"Qətərin paytaxtı Dohada baş tutan görüşdən öncə son anda bəzi iştirakçıların mövqeyini dəyişməsi neft hasilatının dondurulması ilə bağlı razılığın əldə olunmasına əngəl törətdi". "APA-Economics" xəbər verir ki, bu barədə NTV telekanalına müsahibəsində Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Nazir bildirib ki, söhbət Səudiyyə Ərəbistanından və bəzi Fars körfəzi ölkələrindən gedir: "Onlar təklif etdi ki, neft hasilatının dondurulması ilə bağlı təşəbbüsə mütləq şəkildə görüşdə iştirak etməyən ölkələr də qoşulsun. Söhbət İran və Liviyadan gedir".
Novak bildirib ki, Rusiyanın 20 illik neft ehtiyatı qalıb. "Ehtiyatlara gəlincə, onlar mütəmadi olaraq artır. Ötən il biz 534 milyon ton neft hasil etmişik, lakin ehtiyatlarımız 720 milyon ton artıb. Bugünkü hesablamalara görə, bizim 20 illik ehtiyatlarımız qalıb", - deyə nazir qeyd edib.
Xatırladaq ki, ötən gün baş tutan 6 saatlıq görüşdə neft hasilatının "dondurulması" ilə bağlı razılığa gəlmək mümkün olmayıb.