Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, “Dağlıq Qarabağ dövlət qurumlarının” Ermənistan Respublikası daxilində fəaliyyətini davam etdirməsinin qarşısını almaq üçün əlindən gələni edəcək. Sentyabrın 16-da parlamentdə keçirilən sual-cavab sessiyası zamanı müxalifətçi deputat Areqa Hovsepyan Paşinyana Dağlıq Qarabağdan olan qaçqınların üzləşdiyi çətinliklər, xüsusilə də mənzil və məşğulluq məsələləri ilə bağlı suallar verib və bir neçə ailənin Dağlıq Qarabağın nümayəndəliyinin binasında məskunlaşmağa məcbur qaldığını qeyd edib. Deputata cavab olaraq Paşinyan bildirib ki, bu yanaşma əslində Qarabağ əhalisinə zərər vurur: "Sizcə, Ermənistanda mənzili olmayan insanlar yoxdurmu? Niyə məhz nümayəndəlik binası? Qoy sizin evinizə gəlsinlər. Bu o deməkdirmi ki, kirayə haqqını ödəməkdə çətinlik çəkən hər kəs istədiyi yerə köçə bilər? Sizin məntiqiniz budurmu? Əgər onlar sizin evinizə gəlsələr, şikayət etməyin". “Artsaxın dövlət qurumları” məsələsinə toxunan Baş nazir vurğulayıb ki, Ermənistan daxilində iki dövlət və ya iki hökumət ola bilməz. "Sizin qeyd etdiyiniz struktur mövcud ola bilməz. O, Ermənistan Respublikasının idarəçiliyi altına keçməlidir. Baş nazir kimi, mən dövlət daxilində ikinci bir dövlətin, yaxud ikinci hökumət və ya parlamentin mövcudluğuna son qoymaq üçün ən sərt tədbirlərə əl atacağam", - deyə Paşinyan bildirib. "Kirayə məsələsinə gəlincə, Ermənistan təkcə İrəvandan və ya onun mərkəzi və Arabkir rayonundan ibarət deyil. Ölkədə boş mənzillərin olduğu onlarla yaşayış məntəqəsi var və biz insanların orada məskunlaşmasına kömək etməyə hazırıq. Biz artıq minlərlə ailəyə yardım etmişik: 8000 ailə sertifikat alıb, 4000 ailə isə ev alıb. Mənzil məsələlərinin həlli üçün 800 milyard dram vəsait ayırmışıq", - deyən Paşinyan, qaçqınların hökumətə məxsus villada yerləşdirilməsi təklifinə cavab olaraq qeyd edib ki, əslən Qarabağdan olan bəzi şəxslər, hətta onlarla evə və otelə sahibdirlər və qoy onlar həmin əmlakları qaçqınlara təhvil versinlər.
SAMİRƏ