Azər Həsrət: “Bizim araşdırmamız nəticəsində ortaya çıxıb ki, “Freedom House” kimi təşkilatın büdcəsinin 86 faizi ABŞ-ın dövlət qurumları tərəfindən ödənilib”
Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Tədbirin aparıcısı İlham Əliyevə ölkədəki medianın real vəziyyətilə bağlı sual ünvanlayıb və bəzi reytinq əmsallarına görə, Azərbaycanın mətbuat azadlığı sahəsində dünyada 162-cı yerdə qərarlaşmasının səbəbilə maraqlanıb.
Prezident İlham Əliyev həmin suala aşağıdakı məzmunda cavab verib: “Hesab edirəm ki, bu tənqidin əsası yoxdur. Məsələnin mahiyyətinə baxdıqda məlum olur ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır.
Bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Bir daha qeyd edirəm ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirmişdir. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Hərdən bu yanaşma bədxah olur. Bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur”.
Tədbirin aparıcısı İlham Əliyevdən daha konkret ünvanlar açıqlamağı xahiş edib və belə qərəzin hardan qaynaqlanması ilə maraqlanıb. Prezident İlham Əliyev bu haqda daha konkret danışmaq istəmədiyini və bunun haradan qaynaqlanmasının bəlli olduğunu vurğulayıb: “Ancaq bu nədən belədir? Bunun isə sadə səbəbi var - Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz risqli və ölkəmiz üçün çətinliklər yarada biləcək heç bir avantüraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risqlər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risqlər xaricdən qaynaqlana bilər”.
Göründüyü kimi, İlham Əliyev Azərbaycanın media sahəsində geridə olması ilə bağlı qarayaxma kampaniyasının hansı beynəlxalq dairələrin və hansı məqsədlə aparmasına dair konkret açıqlama verməyib. Prezident bu kontekstdə nələri nəzərdə tutub və demək istəməyib?
Media məsələləri üzrə ekspert Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, Prezident media azadlığı ilə bağlı suala olduqca dolğun və lakonik cavab verib: “Cənab Prezident orada maraqlı bir məqamı da vurğuladı. Bildirdi ki, biz gənc və müstəqil ölkə kimi sərbəst siyasi kurs yürüdürük və ola bilər ki, bu, hansısa mərkəzlərin xoşuna gəlmir. Yəni biz gənc ölkə olsaq da, kimlərinsə diqtəsi ilə oturub-durmuruq. Məhz bu cür fəaliyyət bizə təzyiqlərin ortaya çıxmasına əsas verir. Bəzi beynəlxalq dairələr bu cür çirkin vasitələrlə bizi özlərinə tabe etməyə çalışırlar. Ən acınacaqlısı isə budur ki, Azərbaycanın adını medianın inkişaf indeksinə görə ən arxa sıralara salırlar. Dünyanın ən geridə qalmış ölkələri belə həmin reytinq cədvəllərində bizdən irəlidə qərar tutur. Prezidentin demək istəmədiyi mətləblər bunlardır. Konkret ünvanların bəzilərinin adını mən göstərə bilərəm. Məsələn, bu indeksləri tərtib edən təşkilatlardan ən öndə gedəni “Freedom House”, “Sərhədsiz reportyorlar” və başqalarıdır. Təsəvvür edin, bizim araşdırmamız nəticəsində ortya çıxıb ki, “Freedom House” kimi təşkilatın büdcəsinin 86 faizi ABŞ-ın dövlət qurumları tərəfindən ödənilib. Bu təşkilatın rəhbərliyində təmsil olunan kadrların böyük əksəriyyəti ABŞ-ın keçmiş dövlət məmurlarıdır. Mənə elə gəlir ki, bu göstəricilər məsələnin mahiyyətini tam aydın edir. Azərbaycanda medianın vəziyyəti qənaətbəxşdir. Düzdür, xırda problemlər də istisna deyil. Çünki bu, dünyanın istənilən ölkəsində olur. Ancaq buradakı media reytinqini acınacaqlı kimi dəyərləndirmək həddən artıq qərəzli yanaşmanın olmasından xəbər verir. Prezident diplomatik üslubda məsələnin mahiyyətini dolğunluğu ilə izah edib”.
Məhəmmədəli QƏRİBLİ