Məlumat verildiyi kimi, Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu bu günlərdə Qarabağ münaqişəsinə dair növbəti hesabatını yayıb. Təşkilatın analitikləri hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibənin başlanması perspektivi heç vaxt olmadığı qədər yaxındır.
Belə bir mövqenin ortaya qoyulması Ermənistanda geniş müzakirə predmetinə çevrilib və açıqlanan fikirlərdən bəlli olur ki, erməni cəmiyyəti yeni mümkün müharibədən çox narahatdır. Burada hesab edilir ki, yeni müharibə zamanı müasir silahlarla silahlanmış və açıq üstünlüyə malik Azərbaycan təkcə Dağlıq Qarabağa yox, həmçinin Ermənistanın özünə olduqca böyük zərbələr vurmaq iqtidarındadır.
Qeyd edək ki, bu məqam Beynəlxalq Böhran Qrupu tərəfindən də xüsusi olaraq vurğulanır. Hesabat müəllifləri qeyd edir ki, Azərbaycanın aprel uğurları orduya inamı möhkəmləndirib və Bakını hərbi yolla işğal edilmiş ərazilərin ən azı bir hissəsinə nəzarəti geri qaytarmağın mümkünlüyünə inandırıb: "O vaxtdan bəri Azərbaycan hərbi xərclərini daha da artırıb, yeni silahlar alıb və ordusunun peşəkarlığını yüksəldib. Son illərdə Azərbaycan əsasən Rusiyadan, eyni zamanda İsrail, Pakistan, Türkiyə və digər ölkələrdən yeni silahlar, hərbi texnika alıb. Azərbaycan ordusu apreldə tutduğu iki strateji mövqe arasında sürətlə yeni tranşeylər qazıb, bu mövqelərə daha irimiqyaslı eskalasiya halında taktiki üstünlük qazandırıb. Erməni ekspertləri Azərbaycanın silahlar sahəsində dəqiq texniki və say üstünlüyünü etiraf edir. Həmçinin azərbaycanlıların say üstünlüyü var. Azərbaycan əhalisi son illərdə sürətlə artıb və Ermənistanla Dağlıq Qarabağın erməni əhalisindən dörd dəfə yarım çoxdur". Beynəlxalq Böhran Qrupu hesab edir ki, Ermənistan hərbi əməliyyatların gedişində Azərbaycana qarşı ballistik raketləri işə salsa, Azərbaycan dərhal eyni cür cavab verəcək və onun raketləri Ermənistanla sərhəd Naxçıvan bölgəsində cəmləşdirilib. Bütün bunlar onu göstərir ki, əslində, erməni tərəfi yeni mümkün müharibədən qorxmaqda haqlıdır. Amma o da vurğulanır ki, işğal siyasətinə son qoyulmasa, ermənilərin çox qorxduğu müharibənin başlanması qaçılmaz olacaq. Bunu Rusiya hərbi eksperti Pavel Felqenhauer də təsdiq edir. O, Ermənistanın "Jamanak" nəşrinin əməkdaşı ilə söhbətində Beynəlxalq Böhran Qrupunun hesabatında deyilənlərlə razılaşdığını bildirib və qeyd edib ki, həqiqətən də Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri müharibəyə ən yaxın vəziyyətdədir.
Hərbi ekspert qeyd edib ki, münaqişə tərəfləri ilə sıx münasibətləri dəstəkləyən Rusiya müharibə başlanacağı halda çox çətin vəziyyətdə olacaq. Onun sözlərinə görə, Rusiya Qarabağa görə Azərbaycanla münaqişəyə girmək istəməzdi: "Mən artıq çoxdan yazıram və deyirəm ki, Qarabağın üzərində qara buludlar dolaşır. Müharibə praktik olaraq qaçılmazdır. Yaxşı ki, Beynəlxalq Böhran Qrupu da bu haqda yazdı. Bir daha təkrar edirəm ki, müharibə başlasa, hər iki tərəflə sıx əlaqədə olan Rusiya üçün çətin vəziyyət yaranacaq. Ruslara müttəfiq kimi təkcə Ermənistan yox, Azərbaycan və Gürcüstan da lazımdır. Rusiya Qarabağ ucbatından Azərbaycanla konfliktə girmək istəməzdi". Erməni politoloq İqor Muradyan isə hesab edir ki, mümkün hərbi əməliyyatlarda əslində Rusiyanın, hətta Qərbin Azərbaycanın yanında olmasını gözləmək olar. Çünki Azərbaycan, Ermənistandan fərqli olaraq, bu istiqamətdə fəal iş aparıb: "Qərbdə hazırda düşünürlər ki, Qarabağda müharibə olmayacaq, lakin reallıqda Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə kökləyir". Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibənin təhlükəsini anlamır: "Siyasi rəhbərlik ümidlərini Rusiyaya və Moskvanın verdiyi silahlara bağlayıb. Bununla belə, orduda yüksək rütbəli zabitlər arasında Rusiyanın müharibədə erməniləri satacağı haqda müzakirələr gedir. Rusiya Azərbaycana silah satır, lakin İrəvan buna baxmayaraq rusların dediyi ilə oturub-durur. Buna görə də beynəlxalq səhnədə də heç bir tərəfdaş tapa bilməmişik".
