Ərazilərinin bir qismi hələ də işğal altında olan Azərbaycanın ordusunu gücləndirməsi istiqamətində atdığı addımlar, xarici ölkələrdən aldığı silahlar bu gün Ermənistan üçün əsas qorxu mənbəyi sayılır. Çünki belə vəziyyət Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll ediləcəyi təqdirdə nəticələrin necə olacağını əvvəldən müəyyən etməyə əsas verir. Digər tərəfdən, Azərbaycanın Ermənistanın əsas hamisi sayılan Rusiyadan daha çox silah-sursat alması İrəvanın təşvişini ikiqat çoxaldır. İlk növbədə o baxımından ki, Azərbaycan Rusiyadan ən müasir hərbi texnika alışını həyata keçirir və belə silahları erməni ordusunun yaxın onilliklərdə görməyəcəyi düşmən tərəfə yaxşı məlumdur.
Ermənistan yaranmış vəziyyətdə onu da aydın görür ki, Rusiya onunla müqayisədə Azərbaycanla əməkdaşlığa daha çox üstünlük verir. Bu isə, erməni tərəfinin qənatəincə, mütəffiqlik münasibətlərindən uzaqdır və Moskva üçün İrəvanın arxa plana keçməsi anlamına gəlir. Bu günlərdə Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlığın Azərbaycana gətirilməsi isə Ermənistanın narahatlıqlarını daha da artırıb. Erməni politoloq Manvel Sarkisyan vurğulayır ki, belə silah sövdələşməsi şəraitində Azərbaycan Rusiyaya öz şərtlərini qəbul etdirmək imkanları da qazanır və bura Dağlıq Qarabağ məsələsi də daxildir: “Əvvəllər də demişəm ki, bu, Azərbaycanın uğurla istifadə etdiyi hərbi diplomatiyadır. Rusiya Azərbaycana silah satıb bu ölkəni gücləndirir. Artıq Rusiya ilə münasibətlərə baxmaq vaxtı gəlib çatıb”. Məhz belə bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin RİA “Novosti”yə müsahibəsində səsləndirdiyi fikirlər, görünür, Ermənistanın Rusiya sarıdan narahatlığını daha da artıracaq. Belə ki, Azərbaycan hərb müstəvisində Rusiya ilə əməkdaşlığını daha da genişləndirməyə hazırlaşır. Bu xüsusda Prezident İlham Əliyev qeyd edib: “Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük. Bu daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır”. Dövlət başçısı bu istiqamətdə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb. O, həmçinin qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub. Artıq silahların alındığını deyən İlham Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini bildirib: “Azərbaycanda və Rusiyada heç bir məhdudiyyət yoxdur”.
Bütün bunlar Azərbaycanın Ermənistanla müqayisədə hərbi üstünlüyünün dəfələrlə artması anlamına gəlir və işğalçı Ermənistan da hadisələrin onun lehinə inkiaşf etmədiyini yaxşı görür. Düşmən onu da aydın müşahidə edir ki, proseslər Azərbaycan ordusunun daha böyük sürətlə güclənməsinə gətirib çıxarır. Əslində, indinin özündə də Azərbaycan hərbi cəhətdən Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüyə malikdir. Bunu növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayan “Global Firepower” təşkilatının son hesabatı da göstərir. 2017-ci il üçün hazırlanan “Global Firepower Index”in müəllifləri təxminən 50 meyar üzrə dünya ordularının gücünü qiymətləndiriblər. Reytinq siyahısı hazırlanarkən orduya çağırılacaq əhalinin sayı, tank, təyyarə, nüvə başlığı, təyyarədaşıyan gəmilər, sualtı gəmilərin miqdarı, həmçinin hərbi büdcənin həcmi nəzərə alınıb. Azərbaycan Silahlı Qüvvələri ümumilkdə 133 ölkənin adının yer aldığı “dünyanın ən güclü ordusu” reytinqində 58-ci yerdə qərarlaşıb. Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdədir. Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında fərq kifayət qədər böyükdür. “Global Firepower” təşkilatı Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 64 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopterin olduğunu bildirir. Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var. Bildirilir ki, Azərbaycan ordusunun sayı 374,5 min nəfərdir, səfərbərlik zamanı isə 3,75 milyon nəfər hərbi xidmətə çağırıla bilər. Müdafiə büdcəsinin isə 3,185 milyard dollar olduğu qeyd edilib. Ermənistan bütün göstəricilər üzrə Azərbaycandan çox geridə qalır. İndi Azərbaycanın müxtəlif ölkələr, o cümlədən Rusiya ilə yeni hərbi texniki əməkdaşlıq üzərində iş aparması isə vəziyyəti daha böyük sürətlə ölkəmizin lehinə dəyişir. Aydındır ki, görülən işlər Azərbaycan və Ermənistan ordusunun döyüş imkanları, qabiliyyəti arasında fərqi daha böyük fərq nisbətində artıracaq. Bu şəraitdə Qarabağ məsələsinin hərbi həlli Ermənistan üçün ciddi problemlərə yol açacaq.
