Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən sosial şəbəkələrdə yaş yoxlanılması ilə bağlı qanunvericilik dəyişiklikləri Azərbaycanda uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Bu dəyişikliklər sosial şəbəkələrə qadağa qoyulması və ya uşaqların informasiya əldə etmək hüququnun məhdudlaşdırılması məqsədi daşımır. Əsas məqsəd sürətlə dəyişən rəqəmsal dünyada uşaqları onların fiziki, psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcək risklərdən qorumaq, sosial media platformalarından təhlükəsiz istifadə üçün zəruri mexanizmlər formalaşdırmaqdır.
Faktd;r ki, müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu platformalar ünsiyyət, təhsil, yaradıcılıq, məlumat mübadiləsi və özünüifadə baxımından geniş imkanlar yaradır. Bununla yanaşı, kibertəqib, zorakılıq, dezinformasiya, zərərli məzmun, psixoloji asılılıq, şəxsi məlumatların təhlükəsizliyi, alqoritmlərin manipulyativ təsiri və müxtəlif təhlükəli çağırışlar kimi risklər də xüsusilə uşaqlar üçün ciddi narahatlıq doğurur. Elmi araşdırmalar göstərir ki, erkən yaşlarda sosial mediadan nəzarətsiz istifadə uşaqların emosional vəziyyətinə, davranışına, təhsil göstəricilərinə və sosial münasibətlərinə mənfi təsir göstərə bilir. Qanunvericiliyə edilən dəyişikliklər də məhz bu reallıq nəzərə alınaraq hazırlanıb. Yeni tənzimləməyə əsasən, 16 yaşına qədər uşaqların müəyyən ediləcək sosial şəbəkə platformalarında hesab yaratmasına yol verilməyəcək. 16-18 yaş arası yeniyetmələr isə valideynlərinin razılığı və nəzarəti ilə həmin platformalarda qeydiyyatdan keçə biləcəklər. Bu yanaşma uşaqların tamamilə rəqəmsal mühitdən uzaqlaşdırılması deyil, onların yaş xüsusiyyətlərinə uyğun şəkildə qorunması və mərhələli şəkildə rəqəmsal həyata hazırlanması məqsədi daşıyır. Bu baxımdan qanunvericiliyə edilən dəyişiklikləri "sosial şəbəkələrə qadağa", "uşaqların hüquqlarının məhdudlaşdırılması" və ya "uşaqların inkişafına maneə" kimi təqdim etmək doğru yanaşma deyil. Əksinə, söhbət sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılması mexanizminin tətbiqindən və uşaqların zərərli təsirlərdən qorunmasından gedir. Bu mexanizm uşaqların informasiya hüququnu inkar etmir, sadəcə onların yaşına uyğun olmayan rəqəmsal mühitə nəzarətsiz şəkildə daxil olmasının qarşısını almağa xidmət edir. Əslində bu yanaşma hüquqi baxımdan yeni prinsip deyil. Dövlət uzun illərdir uşaqların sağlamlığı və rifahı naminə müxtəlif yaş məhdudiyyətləri tətbiq edir. Uşaqlara siqaret və alkoqollu içkilərin satılması qadağandır, onların pornoqrafik məzmuna çıxışı məhdudlaşdırılır, soyuq silahların əldə edilməsi ilə bağlı yaş tələbləri mövcuddur. Bu məhdudiyyətlər heç vaxt uşaqların hüquqlarının pozulması kimi qiymətləndirilməyib. Əksinə, onlar uşaqların təhlükəsizliyinin təmin edilməsinin vacib elementi hesab olunur. Müasir rəqəmsal dövrdə sosial media platformalarının da eyni yanaşma çərçivəsində tənzimlənməsi tam məntiqli və zəruri addımdır.