Erməni politoloq qeyd edib ki, Ermənistan güclü şəkildə Rusiyadan asılıdır: "Buna görə də müharibədə bizə Qərb, xüsusilə də NATO heç bir dəstək verməyəcək. Qərbdə hesab edirlər ki, Rusiya Ermənistanın müttəfiqidir, buna görə də lazımi dəstək verəcək. Lakin reallıqda bu belə deyil. Azərbaycan da bunu yaxşı anlayır və Ermənistana vuracağı zərbəyə Moskvanın səs çıxarmayacağını bilir". Muradyan əlavə edib ki, müharibədə NATO Azərbaycana dəstək verə bilər: "Çünki Bakı, İrəvandan fərqli olaraq, NATO ilə sıx əməkdaşlıq üçün qapısını daim açıq saxlayır. Bununla yanaşı, ən yaxın müttəfiqi olan Türkiyə NATO üzvüdür, həmçinin, Şimal Alyansının diqqət göstərdiyi Gürcüstanla sıx əlaqələri var. Bütün bunlar Bakının İrəvan üzərindəki üstünlükləridir. Müharibə olacaqsa, Ermənistan açıq şəkildə məğlub olacaq. Bunun səbəbi isə indiyə qədər erməni rəhbərliyinin Rusiyaya bel bağlayaraq Qərbdən üz döndərməsidir". Erməni politoloq Qarabağda yaxın dövrlərdə ən azı lokal müharibənin baş verəcəyini hesab edir və bunun nəticələrinin Ermənistan üçün ağır olacağını vurğulayır.
Erməni siyasi şərhçi Naira Ayrumyan da onları yeni müharibədə yaxşı heç nə gözləmədiyini bildirir və qeyd edir ki, Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağda müharibə ssenariləri haqda hesabatı reallıqdan heç də uzaq deyil. Onun sözlərinə görə, hesabatda diqqət çəkən məqam müharibə başlayacağı təqdirdə Naxçıvandan Ermənistana ballistik raket zərbələrinin vurulmasıdır: "Qrupun ekspertləri hesab edirlər ki, Azərbaycan Ermənistanın təxribat hücumlarının olacağını düşünür. Çünki "aprel müharibəsi"ində işğal olunmuş ərazilərin bir qismi azad edilib və İrəvan rejimi erməni cəmiyyətində etibarını bərpa etmək üçün azad olunmuş ərazilərin yenidən işğalı planını hazırlayır. Amma artıq bu mümkün deyil. Çünki Azərbaycan hərbi cəhətdən kifayət qədər güclüdür. Digər tərəfdən, İrəvan hakimiyyəti Türkiyə-Azərbaycan ittifaqına mane ola bilməyib. Müharibə olacağı halda Naxçıvandan vurulacaq zərbələr Ermənistanın dövlət quruluşunun sonu ola bilər. Lakin erməni diplomatiyası indiyə qədər Türkiyə-Azərbaycan əməkdaşlığına mane ola bilməyib, həmçinin, türk hərbçilərinin Naxçıvanda fəaliyyət göstərməsinə qarşı heç nə edə bilmir".
