Dağlıq Qarabağ münaqişəsinin çözümündə həlledici rola malik ola biləcək ölkələrdən biri qismində ABŞ-ın çıxış etdiyi danılmaz həqiqətdir. Amma son illərin təcrübəsi bu qənaətə gəlməyə əsas verir ki, ABŞ Cənubi Qafqaz regionunda, o cümlədən də Qarabağ konfliktinin həllində o qədər də fəal mövqe nümayiş etdirmir. Bu vəziyyətin Respublikaçıların hakimiyyətə gəlişindən sonra dəyişməsi gözlənilsə də, son bir il ərzində də dəyişən ciddi nəsə yoxdur. Halbuki, bu durum ABŞ-ın özündə də çox ciddi tənqidlə qarşılanır.
ABŞ ekspertlərinin, bir sıra media orqanlarının mövqeyinə nəzər saldıqda bəlli olur ki, onlar Azərbaycan kimi strateji bir ölkə ilə Vaşinqtonun mövcud əməkdaşlıq səviyyəsindən, Amerikanın Qarabağ məsələsinin həllində tutduğu passiv mövqedən açıq narazılıq edir. Məsələn, Vaşinqtondakı “Atlantic Counsil” analitik mərkəzinin Dina Patrisiya adına Avrasiya mərkəzinin direktoru Con Herbst ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanmasındakı rolunu kəskin tənqid edir: “Mən hesab edirəm ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kifayət qədər diqqət ayırmayıb. Təəccüblü deyil ki, Birləşmiş Ştatlar Rusiyanın bu məsələdə daha geniş rolunu tanıyır. Çünki Rusiya münaqişə edən tərəflərə real təsir imkanları olan ölkədir. Halbuki, ABŞ da Qarabağ məsələsinə geniş diqqət ayırmalı, problemin çözümünə öz töhfəsini verməlidir”.
Məşhur amerikalı analitik, xarici siyasət üzrə Amerika Şurasının eksperti Stiven Blank da nüfuzlu “The Hill” nəşrində yazdığı məqalədə Vaşinqtonun Qarabağ məsələsində fəal siyasət yürütməsinin vacibliyini önə çəkir. O qeyd edir ki, bu məsələdə erməni lobbisinin Konqresə təsir imkanlarının da aradan qaldırılmasına və Azərbaycan kimi vacib bir ölkə ilə əməkdaşlığın dərinləşdirilməsinə ciddi ehtiyac var. Blank məqaləsində ABŞ-da erməni maraqlarına lobbiçilik edilməsi siyasətinin heç də həmişə Amerikanın mənafeyinə uyğun gəlmədyini qeyd edir. Onun fikrincə, ABŞ-dakı erməni lobbisinin əsas hədəfi Ermənistanın qonşusu Azərbaycanı ləkələmək və onu nüfuzdan, gözdən salmaqdır: “Azərbaycana gəlincə, etnik təmizləmənin qurbanı olmuş bir milyondan çox Azərbaycan qaçqını sadəcə evlərinə qayıtmaq istəyərdi… Münaqişəyə görə Ermənistan dünyadan təcrid olunub, energetika, ticarət, dəmir yolu və texnologiya təminatı sahəsində çoxsaylı layihələrdən məhrum olub. Və belə bir şəraitdə erməni lobbisi tərəfindən gündəmə gətrilməsinə cəhd göstərilən “Ermənistan – yaxşılığın etalonu, amma Azərbaycan – şərin nümunəsidir” kimi bitməz bəyanatlar Amerikanın maraqlarına uyğun deyil. ABŞ Azərbaycanla əməkdaşlıq formatında Qarabağ münaqişəsinin ədalətli həllinə çalışmalıdır”. Amerikada çıxan “The National Interest” nəşri də “Amerikaya Azərbaycan kimi strateji tərəfdaşlar lazımdır” sərlövhəli məqalədə Qarabağ münaqişəsindən geniş bəhs edir. Burada qeyd olunur ki, Cənubi Qafqazda yerləşən kiçik, lakin mühüm bir ölkə olan Azərbaycan ABŞ siyasətçilərinin daha artıq diqqətinə layiqdir və Vaşinqton bu ölkəyə diqqəti