Aydın Mirzəzadə: “Bu gün dövlət vətəndaşların problemlərinin həll edilməsi üçün çox gərgin iş aparır”
“Azərbaycanda daxili təhdidlər və risqlər yoxdur”. Məlum olduğu kimi, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxışı zamanı deyib.
Ölkə başçısı bildirib ki, bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir: “Qonşularla münasibətlər hər bir ölkə üçün prioritet olmalıdır. Bu xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır. Bu həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır”.
Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub: “Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir risqli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Bu gün biz həm siyasi, həm iqtisadi inkişafdan bəhs edirik. Bunlar ayrılmazdır. Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Davos Forumu bu yaxınlarda siyasətçilərə inamla bağlı yeni bir hesabat yaymışdır və Azərbaycan orada 20-ci yerdədir. İnkişaf etməkdə olan dövlətlərdə hərtərəfli inkişafa dair digər bir hesabatda Azərbaycan 3-cü yerdədir”.
Ümumilikdə, ölkədə heç bir daxili risq və təhdidin olmamasına Azərbaycan necə nail olub? Bununla bağlı ekspertlərin yanaşması necədir?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə bunu bir sıra faktorlarla əlaqələndirdi: “Prezident İlham Əliyevin bu etirafı deyərdim ki, bir çox dövlətlər üçün arzuolunan bir vəziyyət olardı. Məsələ ondadır ki, hətta inkişaf etmiş ölkələrin bəzilərində belə daxili təhdidlər, cəmiyyət üçün təhlükələr hələ də qalmaqdadır. Avropa ölkələrində terror təhlükəsini, Birləşmiş Ştatlarda məktəblərdə təhlükəsizliyin bu gün zərbə altında qalmasını və digər məsələləri misal göstərmək olar. Ancaq bütün bunlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə təmin edilir. Ölkədə bütün proseslər Konstitusiya və demokratiya çərçivəsində həyata keçirilir. Hesab edirəm ki, ilk növbədə strateji istiqamətlərin düzgün götürülməsi nəticəsində buna nail olundu. Ulu öndər Heydər Əliyevin vaxtilə vətəndaş müharibəsinin qarşısını alması, Azərbaycanda hüquqi, demokratik dövlətin qurulması üçün ciddi fəaliyyətin, islahatların aparılması və beynəlxalq birlikdə ölkənin layiqli yerini tutması öz müsbət nəticəsini verib. Yəni bütün bunların hamısı zaman-zaman artıq oturuşmuş bir demokratik cəmiyyətin yaranmasına gətirib çıxardı. Bu gün Azərbaycanda dövlətin, cəmiyyətin, vətəndaşın və hər kəsin hüquq və vəzifələri kifayət qədər dəqiqdir. Eyni zamanda, bütün bunlar yerinə yetirilir. Bu gün dövlət vətəndaşların problemlərinin həll edilməsi üçün çox gərgin iş aparır. Həmçinin, hüquq-mühafizə orqanlarının Konstitusiya çərçivəsində fəaliyyətlərini gücləndirməsi də müvafiq nəticəyə gətirib çıxarır. Ancaq bununla belə, Azərbaycana xaricdən təhdid var. O da ondan ibarətdir ki, ölkə ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Hələ də Dağlıq Qarabağ məsələsi öz həllini tapmayıb. Dünya bir tərəfdən Azərbaycandan öyrənməli, digər tərəfdən mövcud problemin həll olunmasına kömək etməlidir. Bu olmasa, tək Azərbaycan üçün deyil, bütün region üçün müəyyən problemlər yarana bilər”.
Vidadi ORDAHALLI