"Yaxın saatlarda Ermənistan və Rusiya xarici işlər nazirləri arasında Dağlıq Qarabağa dair yeni təmaslarla bağlı məlumat veriləcək". APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
M. Zaxarova bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti aktiv fazadan sülh yolu ilə həll üzrə siyasi prosesə gətirmək üçün bir sıra addımlar atılıb. Onun sözlərinə görə, cəbhə xəttindəki son hadisələrdən sonra xarici işlər nazirləri səviyyəsində təmaslar olub: "Rusiya prezidenti Vladimir Putin bəyanat verib. O, Rusiya xarici işlər naziri Sergey Lavrovun və baş nazir Dmitri Medvedevin regiona səfərlərini xatırladıb. Lavrovun Bakı səfəri olub, Medvedev regiona səfər edib. Bununla paralel olaraq Minsk qrupu həmsədrləri aktiv fəaliyyət göstərməyə başladılar. Müvafiq bəyanat verildi və s. İş dayanmır. Hər iki tərəfdən çox sayda ittihamlar, problemli məsələlər var ki, onları həll etmək çətindir. Amma bununla bağlı güzəştləri müzakirə etmək üçün vasitəçilik missiyası var. Onu deyə bilərəm ki, təmaslar dayandırılmayıb. Hesab edirəm ki, yaxın vaxtlarda, bəlkə də bu gün və ya 2 saat sonra daha bir təmasın anonsunu verə bilərik”.
M. Zaxarova aprelin 22-də S. Lavrovun Ermənistana səfər edəcəyini də bildirib. Onun sözlərinə görə, orada ikitərəfli məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi də müzakirə olunacaq.