artırmalıdır. Təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın inkişafında Azərbaycanın roluna toxunularaq bildirilir ki, Azərbaycan terrorizmə qarşı mübarizə işinə sanballı töhfə verib: “Azərbaycan diplomatiya sahəsinə də pozitiv töhfə verib. Yaxın gələcəkdə Azərbaycanda amerikalı və rusiyalı hərbi sərkərdələr arasında yüksək səviyyəli üçüncü görüş keçiriləcək. NATO Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı və eyni zamanda ABŞ-ın Avropadakı Ali Hərbi Komandanı olan general Kertis Skaparrotti Bakıda Rusiya Silahlı Qüvvələrinin Qərargah rəisi Valeri Gerasimovla görüşəcək. ABŞ-Rusiya münasibətlərində yaranmış soyuqluğu nəzərə alsaq, bu cür görüşlər çox faydalı və əhəmiyyətlidir… Azərbaycanın əhalisinin əksəriyyəti müsəlman olsa da, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanın İsrail ilə çox sıx münasibətləri var. İsrailin idxal etdiyi neftin 40 faizi Azərbaycandan alınır. Xəzərdə ən böyük liman olan Bakı Avropa ilə Mərkəzi Asiya arasında daşınan yüklər üçün nəqliyyat qovşağıdır.
Amerikanın energetika şirkətləri 1990-cı illərdən başlayaraq Azərbaycanda neft və qazın kəşfiyyatı və hasilatı ilə məşğul olur. İqtisadi baxımdan, xüsusən enerji sektorunda Azərbaycan regionda mühüm aktor kimi qalacaq. ABŞ və Rusiya hərbi komandanlarının yaxın vaxtlarda keçirilmiş görüşləri göstərdi ki, Azərbaycan həm də Qərblə Şərq arasında qərəzsiz vasitəçi kimi mühüm rol oynayır. Amerikaya Azərbaycan kimi tərəfdaşlar lazımdır. Amerikanın siyasi kursunda düzgün tədbirlər görülərsə, ABŞ və Azərbaycan arasında münasibətlərin bundan sonrakı inkişafı hər iki ölkə üçün qarşılıqlı sərfəli olacaq”. Bu fonda Qarabağ konfliktinin həlli istiqamətində qarşılıqlı əməkdaşlığın fayda verə biləcəyi də diqqətə çatdırılır.
Xatırladaq ki, bir müddət öncə ABŞ-ın Azərbaycanla daha sıx əməkdaşlıq etməli olmasının vacibliyi “The Washington Times” qəzeti tərəfindən də gündəmə gətrilmişdi. Burada qeyd olunurdu ki, mövcud olan bir neçə vacib səbəbə görə Donald Tramp administrasiyası iki ölkə arasında münasibətlərin inkişafını davam etdirməlidir: “Birincisi, Donald Trampın Əfqanıstanda ABŞ-ın hərbi iştirakının miqyasının genişləndirilməsinə dair mövqeyində Azərbaycanın rolu həlledici məna daşıyır. Azərbaycan təkcə amerikalı hərbçilərlə çiyin-çiyinə vuruşmaqla Əfqanıstandakı qoşunlar kontingentində iştirak etmir, həm də Pentaqonun nəqliyyat komandanlığına öz hava məkanından istifadə etməyə icazə verir ki, bu da ABŞ missiyasının Əfqanıstandakı uğurunun həyati vacib amilidir. Tramp komandasının Azərbaycanla daha sıx əməkdaşlıq etməsinin digər səbəbi dini ekstremizmə qarşı qlobal müharibə ilə bağlıdır. Dini tolerantlıq Azərbaycanın zəngin mədəniyyətinin və irsinin ayrılmaz hissəsidir. Bu ölkə yəhudi, xristian və digər icmaların da vətənidir, onların nümayəndələri burada dinc yanaşı tolerantlıq mühitində yaşayır”. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən bəhs edən qəzet Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində ABŞ-ın Rusiya ilə əməkdaşlığının zəruriliyini də vurğulayır.
