Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. Trend-in məlumatına görə, toplantıda hakim partiyanı bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkisində təmsil edəcək deputatlığa namizədlərinin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: "İclas yaxşı keşdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq".
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə APA-ya açıqlamasında bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib. Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb: "Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.
Xəbər xidməti