Ermənistan tərəfinin əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq Azərbaycan hərbi qulluqçusunun nəşinin nümayişkarcasına qaytarmaqdan imtina etməsi rəsmi Yerevanın beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə konvensiyası və əlavə protokolların normalarının növbəti kobud pozulmasıdır.
Bunu baki-xeber.com-a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi deyib: "Humanizm dəyərlərindən kənar olan Ermənistan rejimi cəsədləri belə işgəncə, təhqir və fiziki zorakılığa məruz qoyaraq qisas və siyasi möhtəkirlik obyektinə çevirir. Bu kimi zorakılıq əlamətləri son günlərdə geri qaytarılmış hərbi qulluqçuların cəsədlərində də müəyyən edilmişdir. Ermənistanın qeyri-insani əməllərinin nəticəsidir ki, 1991-1994-cü il hərbi əməliyyatlarında əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlı mülki və hərbi şəxs hələ də itkin düşmüş hesab olunur".