Bütün bunlar bir daha mümkün hərbi əməliyyatların Ermənistan üçün hansı acı fəsadlar törədəcəyini düşmən ölkədə də görüb sezənlərin sayının az olmadığını göstərir. Digər tərəfdən ermənilərə o da aydın olur ki, mümkün müharibənin gedişində Rusiya və Qərb Ermənistana hansısa formada yardım etməyəcək. Çünki Azərbaycanla əlaqələri hər iki tərəf Ermənistanla müqayisədə daha vacib sayır. Bunu Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı hesabatını şərh edən Metyu Brayza da təsdiq edir. Onun sözlərinə görə, konkret ABŞ Azərbaycanla münasibətlərinin səviyyəsinin yüksəlməsində maraqlıdır: "Hər bir Amerika prezidenti anlayıb ki, biz öz müttəfiqlərimizi müdafiə etməli və gücləndirməliyik. Həm Respublikaçıların, həm də Demokratların administrasiyalarında belə olub. Söhbət həm enerji sahəsində əməkdaşlıqdan, həm boru kəmərlərindən, həm də Dağlıq Qarabağdan gedir. Mən bu mənada ümid edirəm ki, prezident Donald Tramp Rusiya ilə əməkdaşlıq üçün problem axtaran zaman Qarabağı seçəcək". Metyu Brayza bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış təhlükəli vəziyyətdən çıxış üçün nizamlama prosesində Rusiya və Amerika prezidentləri iştirak etməlidir. O, müsbət nümunə kimi 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiya prezidenti Vladimir Putinin oynadığı roldan danışıb: "Prezident Putin onda çox konsturktiv rol oynadı. O, vəziyyətdən çıxış üçün təkliflər verdi. Aprel hadisələrindən sonra o, Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirdi. Mən belə başa düşdüm ki, Azərbaycan tərəfi bu təşəbbüsü alqışladı, erməni tərəfi isə yox". Metyu Brayzanın fikrincə, Rusiya o zaman yaxşı təklif irəli sürmüşdü: "Tərəflərdən biri razılaşmadı və buna görə hər şey dayandı. İndi hər şey dalana dirənib. Bilmirəm hadisələr necə inkişaf edəcək. Ümid edirəm ki, Amerika prezidenti nəsə təklif edəcək". Xatırladaq ki, bir müddət əvvəl Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland da ölkəsinin Qarabağ məsələsində aktiv rol oynamasının vacibliyini gündəmə gətirmişdi. O qeyd edirdi ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox rol oynamalıdır: "Hazırda biz ABŞ-ın yeni prezident administrasiyasının ilk mərhələsindəyik. Vaşinqton hələ də xarici siyasətlə bağlı müxtəlif versiyaları nəzərdən keçirir. Bir az səbr etmək lazımdır və gələcək aylarda hansı inkişafa nail ola biləcəyimizi görəcəyik. Sülh quruculuğu prosesində əsas məsələ hər iki tərəfin yüksək səviyyəli insanlarından asılıdır. Biz diqqətimizi hər iki tərəfin məmnun qalacağı təkliflərə cəmləməliyik".
Bu günlərdə isə Donald Trampın Prezident İlham Əliyevə göndərdiyi məktublarda Qarabağ münaqişəsinə də xüsusi diqqət ayrılması göstərir ki, ABŞ-da sözügedən konfliktə diqqət artır. Özü də o fonda ki, ABŞ Azərbaycanı özünün yaxın müttəfiqi adlandırır, Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Beləliklə, ABŞ-ın mövcud Qarabağ siyasəti Azərbaycanın maraqlarına cavab verir. Digər tərəfdən "Armenianreport" saytı yazır ki, ABŞ Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması üçün də Qarabağ məsələsinin həllində maraqlıdır. Politoloq İqor Muradyan isə qeyd edir: "Amerikaya görə, Cənubi Qafqazda iki əsas münaqişə mövcuddur: türk-erməni, rus-gürcü. Türk-erməni qarşıdurması Qarabağdan qaynaqlanır və Vaşinqtonda hesab edirlər ki, İrəvanla Ankaranın münasibətlərinin düzəlməsi üçün Qarabağ münaqişəsi həll olunmalıdır. ABŞ Qarabağ münaqişəsinin həlli üçün layihənin hazırlanmasını analitik mərkəzlərə tapşırıb. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Harri Qilmoromun layihəsi diqqət çəkir. Qilmoromun layihəsi bir neçə bənddən ibarətdir və Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutur. Keçmiş səfir hesab edir ki, türk-erməni qarşıdurması mütləq başa çatmalıdır. Bununla Cənubi Qafqazdan Rusiyanı çıxarmaq şansı yarana bilər". Bütün bunlar ABŞ-ın da Qarabağ məsələsinə diqqətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.