Azərbaycan bu istiqamətdə hüquqi bazanı formalaşdırmağa artıq illər əvvəl başlayıb. 2018-ci ildə qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun təmin edilməsi ilə yanaşı, onların zərərli informasiyadan qorunmasının hüquqi əsaslarını müəyyənləşdirib. Hazırkı qanunvericilik dəyişiklikləri həmin siyasətin məntiqi davamı kimi çıxış edir və artıq ən geniş istifadə olunan rəqəmsal platformalarda da uşaqların müdafiəsini təmin etməyə yönəlir. Dövlətin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biri uşaqların hərtərəfli inkişafı üçün təhlükəsiz mühit yaratmaqdır. Sağlam fiziki inkişaf, psixoloji rifah, keyfiyyətli təhsil və təhlükəsiz informasiya mühiti gələcək nəslin formalaşmasının əsas şərtlərindəndir. Rəqəmsal platformalarda yaş yoxlanılması sistemi də məhz bu siyasətin tərkib hissəsi olaraq uşaqların gələcəyinə yönəlmiş uzunmüddətli investisiya kimi qiymətləndirilməlidir. Məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onların bu texnologiyalardan təhlükəsiz və məsuliyyətli istifadə bacarıqlarını formalaşdırmaqdır. Qanunun qəbulundan sonra onun tətbiqi üçün 12 aylıq keçid müddəti nəzərdə tutulub. Bu dövrdə yaş yoxlanılması tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısı müəyyənləşdiriləcək, texniki həllər hazırlanacaq, maarifləndirmə və məlumatlandırma kampaniyaları həyata keçiriləcək, valideynlər, müəllimlər və ictimaiyyət üçün təlimlər təşkil olunacaq. Bu keçid dövrü yeni tənzimləmənin mərhələli, şəffaf və səmərəli şəkildə tətbiqinə imkan verəcək. Qeyd edək ki, Azərbaycan bu sahədə beynəlxalq təcrübədən kənarda hərəkət etmir. Əksinə, dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi son illərin ən aktual qanunvericilik mövzularından birinə çevrilib.
Avstraliya 16 yaşdan kiçik uşaqlar tərəfindən sosial şəbəkələrin istifadəsinə qoyulan qadağaya riayət etmədiklərinə görə texnoloji şirkətlər üçün maksimal cərimə məbləğini ikiqat artırmaq niyyətindədir. Qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, yaş məhdudiyyətlərinin sistematik şəkildə pozulmasına görə maksimal cərimə 49,5 milyon Avstraliya dollarından 99 milyon Avstraliya dollarına (təxminən 68 milyon ABŞ dolları) qədər artırılacaq. Bundan əlavə, hökumət İnternet təhlükəsizliyi məsələləri üzrə komissarın səlahiyyətlərini genişləndirməyi planlaşdırır ki, o, sosial platformalardan 16 yaşdan kiçik istifadəçilərin qeydiyyatının qarşısını almaq üçün görülən tədbirlərin sübutlarını tələb edə bilsin. O, həmçinin yaşın yoxlanılması xidmətlərinin təchizatçıları və tətbiq mağazalarının sahibləri də daxil olmaqla üçüncü tərəflərdən məlumat tələb etmək səlahiyyətinə malik olacaq.
Avstraliyanın baş naziri Entoni Albaneze bildirib ki, tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, iri texnoloji şirkətlər qanuna riayət etmək üçün kifayət qədər iş görmürlər: "Sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddi tətbiq edildikdən sonra müzakirələrin dəyişməsi və müşahidə etdiyimiz qlobal tendensiya mənə ümid verir, lakin aydındır ki, iri texnoloji şirkətlər qanuna riayət etmək üçün kifayət qədər iş görmürlər - sosial şəbəkələrdə hələ də həddindən artıq çox uşaq var". Özbəkistanda 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə girişin qanunvericiliklə məhdudlaşdırılması imkanı nəzərdən keçirilir. Məktəbəqədər və məktəb təhsili naziri Ezozxon Karimova bildirib ki, bu məsələ artıq deputatlar və senatorlarla müzakirə olunub. Hazırda ictimai müzakirəyə çıxarılması planlaşdırılan mümkün qanun layihəsi üzərində iş aparılır. Karimovanın sözlərinə görə, uşaqların smartfonlardan istifadəsini tamamilə aradan qaldırmaq qeyri-mümkündür, lakin onlardan istifadəni tənzimləmək və müvafiq mədəniyyət formalaşdırmaq lazımdır. O xatırladıb ki, məktəblərdə bu qaydalar artıq qüvvədədir və onlara əsasən şagirdlər təhsil müəssisələrinə daxil olmazdan əvvəl mobil telefonlarını təhvil verməlidirlər. Nazir vurğulayıb ki, lakin bu normalara hər yerdə əməl olunmur: "İndi biz bunu daha ciddi nəzarətə götürmək və 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsini qanunvericiliklə məhdudlaşdırmaq istəyirik".
