz hakimiyyətini insanların bədbəxtliyi, faciələri üzərində qurub“. Bütün bunlar qarşıdakı günlər ərzində Ermənistanda ictimai-siyasi vəziyyətin daha da ağırlaşacağını göstərir.
Tahir TAĞIYEV