Xəbər verdiyimiz kimi, dünyanın aparıcı neft ixracatçılarının neftin qiymətini sabitləşdirmək məqsədilə istehsalı dondurmaq barədə danışıqları "nəticəsiz” nəticələnib.
Qətərdə keçirilən görüşdən bir neçə saat sonra ölkənin enerji naziri Mohammed bin Saleh al-Sada deyib ki, ortaq qərara gəlmək üçün neft hasilatçılarının "daha çox vaxta” ehtiyacı var.
Bu görüşdən əvvəl bəyan edilmişdi ki, iştirakçılar neft qiymətlərinin bundan sonra da düşməsinin qarşısını almaq məqsədilə hasilatı dondurmaq barədə saziş imzalayacaqlar. Ancaq danışıqlar bazar günü İran və Səudiyyə arasında fikir ayrılığına görə dalana girib.
Danışıqların müsbət nəticələməməsinin səbəbi kimi Səudiyyə Ərəbistanı ilə İran arasındakı geosiyasi gərginlik göstərilir. Neft istehsalçısı bu iki ölkənin, bazar paylarını artırmaq siyasəti bazarda da ciddi narahatlığa səbəb olub.
Səudiyyə Ərəbistanı özünün neft hasilatını azaltması üçün bütün OPEC və başqa iri ixracatçıların istehsalı azaltmasını istəyir. Söhbət xüsusilə də İrandan gedir. İran isə nəinki istehsalı azaltmayacağı barədə mövqeyini çoxdan bildirmiş, hətta Doha görüşünə qatılmamışdı da.
İran hökuməti bildirib ki, Tehran hasilatın azaldılması və ya dondurulmasına dair heç bir sövdələşmənin tərəfi deyil.
İclasın əvvəlcədən uğursuzluğa məhkum olduğu bilinsə də, onu ləğv etmək istəməyiblər.
Bir sıra ekspertlər bildirirlər ki, buna səbəb neft qiymətlərinin şayiə və ehtimallar üzərində qalxmasıdır.
Əslində son bir neçə həftə ərzində neft qiymətlərinin qalxması Dohada keçirilən bu son görüşlə bağlı idi.
İqtisadiyyatı neft qiymətlərinin aşağı olmasından zərər çəkən ölkələrdən biri elə Səudiyyə Ərəbistanının özüdür, lakin bu ölkə müəyyən siyasi-iqtisadi səbəblərlə neftin yüksək qiymətlərini hələlik istəmir. Hələ Doha görüşündən əvvəl Səudiyyənin neft naziri bildirmişdi ki, onun ölkəsi neft qiymətlərinin 40 dollardan yuxarı qalxmasına yol verməyəcək. Səudiyyə neftin bir barrelinin 40 dollardan çox olmasını ABŞ-ın neft bazarındakı fəallığına son qoymaq məqsədilə istəmir. Digər tərəfdən neftin bir barrelinin 30-35 dollardan az olması da iqtisadiyyatının 90 faizini neft təşkil edən Səudiyyəni qane etmir. Lakin bu görüşün bütün hallarda keçirilməsinin də Səudiyyənin qiymət taktikasına daxil olduğu söylənir.
Bəzi bazar təhlilçiləri bu qənaətdədirlər ki, Doha görüşünün uğursuzluğu neft qiymətlərinin təkrar kəskin enişinə səbəb ola bilər. Ola bilsin, Küveytdə neft sektoru işçilərinin tətili bu enişi bir qədər tormozlasın. Artıq dünya bazarında qiymətlərin enişi barədə də xəbərlər var.
Onu da qeyd edək ki, iclasda neft ixrac edən ölkələrin OPEK təşkilatının əksər üzvləri, habelə Rusiya və Azərbaycanın nümayəndələri də iştirak edirdilər.