İstanbulda dünəndən başlayan İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı başa çatıb. Baki-xeber.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, zirvənin sonunda Fələstinlə bağlı qətnamə, İslam Əməkdaşlıq Təşkilatının 2016-2025-ci illər üçün Fəaliyyət proqramı, Yekun Kommünike və İstanbul Bəyannaməsi qəbul edilib.
Zirvənin yekununda qəbul edilən digər bir bəyanat isə İran üçün əsl sürpriz olub.
İranın etirazına rəğmən qəbul edilən bəyanatda, İranın bölgə ölkələri - Bəhreyn, Yəmən, Suriya və Somali kimi üzv ölkələrin daxili işlərinə müdaxiləsindən və terrora dəstəyini davam etdirməsindən təəssüf edildiyi bildirilir.
Ortaq bəyanatda Livandakı Hizbullah təşkilatı da Suriya, Bəhreyn, Küveyt və Yəməndə terrorçuluq fəaliyyətləri göstərdiyi, Körfəz Ərəb ölkələrində terroru dəstəklədiyi bildirilir və bu hərəkətlər pislənir.
Zirvədən əvvəl mətbuatda yayılmış məlumatlarda, bəyanat layihəsində İranda Səudiyyə Ərəbistanı diplomatik korpuslarına hücumların pislənməsi və İranın başqa ölkələrin daxili işlərinə qarışması ilə əlaqədar maddələrə İran rəsmilərinin etiraz etdiyi bildirilirdi.
"Al Jazeera”nin məlumatına görə, zirvənin sonuna qədər ortaq bəyannamənin bir çox maddəsinin dəyişdirilə biləcəyi nəzərə alınsa da, qaralama mətndə yer alan bəzi maddələr əvvəlcədən gərginliyə səbəb olub. Belə ki, ortaq bəyannamənin layihəsini hazırlayarkən, İranla əlaqədar maddələrə xarici işlər naziri Cavad Zərifin etraz etdiyi bildirilir.
Zirvəyə qatılan İran prezidenti Həsən Ruhani və Səudiyyə Ərəbistanı Kralı Salmanın da yan-yana gəlməməyə çalışdığı da diqqətlərdən yayınmamışdı.