Özü də bütün bunlar Azərbaycanın ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək planlarını işə salma ehtimalının yüksəlməsi fonunda baş verir. Xüsusən də qardaş Türkiyənin Afrində həyata keçirdiyi uğurlu antiterror əməliyyatının Dağlıq Qarabağda da təkrarlanmasının mümkünlüyü qeyd edilən ehtimalı bir qədər də gücləndirir. Erməni politoloq Ruben Safrastyan da açıq etiraf edir ki, Türkiyənin Afrində həyata keçirdiyi uğurlu antiterror əməliyyatının dalğasının Dağlıq Qarabağa da çatacağı ehtimalı Ermənistanı qorxuya salıb. O, Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini düşünür. Politoloqun sözlərinə görə, Türkiyənin güclü iradə ilə atdığı addımlar təkcə Yaxın Şərq regionu üçün yox, qonşu ölkələr, xüsusilə Ermənistan üçün yaxşı gələcək vəd etmir:“Bizim üçün baş verənlər kontekstində Qarabağda hadisələrin necə inkişaf edəcəyi əhəmiyyətlidir. Suriyadakı münaqişənin Qarabağ münaqişəsi ilə düz xətt üzrə əlaqəsi yoxdur. Lakin ortada Türkiyənin gücü və bu gün ortaya qoyduğu iradə var. Bu baxımdan, hadisələrin Cənubi Qafqaza qədər gəlib çıxa biləcəyi ehtimalı mövcuddur”.
Erməni politoloq proseslərin onlar üçün çox təhlükəli olduğunu vurğulayır: “Türkiyə qalib gələrsə, bu, Dağlıq Qarabağda vəziyyətin Ermənistanın əleyhinə dəyişməsilə nəticələnəcək. Çünki bölgədə güclənən Türkiyə Azərbaycanla birləşərək, Qarabağ məsələsinin tezliklə həllini tələb edəcək. Nəzərə almalıyıq ki, bu gün Azərbaycan özlüyündə güclüdür. Lakin Türkiyənin güclənməsi Rusiyanın və digər böyük ölkələrin də Ermənistana əks cəbhədə yer almasına səbəb ola bilər. Biz o təhlükəni istisna etməməliyik ki, Bakı və Ankara Qarabağda “ildırımsürətli” əməliyyata əl atacaq”. Xatırladaq ki, artıq bir neçə gündür, Türkiyə Azad Suriya Ordusunun iştirakı ilə Suriyanın Afrin şəhərində YPG terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyata başlayıb. Türkiyə sərhədləri boyunca milli təhlükəsizliyinə təhdid yaradan terror təhlükəsinin qarşısını almağı və özü üçün tampon bölgə yaratmağı qarşısına məqsəd qoyub. Azərbaycanın da qardaş ölkənin təcrübəsindən yararlanaraq Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaya bilməsi tamamilə mümkün sayılır. Elə politoloq Qabil Hüseynli də Türkiyənin təcrübəsindən yararlanmağın faydalı ola biləcəyini düşünür: “Türkiyə öz sərhədlərinin təhlükəsizliyini əsas gətirərək Afrində antiterror tədbirləri aparırsa, Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamağıa ikiqat haqqı var. Bu nöqteyi-nəzərdən Azərbaycanın daha üstün