Amerikalı ekspert Qlen Nozern isə qeyd edir ki, illərdir davam edən Qarabağ münaqişəsi bölgəyə, o cümlədən ABŞ-ın buradakı maraqlarına da ciddi təhdid olaraq qalır. Onun fikrincə, münaqişənin həllində irəliləyişin olmaması, əksinə, zaman-zaman gərginlik müşahidə edilməsi, hətta müharibə təhdidinin olması fonunda konfliktin həlli məqsədilə daha təsirli tədbirlərin görülməsinə ehtyiac var: “Konfliktin çözümündə bu və ya digər şəkildə tərəflərə təsir etmək imkanları olan beynəlxalq təşkilatların iştirakı daha aktiv hala gəlməlidir. Münaqişənin həllinə cəlb edilən ATƏT-in Minsk Qrupu kimi ABŞ öz töhfəsini verməlidir. Mən daha öncə də bildirmişəm və yenə də təkrar edirəm ki, Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Qarabağ konfliktinə dair məlum dörd qətnaməsinin və Baş Assambleyanın digər qətnamələrinin yerinə yetirilməsi üçün ciddi addımlar atılması istiqamətinə öz təsir gücünü istifadə etməlidir. Bu, ABŞ-ın öz maraqları üçün də çox vacibdir”.
Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, ABŞ-ın Qarabağ məsələsində fəal siyasət yürütməsinin vacibliyi okeanın o tayında da xüsusi olaraq qabardılır. Bunlar fonunda ABŞ-ın münaqişənin həllində aktiv rol oynamasının önəmi gündəmə gətrilir. Düzdür, bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını, rəsmi Vaşinqtonun münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb: “Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən və tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk Qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq”. İndi əsas məsələ səfirin qeyd etdiklərinin real həyatda öz əksini tapmasıdır. Bütün bunlar, yəni ABŞ-ın Qarabağ məsələsində aktiv iştirakının zəruri olmasına dair çağrışlar Azərbaycanın maraqlarına uyğundur. Elə hadisələrin bu səpkidə inkişafı, okeanın o tayında Qarabağ münaqişəsi, Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə dair edilən çağrışlar artıq Ermənistanın, onun lobbi qüvvələrinin narahatlığına da yol açır. Kaliforniya ştatının senatoru Entoni Portantinonun Azərbaycanın ABŞ-da artan təsirindən narahat olması da bunun real təsdiqi sayıla bilər. Kaliforniyada çıxan erməni qəzeti “Asbarez” yazır ki, bu barədə Senatdan və Assambleyadan olan həmkarlarına yazdığı məktubunda senator özü bəyan edib. O, "Azərbaycan hökumətinin lobbi səylərinin güclənməsinə qarşı tədbirlər görməyə" çağırıb. Entoni Portantinonu Azərbaycanın Sakramento və Los-Ancelesdə təsir gücünün artması ciddi narahat edir. Məsələ ondadır ki, bu yaxınlarda Kaliforniya – Azərbaycan Dostluq Assosiasiyası yerli elita ilə daha aktiv işə başlayıb. Bundan başqa, Azərbaycan ötən il Kaliforniya, Ermənistan və Qarabağın əməkdaşlığı məsələləri üzrə Senatda xüsusi komitənin yaradılmasına mane olub. Entoni Portantino Kaliforniya Ştatı Senatının 25-ci dairəsini təmsil edir və burada erməni diasporu böyük rol oynayır. Amerika senatoru özü gizlətmir ki, ölkədə ən böyük erməni icmasının olduğu şəhərin təmsilçisidir və Sakramentoda Azərbaycan lobbisinin güclənməsindən çox təşvişə düşüb. Amma onun özü də yaxşı bilir ki, Cənubi Qafqaz dövlətləri arasında təcavüzkar ölkə olan Ermənistanın, onun diaspor qüvvələrinin mövqeyinin müdayiə edilməsi təkcə Azərbaycan yox, elə ABŞ-ın özünə də ciddi zərər vurur. Bunu yaxşı dərk edən amerikalı ekspertlər isə hesab edir ki, Azərbaycanla ABŞ qarşılıqlı əməkdaşlıqlarını daha da dərinləşdirməli, eyni zamanda Vaşinqton Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımlar atmalıdır. Bu, ABŞ-ın regionda maraqlarının yüksək səviyyədə təmini baxımından da önəmli sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.