"Azərbaycanlı qardaşlarımızı təxminən 25 ildir, Ermənistan işğalı altında olan torpaqlarının azad edilməsi uğrunda mübarizələrində dəstəkləyirik". APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısının yekunlarına dair mətbuat konfransında deyib.
O, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edib.
"Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı lazımı hüquqi sənədlər var. Problemin həlli üçün daha çox səy göstərilməsi lazımdır. Mən həmsədrlərin bu prosesi yekunlaşdırmamasını anlamıram. Bunun üçün ciddi addımlar atılmalıdır”, - deyə Ərdoğan qeyd edib .
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Zirvə toplantısı başa çatıb. Zirvənin sonunda Fələstinlə bağlı qətnamə, İslam Əməkdaşlıq Təşkilatının 2016-2025-ci illər üçün Fəaliyyət proqramı, Yekun Kommünike və İstanbul Bəyannaməsi qəbul edilib.
Bağlanış nitqi söyləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, şərqdən qərbə, cənubdan şimala bütün İslam aləmində çətinliklərin aşılması üçün vacib olan birlik, bərabərlik və həmrəylikdir.
"Önümüzdəki müddətdə bu anlayış və inamla çalışmalarımızı davam etdirəcəyik. Qarşıdakı 10 il üçün Fəaliyyət proqramı və Bəyannamənin qəbul edilməsi vacibdir və biz işimizi effektivləşdirməliyik. Yekun Bəyannamədə əsas siyasi proseslər, iqtisadi, sosial mövzularda ortaq mövqe nümayiş etdirdik. Eyni zamanda, təşkilat üzvü olmayan ölkələrdəki müsəlman toplumlarla bağlı mövqeyimizi ortaya qoyduq”, - deyə Ərdoğan əlavə edib.