hüquqları var. Beynəlxalq ictimai rəy də torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini birmənalı qaydada təsdiqləyir. ATƏT faktiki sülhyaratma prosesinin öhdəsindən gələ bilmir və təklif etdiyi müddəalar Bakı üçün məqbul sayıla bilməz. Üstəlik, təcavüzkara qarşı hər hansı sanksiya, təzyiq metodlarından istifadə edilmir. Belə bir şəraitdə Azərbaycan sülh danışıqlarının yalnız Ermənistana vaxt qazandırdığını əsas gətirərək və lazımı dövlətlərə xəbərdarlıq edərək öz ərazilərini azad etmək məqsədilə Qarabağda hərbi əməliyyatlara başlaya bilər. Bu, kimlər tərəfindənsə etirazla qarşılansa belə, hər hansı bir hüquqi məsuliyyət yaratmır. Türkiyənin Afrinə girməsi Fransanın təklifi ilə BMT TŞ-də müzakirə edildi. Ancaq Azərbaycanın bu addımı heç bir beynəlxalq təşkilatda müzakirə edilə bilməz. Çünki Azərbaycan BMT-nin əsasnaməsinə uyğun olaraq hərəkət etmiş olacaq. Hadisələrin gedişatı da göstərir ki, bu yol məsələnin həllində ən real variantdır”. Məsələ ilə bağlı erməni ekspert Nairi Gohikyan isə bildirir ki, Azərbaycan Türkiyənin yardımı ilə Qarabağda hərbi əməliyyatlara başlasa, Rusiyanın buna qarşı çıxması artıq inandırıcı deyil və İrəvan bu reallığı mütləq nəzərə almalıdır: “Rusiya üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlığın inkişaf etdirilməsi indi daha çox önəmlidir. Hər iki tərəflə Rusiya hərbi sahədə də yüksək səviyyədə əməkdaşlıq edir. Rusiyanın dünya üzrə ən yaxşılarından biri sayılan ən yeni S-400 hava hücumundan müdafiə sistemlərini Türkiyəyə satması bunun göstəricisidir. S-400 hava hücumundan müdafiə sistemi, o cümlədən, ballistik raketləri də vura bilər. Eyni zamanda, Ermənistanın istəklərinin əksinə olaraq, Rusiya Azərbaycana müasir silah satışını davam etdirir. Azərbaycan isə Rusiya silahı ilə Ermənistan əsgərlərini öldürəndə, bu, biznesin sadə məntiqi ilə izah olunur. Belə vəziyyətdə Azərbaycanın Türkiyənin yardımı ilə hərbi əməliyyatlara başlamasına Moskvanın etiraz etməsi artıq inandırıcı görünmür. Çünki Azərbaycan, eləcə də Türkiyə Rusiyanı onların mənafeyinə yaxın mövqe sərgiləməyə vadar etməkdədir”.
İndi qeyd edilənlər fonunda Azərbaycanın ordusunu daha da gücləndirməsi, yeni müasir hərbi texnikalar alışını həyata keçirməsi təbii olaraq Ermənistanda ciddi qorxu, narahatlıq yaradır. Düşmən bilir ki, dinc yolla zəbt etdiyi əraziləri boşaltmasa, Azərbaycan onu buna güc yolu ilə vadar edəcək. Özü də bütün bunların baş verəcəyi gün uzaqda deyil.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.