Aydın Hüseynov: “Bu, hər iki ölkənin müəyyən dividendlər əldə etməsinə gətirib çıxaracaq”
Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış nöqtəsi olmaq istəyir. Bu barədə mətbuata açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib. Səfir bununla bağlı açıqlamasında bir sıra məqamlara toxunub: “Biz Azərbaycana Şərq bazarlarına çıxış qapısı kimi baxırıq və istəyirik ki, Azərbaycan Macarıstanı Avropa İttifaqı bazarlarına çıxış nöqtəsi hesab etsin”.
Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun əhəmiyyətindən danışan V.Sederkenyi deyib ki, Avropa ilə Asiyanı birləşdirən istənilən infrastruktur layihəsi Macarıstan üçün mühüm əhəmiyyət kəsb edir: “Bununla əlaqədar biz BTQ dəmir yoluna böyük əhəmiyyət veririk, çünki o, Asiya ilə Avropa arasında yük daşınmasının zamanını azaltmağa imkan verəcək və rəqabət qabiliyyətli tarif sistemini təmin edəcək”.
Məlumat üçün qeyd edək ki, son illər ümumilikdə Azərbaycanla Macarıstan arasında bir sıra sahələrdə münasibətlər, əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Ötən il ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub. Bununla yanaşı, tərəflər Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında Saziş və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramını imzalayıblar.
Bütün bunların fonunda, Macarıstanın Azərbaycan üçün Avropa bazarlarına çıxış nöqtəsi olması nə dərəcədə əhəmiyyətlidir? Bununla bağlı hansı işlər görülə bilər?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynov, prinsipcə, buna müsbət yanaşdı. Onun sözlərinə görə, Macarıstanın əlverişli coğrafi mövqeyə malik olması bununla bağlı müəyyən imkanlar yaradır: “Ümumilikdə, Macarıstanla Azərbaycanın tarixi əlaqələri var. Son illər bir sıra sahələrdə iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir. İstər siyasi, istərsə də iqtisadi, mədəni sahələrdə əlaqələr get-gedə genişlənir. Onu da nəzərə almaq lazımdır ki, Macarıstan Mərkəzi Avropa ölkələri arasında çox əlverişli coğrafi mövqeyə malikdir. Şərqdən Qərbi Avropaya gedən bir sıra nəqliyyat, enerji xətləri məhz Macarıstandan keçir. Şərqi Avropa ölkələrinin bir çoxu Avropa İttifaqının üzvü olsa da, iqtisadi inkişaf səviyyələri müxtəlifdir. Elə Şərqi Avropa ölkəsi var ki, Aİ-nin üzvü olsa da, iqtisadi baxımdan digərləri ilə müqayisədə geri qalıb. Ancaq bütün bunlardan fərqli olaraq, Macarıstan daha əlverişli vəziyyətdədir. Şərqi Avropa ölkələri arasında Macarıstanın iqtisadi imkanları digərlərindən daha çoxşaxəlidir. Bundan başqa, Macarıstan hər zaman Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə dəstək verib. O cümlədən, Azərbaycanın enerji layihələrini dəstəkləyib. Bu baxımdan səfirin bildirdiyi fikirlər müəyyən real əsaslara söykənir və bu istiqamətdə iş aparmaq olar. Azərbaycanla Macarıstan arasında həm iqtisadi, həm də mədəni-siyasi əlaqələr möhkəmdir. Doğrudan da Macarıstan Azərbaycan üçün Aİ-yə çıxış qapısı rolunu oynaya bilər. Bu, hər iki ölkənin müəyyən dividendlər əldə etməsinə gətirib çıxaracaq”.
Vidadi ORDAHALLI