Fransa Avropada yaş məhdudiyyəti tətbiq edən ilk ölkələrdən biri kimi yeni tənzimləmələri qüvvəyə mindirib. Danimarkada 18 yaş həddi ilə bağlı müzakirələr aparılır, İspaniya, ABŞ, İrlandiya və Böyük Britaniya müxtəlif hüquqi mexanizmlər tətbiq edir. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan da sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində qanunvericilik təşəbbüslərini həyata keçirir. Qonşu Qazaxıstan və Özbəkistanda da analoji təşəbbüslər gündəmdədir. Bu fakt göstərir ki, məsələ təkcə bir ölkənin deyil, qlobal miqyasda bütün cəmiyyətlərin qarşılaşdığı ümumi çağırışdır. Dünya liderlərinin mövqeləri də bu tendensiyanı təsdiqləyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media platformalarının uşaqların zehninə mənfi təsirlərindən danışaraq onların nəzarətsiz fəaliyyətinin ciddi problemlər yaratdığını vurğulayıb. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen diqqəti mühüm bir məqama yönəldərək bildirib ki, əsas məsələ gənclərin sosial mediaya çıxışından daha çox, sosial medianın gənclərə nə dərəcədə təsir göstərə bilməsidir. Norveçin baş naziri Jonas Gahr Store uşaqların alqoritmlərin deyil, oyun, dostluq və real həyatın içində böyüməsinin vacibliyini qeyd edib. İspaniyanın baş naziri Pedro Sançez isə real həyatda qanunsuz olan davranışların virtual məkanda da qanuni hesab edilə bilməyəcəyini vurğulayıb. Bu yanaşmalar göstərir ki, rəqəmsal təhlükəsizlik artıq beynəlxalq səviyyədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Məsələnin əhəmiyyəti yalnız uşaqların fərdi təhlükəsizliyi ilə məhdudlaşmır. Burada ailənin sabitliyi, cəmiyyətin sağlam inkişafı və dövlətin gələcəyi ilə bağlı strateji maraqlar da mövcuddur. Psixoloji cəhətdən sağlam, tənqidi düşünmə qabiliyyətinə malik, sosial münasibətləri düzgün quran və rəqəmsal savadlılığı yüksək olan gənc nəslin formalaşması hər bir dövlət üçün mühüm prioritetdir. Sosial şəbəkələrdə yaş yoxlanılması mexanizmi də məhz bu məqsədə xidmət edən kompleks müdafiə sisteminin tərkib hissəsidir. Bunlar fonunda demək olar ki, qəbul edilən qanunvericilik dəyişiklikləri uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların hüquqlarının daha etibarlı şəkildə qorunmasına yönəlmiş müasir tənzimləmə mexanizmidir. Bu dəyişikliklər beynəlxalq təcrübəyə, milli qanunvericiliyə və müasir dövrün çağırışlarına uyğun olaraq hazırlanıb. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların təhlükəsizliyi yalnız ailənin deyil, dövlətin və cəmiyyətin də ortaq məsuliyyətidir. Məhz buna görə sosial şəbəkələrdə yaş yoxlanılması sistemi gələcək nəslin sağlam inkişafı, təhlükəsiz informasiya mühitinin formalaşdırılması və rəqəmsal dövrün risklərinin azaldılması baxımından mühüm və zəruri addım kimi qiymətləndirilməlidir.
Tahir TAĞIYEV